Məhkəmə qərarları › İş №2(017)-1144/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1144/2023

14.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1144/2023 14.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə, Cavabdeh2 Əlövsət qızının iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızına qarşı "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edirək Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızının müvəqqəti istifadəsinə verilmiş Ağcabədi rayonu, 556 ailəlik qəsəbədə yerləşən 9 saylı binanın 19 nömrəli mənzilə dair 06 noyabr 2012-ci il tarixli, B-9 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızının və qeyrilərinin (ailə üzvlərinin) həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 556 saylı qəsəbənin Mənzil Kommunal İstismar sahəsinin mühəndisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Həmçinin Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə orada yaşamayaraq həmin mənzillərdən istifadə etmirlər. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 06 noyabr 2012-ci il tarixli B-9 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Xocavənd rayonundan məcburi köçkünlər Cavabdeh1 və Əliyeva X2 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Ağcabədi rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 556 saylı yeni yaşayış qəsəbəsindəki 9 saylı binada 19 nömrəli 3 otaqlı mənzil ilə təmin edilmişlər. Ağcabədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 556 saylı qəsəbənin Mənzil Kommunal İstismar sahəsinin apardığı araşdırma zamanı Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızının ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qalması müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızının mənzildə yaşamadığı və mənzilin istifadəsiz qalması məlum olmuş, bu barədə onlara mənzilin istifadəsiz qalması qanunsuz olması bildirilmişdir. Bu barədə nəzarətçilər tərəfindən akt tərtib edilmişdir. Cavabdehlərin onlara verilmiş mənzildə yaşamadıqları və mənzilin kənar şəxsə kirayə verildiyi müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barəsində dəfələrlə onlara xəbərdarlıqlar edilmiş, lakin cavabdehlər mənzilin təhvil verilməsindən imtina etmişdirlər. Ona görə də göstərdiklərini nəzərə alaraq Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızının müvəqqəti istifadəsinə verilmiş Ağcabədi rayonu, 556 ailəlik qəsəbədə yerləşən 9 saylı binanın 19 nömrəli mənzilə dair 06 noyabr 2012-ci il tarixli, B-9 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızının və qeyrilərinin (ailə üzvlərinin) həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Əlövsət qızı iddianı qəbul etməyərək izahatında göstərdi ki, Xocavənd rayonundan məcburi köçkün düşdükdən sonra Ağcabədi rayonunda məskunlaşıb yaşamışlar. Yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə Ağcabədi rayonu ərazisində yerləşən və məcburi köçkünlər üçün inşa edilmiş binadan ona və ailə üzvlərinə 3 otaqlı mənzil verilmişdir. Bu barədə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında 06 noyabr 2016-cı il tarixli B-9 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi də bağlanmışdır. Həmin mənzildə özü və ailəsi müvəqqəti qeydiyyatda olmaqla yaşayırlar. Ailə tərkibi 5 nəfərdən, özü, həyat yoldaşı və üç uşağından ibarətdir. Hazırda onların daimi və yeganə yaşayış yerləri hazırkı mübahisəli mənzildir. Başqa yaşayış yerləri yoxdur. Həyat yoldaşı işləmək üçün Rusiya Fedarasiyasına gedib-gəlir. O, isə uşaqları ilə həmin mənzildə yaşayır. Mübahisəli mənzil istifadəsiz qalmamış, kirayəyə verilməmiş və göstərdiyi kimi onların başqa yaşayış yeri olmadığından, hazırda da həmin evdə yaşayırlar. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın rədd edilməsi barıdı qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş Cavabdeh1 heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 06 noyabr 2012-ci il tarixli B-9 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağcabədi rayon Mənzil Kommunal İstismar sahəsi ilə Cavabdeh1 arasında bağlanmış, 06 noyabr 2012-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən sonuncuya, cəmi 5 nəfərdən ibarət ailə üzvlərinə Ağcabədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 556 saylı yeni yaşayış qəsəbəsindəki 9 nömrəli binada, 19 nömrəli mənzil verilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, Ağcabədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 556 saylı yeni yaşayış qəsəbəsindəki 9 saylı binanın 19 nömrəli mənzilinə yoxlama keçirilmiş, yoxlama zamanı mənzilin istifadəsiz olması müəyyən olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Həmin Məcəllənin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cu hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağcabədi rayon Mənzil Kommunal İstismar sahəsi ilə Cavabdeh1 arasında bağlanmış, 06 noyabr 2012-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən sonuncuya və 5 nəfərdən ibarət ailə üzvlərinə Ağcabədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 556 saylı yeni yaşayış qəsəbəsindəki 9 nömrəli binada 19 nömrəli, 3 otaqlı mənzil verilmişdir. Ağcabədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 556 saylı yeni yaşayış qəsəbəsindəki 9 nömrəli binanın 19 nömrəli mənzilinə müxtəlif vaxtlarda Ağcabədi rayon 1 saylı Mənzil Kommunal İstismar sahəsinin mühəndisi və nəzarətçilərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı mənzildə yaşayış olmadığı müəyyən edilmişdir. Bu barədə Ağcabədi rayon 1 saylı Mənzil Kommunal İstismar sahəsinin mühəndisi və nəzarətçilərinin iştirakı ilə akt tərtib olunmuş və iştirakçıların imzası ilə təsdiq edilmişdir. Lakin, tərtib edilmiş aktların məzmunundan göründüyü kimi aktın iştirakçılarını yalnız iddiaçının işçiləri təşkil edir və aktın günün hansı saatında tərtib edilməsi göstərilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmetini təşkil edən münasibətlərlə bağlı sübutlara dair qanunvericiliklə xüsusi tələblər müəyyən edilməsə də, iş üzrə əhəmiyyətli sübutlar təsdiq etdiyi hallara dair mötəbər və obyektiv olmalıdır. İndiki halda isə aktların tərtib edilməsi zamanı cavabdehin iştirakı təmin edilməmiş, iddia edilən kirayə faktına dair nə kirayəçinin, nə də ailə üzvlərinin qeyd və ya təsdiqi olmamışdır. Müvafiq aktların tərtibi zamanı mübahisə predmeti ilə aidiyyəti olmayan üçüncü şəxslər də şahid kimi cəlb edilməmişdir. Göründüyü kimi aktların tərtibi yalnız iddiaçının nümayəndələri ilə məhdudlaşmış, sənədlərdə qeyd olunan hallara dair nə cavabdehin, nə də üçüncü şəxslərin təsdiqi olmamışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə yaşamamaları və kənar şəxslərə kirayəyə verilməsi heç bir mötəbər sübutla təsdiqini tapmamışdır. Cavabdehlərin mübahisəli mənzildə yaşamamaları və kənar şəxslərə kirayəyə verilməsi ilə bağlı tərtib olunmuş aktlar digər sübutlarla təkzib olunmuşdur. İddiaçının gətirdiyi dəlillər və hallar xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia ərizəsi təmin edilməməli, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızına qarşı müvəqqəti istifadəyə verilmiş Ağcabədi rayonu, 556 ailəlik qəsəbədə yerləşən, 9 saylı binanın 19 nömrəli mənzilə dair 06 noyabr 2012-ci il tarixli, B-9 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızının və qeyrilərinin (ailə üzvlərinin) həmin mənzildən çıxarılmaları barədə iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilməsin. İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızına qarşı müvəqqəti istifadəyə verilmiş Ağcabədi rayonu, 556 ailəlik qəsəbədə yerləşən, 9 saylı binanın 19 nömrəli mənzilə dair 06 noyabr 2012-ci il tarixli, B-9 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinə dair kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızının və qeyrilərinin (ailə üzvlərinin) həmin mənzildən çıxarılmaları barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar