Məhkəmə qərarları › İş №2(017)-1231/2023

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1231/2023

11.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1231/2023 11.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Hacıyev Fuad Hacı oğlunun katibliyi ilə Ərizəçi “mirasın qəbul edilməsi vaxtının uzadılması” tələbinə dair ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyən etdim: Ərizəçi “mirasın qəbul edilməsi vaxtının uzadılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə tərtib edilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.1-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün mirasın qəbul edilməsi vaxtının uzadılmasını mübahisələndirir. Azərbaycan Respublikası MPM-nin 25.2-ci maddəsinin tələbinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəyə ümumi əsaslarla iddia icraatı qaydasında mübahisə tərəflərinin (iddiaçı və cavabdehin) iştirakı ilə baxıla bilər. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, ərizənin məhkəmə icraatına götürülməsi qeyri-mümkündür. Göstərilənlərə əsasən məhkəmə ərizənin məhkəmə icraatında baxılmağa götürülməsini mümkün hesab etmir. Məhkəmə əlavə olaraq izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152, 263 və 268-ci maddələrini rəhbər tutub qərara aldım: Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ərizənin qaytarılmasına səbəb olmuş nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar