Məhkəmə qərarları › İş №2(017)-14/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-14/2024

02.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-14/2024 02.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı Ağcabədi şəhəri (Üzeyir Hacıbəyov) ərazisində yerləşən 6,12 ha torpaq sahəsindən çıxarılması və vurulmuş 12000 manat məbləğində pulun (əldən çıxmış fayda) cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, 12 avqust 2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviəsinə əsasən Ağcabədi şəhəri (Üzeyir Hacıbəyov) ərazisində yerləşən 6,12 ha torpaq sahəsini Salman adlı şəxsdən 15000 manata almışdır. Bununla bağlı ona Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 18 avqust 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış da verilmişdir. O, Salman adlı şəxsdən həmin torpaq sahəsini alarkən Salman torpaq sahəsini Cavabdeh icarəyə verdiyini ona demiş və həmçinin torpaq sahəsini ona göstərmişdir. Lakin, həmin vaxt Cavabdeh onların yanında olmamışdır. Həmin torpaq sahəsi onun mülkiyytində olmasına baxmayaraq Cavabdeh tərəfindən 2 ilə yaxındır qanunsuz zəbt edilmiş və cavabdeh tərəfindən istifadə edilir. Həmin torpaq səhəsini Salman ona satarkən, Salmanın çıxarışı məhkəmə qətnaməsi əsasında almasından məlumatı olmamışdır. Dəfələrlə cavabdehə ona məxsus olan torpaq sahəsinin boşaldılmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək ona məxsus olan torpaq sahəsindən çıxmamışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında İddiaçı izahatına uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ona qarşı iddiası əsassızdır. Belə ki, onun istifadəsində olan torpaq sahələrinin iddiaçıya heç bir aidiyyatı yoxdur və iddiaçıya məxsus torpaq sahəsi onun tərəfindən zəbt edilməmişdir. Ağcabədi şəhəri (Üzeyir Hacıbəyov) ərazisində yerləşən və onun istifadəsində olan torpaq sahəsi atası X21 məxsusdur. İstifadəsində olan digər torpaq sahələrini isə icarəyə götürmüşdür. Bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Salman adlı şəxsdən icarəyə torpaq səhəsi götürməmişdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında elan edilmiş Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2-1(086)-91/2018 saylı qərarının surətindən görünür ki, iddiaçı X4 iddiası təmin edilərək JN 0317 saylı dövlət aktı ilə mülkiyyətə verilmiş 6,12 ha torpaq sahəsinə X16, X5, X6, X12, X7, X13, X8, X9 və X14 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə həvalə edilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 12 avqust 2020-ci il tarixli, AN ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviəsindən görünür ki, İddiaçı Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti ərazisində yerləşən ümumi sahəsi 6,12 ha olan torpaq sahəsini X22, X25, X26, X27, X23, X28, X17 və X10 almışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18 avqust 2020-ci il tarixli ********** reyestr nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti ərazisində yerləşən 6,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 17 avqust 2020-ci il tarixli 536169 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, İddiaçı Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti ərazisində yerləşən ümumi sahəsi 6,12 ha olan torpaq sahəsini 12 avqust 2020-ci il tarixli, AN ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmçinin Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti ərazisində yerləşən **********03 reyestr nömrəli torpaq sahəsinin döngə nöqtələri dəqiq göstərilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN 300 saylı, KOD 60801004 olan Torpağa Mülkiyyət Hüququna dair dövlət aktının surətindən görünür ki, Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə X15 və onun ailə üzvlərinin mülkiyyətinə 1,69 ha torpaq sahəsinə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN 753 saylı, KOD 60801004 olan Torpağa Mülkiyyət Hüququna dair dövlət aktının surətindən görünür ki, Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə X1 və onun ailə üzvlərinin mülkiyyətinə 2,12 ha torpaq sahəsinə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN 754 saylı, KOD 60801004 olan Torpağa Mülkiyyət Hüququna dair dövlət aktının surətindən görünür ki, Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə X18 və onun ailə üzvlərinin mülkiyyətinə 2,65 ha torpaq sahəsinə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN 751 saylı, KOD 60801004 olan Torpağa Mülkiyyət Hüququna dair dövlət aktının surətindən görünür ki, Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə X19 və onun ailə üzvlərinin mülkiyyətinə 1,59 ha torpaq sahəsinə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağcabəi rayon, Ü.Hacıbəyov Kolxozu ərazisində yerləşən 1,3441 ha torpaq sahəsi X18 mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 01 yanvar 2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, bu müqavilə X20 ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən 2,12 ha əkin üçün yararlı torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Cavabdeh 7 il müddətinə, hər il hər hektara görə 250 manat ödəmək şərti ilə icarəyə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 01 yanvar 2022-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, bu müqavilə X29 ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən 1,69 ha əkin üçün yararlı torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Cavabdeh 19 il müddətinə, hər il hər hektara görə 250 manat ödəmək şərti ilə icarəyə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 01 yanvar 2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, bu müqavilə X31 ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən 1,59 ha əkin üçün yararlı torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Cavabdeh 6 il müddətinə, hər il hər hektara görə 250 manat ödəmək şərti ilə icarəyə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********03 olan, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti ərazisində yerləşən 6,12 ha torpaq sahəsinin 3,47 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Qeyd olunan 3,47 ha torpaq sahəsinin 3,19 ha hissəsi Cavabdeh ilə 751 və 753 saylı torpaq mülkiyyətçiləri arasında bağlanmış müqavilə əsasında istifadə olunan ərazidir. Qeyd: “Torpaq islahatı” aparılan zamanı tərtib olunmuş kompleks yerquruluşu planı əsasında hazırlanmış 1:2000 miqyasında olan bölgü layihəsində və X11 Uçotu və X2 Nazim Eldar oğlu tərəfindən istifadə olunan 3,47 ha torpaq sahəsinin yerləşdiyi ərazi xüsusi mülkiyyətdə olmaqla 751, 753 və 754 saylı torpaq mülkiyyətçiləri torpaq sahələri kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********03 olan, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən, İddiaçı mülkiyyətinə verilmiş Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti ərazisində yerləşən 6,12 ha torpaq sahəsinin hüdudları ilə Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş JN 754 saylı, KOD 60801004 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd olunan 2,65 ha torpaq sahəsinin 0,28 ha hissəsinin, JN 753 saylı, KOD 60801004 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd olunan 2,12 ha torpaq sahəsinin və JN 751 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd olunan 1,59 ha torpaq sahəsinin 1,07 ha hissəsinin hüdudları üst-üstə düşür. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Ağcabədi şəhəri (Üzeyir Hacıbəyov) ərazisində yerləşən 6,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Bu hal Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18 avqust 2020-ci il tarixli ********** reyestr nömrəli çıxarışla təsdiq olunur. İddiaçı Cavabdeh qarşı Ağcabədi şəhəri (Üzeyir Hacıbəyov) ərazisində yerləşən 6,12 ha torpaq sahəsindən çıxarılması və vurulmuş 12000 manat məbləğində pulun (əldən çıxmış fayda) cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə tədqiqi zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli rəyində Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********03 olan, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti ərazisində yerləşən 6,12 ha torpaq sahəsinin 3,47 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunması, qeyd olunan 3,47 ha torpaq sahəsinin 3,19 ha hissəsi Cavabdeh ilə 751 və 753 saylı torpaq mülkiyyətçiləri arasında bağlanmış müqavilə əsasında istifadə olunan ərazi olması və İddiaçı mülkiyyətinə verilmiş Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti ərazisində yerləşən 6,12 ha torpaq sahəsinin hüdudları ilə Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş JN 754 saylı, KOD 60801004 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd olunan 2,65 ha torpaq sahəsinin 0,28 ha hissəsinin, JN 753 saylı, KOD 60801004 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd olunan 2,12 ha torpaq sahəsinin və JN 751 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd olunan 1,59 ha torpaq sahəsinin 1,07 ha hissəsinin hüdudları üst-üstə düşməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin İİ hissəsinin tələbinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49 və 50-ci maddələrinin İ hissələrinin tələbinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və müvəqqəti istifadə etməkdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qadağan olunur. «İnsan hüquqları və əsas azadlıqlar haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli qərarında «Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi» məhkəmələrə tövsiyyə olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi «Marcks Belçikaya qarşı» işi üzrə 13 iyun 1979-cu il tarixli qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur (§63). Məhkəmə qeyd edir ki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir. Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin 3 üsulunu təsbit etmişdir: mülkiyyət hüququnun tanınması, özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bununla belə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi də hər bir fiziki və hüquqi şəxsin əmlakından maneəsiz istifadə hüququna malik olmasını təsbit edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında məhz bu mövqeydən çıxış edir («Marks Belçikaya qarşı», «Mançini İtaliyaya qarşı», «Loizidu Türkiyəyə qarşı», «Akimova Azərbaycana qarşı» və sair). Mülkiyyətin müdafəsi yalnız iddiaçıya münasibətdə deyil, cavabdehə münasibətdə də nəzərdən keçirilməli, hüquqların məhkəmə müdafiəsinin hüdudları bu qaydada təsbit edilməlidir. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, İddiaçı mülkiyyətinə verilmiş Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti ərazisində yerləşən 6,12 ha torpaq sahəsinin 3,47 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Lakin, qeyd olunan 3,47 ha torpaq sahəsinin də 3,19 ha hissəsi Cavabdeh ilə 751 və 753 saylı torpaq mülkiyyətçiləri arasında bağlanmış müqavilə əsasında Cavabdeh tərəfindən istifadə olunur. Həmçinin İddiaçı mülkiyyətinə verilmiş Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti ərazisində yerləşən 6,12 ha torpaq sahəsinin hüdudları ilə qeyd olunan, yəni Cavabdeh tərəfindən istifadə olunan 3,47 ha torpaq sahəsi Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş JN 754 saylı, KOD 60801004 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd olunan 2,65 ha torpaq sahəsinin 0,28 ha hissəsinin, JN 753 saylı, KOD 60801004 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd olunan 2,12 ha torpaq sahəsinin və JN 751 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd olunan 1,59 ha torpaq sahəsinin 1,07 ha hissəsinin hüdudları üst-üstə düşür. Buradan da göründüyü kimi, İddiaçı mülkiyyətinə verilmiş Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti ərazisində yerləşən 6,12 ha torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməsini göstərsə də, bu hal məhkəmədə öz təsdiqini tapmamışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10- 1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Ağcabədi şəhəri (Üzeyir Hacıbəyov) ərazisində yerləşən 6,12 ha torpaq sahəsindən çıxarılma və vurulmuş 12000 manat ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə iş üzrə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 50 manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (KOD 210005, VÖEN **********, muxbir hesab AZ41NABZ********************) hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı Ağcabədi şəhəri (Üzeyir Hacıbəyov) ərazisində yerləşən 6,12 ha torpaq sahəsindən çıxarılma və vurulmuş 12000 manat ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı əlavə olaraq 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (KOD 210005, VÖEN **********, muxbir hesab AZ41NABZ********************) hesabına ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar