Məhkəmə qərarları › İş №2(017)-142/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-142/2025

10.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-142/2025 10.03.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi X2, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı cavabdehin övladları və əmlakları ilə birlikdə fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən və xüsusi mülkiyyətində olan 0,10 ha torpaq sahəsində yerləşən 100 kv.m-dən ibarət fərdi yaşayış evindən Cavabdeh1 övladları və əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı tərəfin vəsatəti əsasında Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı onun atasıdır. 2004-cü ildə qardaşı X6 ilə Cavabdeh1 el adəti ilə toy edərək evlənmişlər. X4 faktiki nikahlarından xx xxxxx 2005-ci il təvəllüdlü Cavabdeh1 Vüqar qızı və 26 oktyabr 2008-ci il təvəllüdlü X7 anadan olmuşdur. Atası İddiaçı mülkiyyətində 0,29 ha torpaq sahəsi vardır. Atası İddiaçı həmin torpaq sahəsinin təxminən 0,10 ha hissəsində qardaşı Vüqar üçün ev tikdirmişdir. Evin tikilməsində qardaşı Vüqar Mirzəyev və Cavabdeh1 heç bir xərc çəkməmişlər. Ev təxminən 100 kv.m-dən ibratətdir. Evin tikintisi 2008-ci ildə başa çatmış və təxminən 2009-cu ildə Cavabdeh1 övladları ilə birlikdə həmin evə köçmüşdür. Cavabdeh1 sonradan evin bir otaqlı zalını və hamamını təmir etdirmiş, həyətdə yarımçıq tikili tikmişdir. İddiaçı cavabdehin təmirə çəkdiyi xərci ödəmək istəmiş, lakin cavabdehlə aralarında razılığa gəlməmişlər. Belə ki, cavabdeh 25000 manat tələb etmiş, iddiaçı isə 10000 manat vermək istəmişdir. Həmin evdə cavabdeh tərəfindən aparılmış təmir xərcinin 25000 manat olması mümkün deyildir. Ona görə də, göstərdiklərini nəzərə alaraq İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş, Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən 0,29 ha torpaq sahəsinin 0,10 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən 100 kv.mdə ibarət fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı-25 oktyabr 2008-ci il təvəllüdlü X3 əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2004-cü ildə X6 ilə qeyri-rəsmi evlənmişlər. X6 ilə faktiki nikahlarından xx xxxxx 2005-ci il təvəllüdlü X8 və 26 oktyabr 2008-ci il təvəllüdlü X7 anadan olmuşdur. X1 ilə Rusiya Federasiyasında yaşamışlar. Sonradan Azərbaycan Respublikasına qayıtmış və 2005-ci ildə mübahisəli evin bünövrəsi tökülmüşdür. 2008-ci ildən başlayaraq evin tikintisinə başlamışdır. Anasının və qardaşının köməkliyi ilə evi təmir etdirmiş, evin bünövrəsindən təmirinə kimi ümümilikdə 25000 manat pul xərcləmişdir. 2010-cu ildə həmin evə köçmüşdür. Göstərtiyi kimi evin təmirinə 25000 manat pul xərcləmişdir və həmin pul ona ödəniləcəyi təqdirdə evdən çıxmağa etirazı yoxdur. Məhkəmə iclasında cavabdeh X8 iddianı qəbul etməyərək izahatında göstərdi ki, anası Cavabdeh1 evin timirinə 25000 manat pul xərcləmişdir və həmin xərc ödənildiyi halda evdən çıxmağa etiraz etmir. İşdə olan və məhkəmə iclasında elan olunmuş Torpağın Mülkiyyətə Verilməsinə dair JN 118A, KOD 60811018 Şəhadətnamədən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Ağcabədi rayonu Muğanlı kəndində yerləşən 0.29 ha torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş AA ******* seryiyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 25 oktyabr 2008-ci ildə anadan olmuşdur. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələrə Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marksın Belçikaya qarşı” işində şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir”. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilən mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Yuxarıda qeyd olunan Konstitusiya normalarını özündə ehtiva edən və onu daha da inkişaf etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi mülkiyyət hüququnun tanınması və müdafiə olunması üçün hüquqi mexanizmləri, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərini müəyyənləşdirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 153.3-cü maddəyə görə isə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Torpağın Mülkiyyətə Verilməsinə dair JN 118A, KOD 60811018 Şəhadətnaməsinə əsasən İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən 0,29 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin təxminən 0,10 ha hissəsi ayrılaraq orada 100 kv.m sahədən ibarət fərdi yaşayış evi İddiaçı tərəfindən tikilmişdir. Hazırda həmin evdə cavabdehlər yaşayırlar və bu hal İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsindən istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və üzərində sərəncam vermək hüquqlarını kobud surətdə pozur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək JN-118 A, KOD 60811018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağcabədi rayon Aaqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş, Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən 0,29 ha torpaq sahəsinin 0,10 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən 100 kv.m-də ibarət fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı-25 oktyabr 2008-ci il təvəllüdlü X5 əmlakları ilə birlikdə çıxarılmalıdırlar. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. JN-118 A, KOD 60811018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağcabədi rayon Aaqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş, Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən 0,29 ha torpaq sahəsinin 0,10 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən 100 kv.m-də ibarət fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı-25 oktyabr 2008-ci il təvəllüdlü X5 əmlakları ilə birlikdə çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar