Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1541/2023 31.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, istifadə hüququna xitam verilməsi, tikililərin sökülməsi, torpağın əvvəlki vəziyyətə gətirilməsi, icarə haqqının ödənilməsi, hesablama günündən başlayaraq hər gün üçün 0,2 faiz dayanıqsızlıq haqqının alınıb verilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, istifadə hüququna xitam verilməsi, tikililərin sökülməsi, torpağın əvvəlki vəziyyətə gətirilməsi, icarə haqqının ödənilməsi, hesablama günündən başlayaraq hər gün üçün 0,2 faiz dayanıqsızlıq haqqının alınıb verilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək verdiyi izahatında göstərdi ki, Ağcabədi rayonunun inzibati ərazisində yerləşən 102 saylı “Xantəpə” adlı qış otlaq sahəsindən İddiaçı başçısının xx.xx.2011-ci il tarixli 52 saylı sərəncamı ilə Cavabdeh 40 ha qış otlaq sahəsi icarə qaydasında verilmişdir. Bununla əlaqədar həmin sərəncam əsasında tərəflər arasında xx.xx.2011-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmışdır. İddiaçı aparatının məsul şəxsləri, Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi İdarəsinin mütəxəssisi və X5 İnkişaf Mərkəzinin əməkdaşları ilə birgə Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 saylı qərarı ilə təsdiq edilmiş örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydalarının və digər hüquqi-normativ aktların tələbinə uyğun olaraq Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid olan qış otlaq sahələrində fiziki və hüquqi şəxslərin icarəsinə verilmiş qış otlaq sahələrinin istifadə vəziyyəti yoxlanılan zaman müəyyən olunmuşdur ki, İddiaçı başçısının xx.xx.2011ci il tarixli 52 saylı sərəncamı ilə Cavabdeh “Xantəpə” adlanan 102 saylı qış otlağından qoyunçuluğun inkişafı məqsədi ilə icarəsinə verilmiş 40 ha qış otlaq sahəsinin təyinatı özbaşına dəyişdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 saylı qərarı ilə təsdiq edilmiş örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydalarının və digər hüquqi-normativ aktların tələbinə uyğun olaraq cavabdehin icarəyə götürdüyü qış otlağının ümumi sahəsinin 3 faizdən çox olmayan hissəsini yaşıl yem üçün xəsil əkməli olduğu halda yuxarıda qeyd olunan qaydaların tələblərini kobud surətdə pozaraq ərazidə özbaşına əkin apararaq taxıl, soğan və digər kənd təsərrüfatı bitkilərini əkərək torpaqdan təyinatına görə istifadə qaydalarını kobud surətdə pozmuş, torpağın üst münbit qatını məhv edərək qanunsuz olaraq mişar daşından 250 kv.m çoban evi və heyvanların saxlanması üçün tövlə tikmişdir. Bundan başqa cavabdeh onunla bağlanmış icarə müqaviləsinin şərtlərinə görə icarə haqqını hər il üçün hər rübün axırıncı ayının 25-dən gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilədə nəzərdə tutulmuşdur ki, göstərilmiş müddətdə icarəçi icarə haqqını ödəməzsə hesablama günündən başlayaraq hər gün üçün 0,2 faiz dayanıqsızlıq ödəməlidir. Lakin xx.xx.2011-ci il tarixdən xx.xx.2023-cü il tarixədək keçən müddət üçün 1094 manat məbləğində icarə haqqını ödəməyərək, davamlı olaraq 12 il müddətinə müqavilədən irəli gələn öhdəlikləri pozmaqda davam etmişdir. Bir il üçün 1 ha torpaq sahəsinin icarə haqqı 2 manat 28 qəpik təşkil edir. İcarə haqqı verilməyən müddət 12 il hesablanmışdır. 2,28 manat x 40 ha x 12 il = 1094 manat təşkil edir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öz qanunsuz əməllərini davam etdirmişdir. Bununla əlaqədar cavabdehə xx.xx.2023-cü il tarixdə rəsmi xəbərdarlıq məktubu göndərilmişdir. Bundan başqa Cavabdeh İddiaçı başçısının xx.xx.2011-ci il tarixli 52 saylı sərəncamı əsasında Ağcabədi rayonunun inzibati ərazisində yerləşən 102 saylı “Xantəpə” adlı qış otlaq sahəsindən icarə qaydasında istifadəsinə verilmiş 40 ha torpaq sahəsində aparılan monitorinq nəticəsində onun həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyi, ərazidə qanunsuz əkin və tikinti işləri apardığı üçün İddiaçı başçısının xx.xx.2023-cü il tarixli 159 saylı sərəncamına əsasən RİHB-nın xx.xx.2011-ci il tarixli 52 saylı sərəncamı ləğv edilmişdir. Cavabdeh icarəyə götürdüyü qış otlaq sahəsindən qanunvericiliyə riayət etmədən, otlağın kateqoriyasının dəyişdirilməsinə və otlağın üst münbit qatının, bitki örtüyünün məhv edilməsinə şərait yaratdığına, torpaqdan məqsədli təyinat üzrə istifadə etmədiyinə, torpaq vergisini uzun müddət ödəmədiyinə və özbaşına tikililər tikdiyinə görə onunla bağlanmış icarə müqaviləsi ləğv edilməli və torpaq üzərində istifadə hüquqlarına xitam verilərək torpaqdan çıxarılmalıdır. Qeyd olunanlara əsasən İddiaçı başçısının xx.xx.2011-ci il tarixli 52 saylı sərəncamı əsasında Cavabdeh verilmiş, torpaqdan istifadə hüququna dair icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, torpaq üzərində tikilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi, ödənilməmiş qalan 1094 manat icarə haqqı da daxil olmaqla hesablama günündən başlayaraq hər gün üçün 0,2 faiz dayanıqsızlıq icarə haqqının dövlət büdcəsinə ödənilməsi və torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək məhkəməyə verdiyi izahatında göstərdi ki, İddiaçı başçısının xx.xx.2011-ci il tarixli 52 saylı sərəncamı ilə Ağcabədi rayonu inzibati ərazisində yerləşən 102 saylı “Xantəpə” adlı qış otlaq sahəsindən 40 ha qış otlaq sahəsi 15 il müddətə icarə qaydasında ona verilmişdir. Həmin sərəncam əsasında İcra Hakimiyyəti ilə onun arasında xx.xx.2011ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmışdır. xx.xx.2011-ci il tarixdən bu günədək örüş-otlaq torpaq sahəsi onun tərəfindən istifadə olunmuşdur. Dəfələrlə icarə haqqının ödənilməsi ilə əlaqədar İddiaçınə müraciət etmiş, ödəniş etmək üçün ona bank hesab nömrəsi verilməmişdir. Bu səbəbdən də icarə haqqını ödəyə bilməmişdir. Onun tərəfindən icarə müqaviləsinin şərtlərinə əməl olunmuşdur. İcarəyə götürdüyü torpaq sahəsində heyvandarlıqla məşğul olur, cəmi 3 ha hissəsində pambıq əkmiş, heyvanların saxlanması üçün tövlə və çoban evi tikmişdir. Pambıq əkməsi ilə bağlı heç kimdən razılıq almamışdır. İcarə müqaviləsinin müddətinin bitməsinə hələ bir neçə il qalmışdır. Həmin müddətə qədər icarə müqaviləsi onunla davam etdirilməlidir. Ona görə də iddianın təmin edilməməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh vəkili Vəkil da iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar iştirak edə bilmədiyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməməsinin səbəblərini üzrlü hesab etmir və hesab edir ki, cavabdehin məqsədi icraatı qəsdən yubatmaqdır. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları hüquqi cəhətdən qiymətləndirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı başçısının xx.xx.2011-ci il tarixli 52 saylı sərəncamının surətindən görünür ki, Ağcabədi rayonunun inzibati ərazisində yerləşən 102 saylı “Xantəpə” adlı qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədi ilə Cavabdeh 40 ha qış otlaq sahəsi 15 il müddətinə icarə qaydasında verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2011-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış, İddiaçı başçısının xx.xx.2011-ci il tarixli 52 saylı sərəncamı əsasında 40 ha örüş-otlaq torpaq sahəsi 15 il müddətinə Cavabdeh istifadəsinə verilmişdir. Mülki işin materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı başçısının xx.xx.2011-ci il tarixli 52 saylı sərəncamı ilə 40 ha dövlət fonduna aid qış otlaq sahəsi 15 il müddətinə Cavabdeh icarəsinə verilmişdir. Cavabdeh həmin torpaq sahəsində qanunvericiliyin tələblərini pozaraq, torpağın təyinatını özbaşına dəyişməklə qanunsuz əkin işləri aparmışdır. Odur ki, həmin qış otlaq sahəsini 10 gün müddətinə boşaldaraq, torpağı əvvəlki vəziyyətinə qaytarmaqla İddiaçı başçısı aparatının Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə məlumat verməsi tövsiyə olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı başçısının xx.xx.2023-cü il tarixli 159 saylı sərəncamının surətindən görünür ki, Cavabdeh İddiaçı başçısının xx.xx.2011-ci il tarixli 52 saylı sərəncamı əsasında rayonunun inzibati ərazisində yerləşən 102 saylı “Xantəpə” adlı qış otlaq sahəsindən icarə qaydasında istifadəyə verilmiş 40 ha torpaq sahəsində aparılan monitorinq nəticəsində onun həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyi, ərazidə qanunsuz əkin və tikinti işləri apardığı nəzərə alınmaqla rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 52 saylı sərəncamı ləğv edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 10-cu maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaqların hüquqi rejimi - torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. Həmin Məcəllənin 16-cı maddəsinin 1 və 6-cı bəndlərinə əsasən yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları dövlət mülkiyyətində olan torpaqlara daxildir. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzrlü səbəb olmadan 1 il ödənilmədikdə. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək; torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-memarlıq, tikinti, sanitariyagigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirmək; torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etmək; torpaq vergisini və ya icarə haqqını vaxtında ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.1 və 241.2-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Həmin Məcəllənin 706.3-cü maddəsinə əsasən torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Həmin Məcəllənin 706.4-cü maddəsinə əsasən torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin notariat qaydasında bağlanmasından, eləcə də müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Eyni zamanda, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilmir. Halbuki dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Belə ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyətinin orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı qərarının 16-cı bəndində göstərilir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara hüquqları qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olundu ki, İddiaçı başçısının xx.xx.2011-ci il tarixli 52 saylı sərəncamına əsasən Ağcabədi rayonunun inzibati ərazisində yerləşən 102 saylı “Xantəpə” adlı qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədi ilə Cavabdeh 40 ha qış otlaq sahəsi 15 il müddətinə icarə qaydasında verilmişdir. İddiaçı ilə Cavabdeh arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2011-ci il tarixli müqavilə bağlanmış, İddiaçı başçısının xx.xx.2011-ci il tarixli 52 saylı sərəncamı əsasında 40 ha örüş-otlaq torpaq sahəsi 15 il müddətinə Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh həmin torpaq sahəsində qanunvericiliyin tələblərini pozaraq, torpağın təyinatını özbaşına dəyişməklə qanunsuz əkin və tikinti işləri aparmış, keçən müddət ərzində icarə haqqını ödəməmiş, həmin qış otlaq sahəsini 10 gün müddətinə boşaldaraq, torpağı əvvəlki vəziyyətinə qaytarmaqla İddiaçı başçısı aparatının Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə məlumat verməsi tövsiyə olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq olunmuşdur. İddiaçı başçısının xx.xx.2023-cü il tarixli 159 saylı sərəncamına əsasən İddiaçı başçısının xx.xx.2011-ci il tarixli 52 saylı sərəncamı ləğv edilmişdir. Cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsini hazırda da istifadə etdiyini, əkin əkdiyini, torpaq sahəsində tövlə və çoban evi tikdiyini, icarə haqqını ödəmədiyini etiraf etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan iddiasının hesablama günündən başlayaraq hər gün üçün 0,2 faiz dayanıqsızlıq haqqının alınıb verilməsinə dair hissəsində, iddiaçı həmin halları təsdiq edən mötəbər sübut növünü və həmin tələbin hesablanmasına dair hesabatı məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, istifadə hüququna xitam verilməsi, tikililərin sökülməsi, torpağın əvvəlki vəziyyətə gətirilməsi, icarə haqqının ödənilməsi, hesablama günündən başlayaraq hər gün üçün 0,2 faiz dayanıqsızlıq haqqının alınıb verilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası qismən qanuni və əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli icarə müqaviləsi ləğv edilsin; Cavabdeh torpaq sahəsi üzərində istifadə hüququna xitam verilsin; Cavabdeh hesabına torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilsin və üzərində tikilmiş qanunsuz tikililər sökülsün; 1094 manat icarə haqqı Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin; Cəlilov X1 rayonunun inzibati ərazisində yerləşən 102 saylı “Xantəpə” adlı 40 ha qış otlaq sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1541/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1541/2023
31.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver