Məhkəmə qərarları › İş №2(017)-1549/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1549/2024

09.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1549/2024 09.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmənin iclas katibi Bayramov Hüseyn Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı azyaşlı uşaqları ilə birlikdə Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sahibliyində olan fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı Cavabdeh1 ilə 2012-ci ildə rəsmi nikaha girməklə ailə qurmuşlar. İddiaçı Cavabdeh1 ilə ailə həyatı qurarkən iddiaçının qaynanası- Cavabdeh2 Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və özünün cehiz əşyalarını həmin evdə yerləşdirməklə yaşamışdır və həmçinin iddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin evdə qeydiyyatdadırlar. İddiaçı ilə Cavabdeh1 birgə nikahlarından 13 sentyabr 2014-cü il təvəllüdlü X2, 15 fevral 2016-cı il təvəllüdlü X5 və 31 avqust 2023-cü il təvəllüdlü X3 adlı üç nəfər uşaqları anadan olmuşdur. İddiaçı ilə Cavabdeh1 münasibətləri pisləşmiş və buna görə də ayrılmışlar. Cavabdeh2 evin ona məxsus olmasını, Cavabdeh1 isə iddiaçı ilə yaşamaq istəmədiyini deyərək, iddiaçı və uşaqları yaşadığı evə buraxmamışlar və İddiaçı hazırda uşaqları ilə birlikdə atası evində yaşayır. Evdən çıxarkən iddiaçıya məxsus bütün əmlaklar cavabdehlərin sahibliyində olan evdə qalmışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş elan edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 13 sentyabr 2014-cü il tarixdə, X6 15 fevral 2016-cı il tarixdə, X3 31 avqust 2023-cü il tarixdə anadan olmuşlar və onların atası Cavabdeh1, anası İddiaçı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon İHB-nın Rəncbərlər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 mart 2024-cü il tarixli, 72 saylı arayışdan görünür ki, Mamedova X4 rayonu Rəncbərlər kəndində qeydiyyatdadır. İşdə olan və məhkəmə iclasında elan edilmiş elan edilmiş Ağcabədi rayon İHB-nın Rəncbərlər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 may 2024-cü il tarixli, 172 saylı arayışdan görünür ki, mərhum X1 məxsus fərdi yaşayış evi, 04 nömrəli təsərrüfat başına kitabın 20-21-ci səhifələrində 254 nömrəli şəxsi koda əsasən təsərrüfat başçısı Cavabdeh2 qeyd olunmuşdur və Cavabdeh1, İddiaçı, X2, X5 və X3 həmin evdə qeydiyyatdadırlar. İşdə olan və məhkəmə iclasında elan edilmiş elan edilmiş Ağcabədi rayon İHB-nın Rəncbərlər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 sentyabr 2024-cü il tarixli, 246 saylı arayışdan görünür ki, mərhum X1 məxsus fərdi yaşayış evi, 04 nömrəli təsərrüfat başına kitabın 20-21-ci səhifələrində 254 nömrəli şəxsi koda əsasən 4 otaqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh1 ilə 2012-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. İddiaçı Cavabdeh1 ilə evlənib ailə həyatı qurarkən digər Cavabdeh2 Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və özünün cehiz əşyalarını həmin evdə yerləşdirməklə orada yaşamışdır və həmçinin iddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin evdə qeydiyyatdadırlar. İddiaçı ilə Cavabdeh1 birgə nikahlarından 13 sentyabr 2014-cü il təvəllüdlü X2, 15 fevral 2016-cı il təvəllüdlü X5 və 31 avqust 2023-cü il təvəllüdlü X3 adlı üç nəfər uşaqları anadan olmuşdur. İddiaçı ilə Cavabdeh1 münasibətləri pisləşmiş və onlar ayrılmışlar. Hazırda iddiaçının köçmək istədiyi ev Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşməklə 4 otaqdab ibarətdir və cavabdehlərin sahibliyindədir. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İşin göstərilən bu halları işdə iştirak edən şəxsin izahatı və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına görə 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mübahisəli ev üzərində hər hansı bir şəxsin, o cümlədən cavabdehlərin mülkiyyət hüququ tanınmadığından, habelə ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən və bu səbəbdən onun barəsində notarial qaydada əqdin bağlanması mümkün olmadığından, həmin münasibətlər 2001-ci il sentyabrın 1-dən sonra yaranmış olsa da, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələri ilə tənzimlənmir. Buna görə də məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11-ci maddəsinə əsasən qanunun analogiyası üzrə oxşar münasibətləri tənzimləyən 2009-cu ilin oktyabrın 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.1982-ci il) normaları tətbiq edilməlidir. Həmin Mənzil Məcəlləsinin 52-ci maddəsində qeyd olunmuşdur ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Otağın bir hissəsi və ya digər otaqla qapısı bir olan otaq (təcrid olunmayan iç-içə otaqlar), habelə yardımçı sahələr (mətbəx, dəhliz və i.a.) icarə müqaviləsinin müstəqil predmeti ola bilməz Həmin Məcəllənin 53-cü maddəsində qeyd olunmuşdur ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrufat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsində birinci və üçüncü hissələrində göstərilmişdir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valıdeynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdirlər. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər sürətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürülməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur: “Hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə isə 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin tələbinə görə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanunamüvafiq baxırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Məhkəmə işin göstərilən hallarını nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə hesab edir ki, İddiaçı 13 sentyabr 2014-cü il təvəllüdlü X2, 15 fevral 2016-cı il təvəllüdlü X5 və 31 avqust 2023-cü il təvəllüdlü X3 adlı üç nəfər uşaqları ilə birlikdə Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sahibliyində olan dörd otaqdan ibarət fərdi yaşayış evinə köçürülmələri tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunaraq İddiaçı 13 sentyabr 2014-cü il təvəllüdlü X2, 15 fevral 2016-cı il təvəllüdlü X5 və 31 avqust 2023-cü il təvəllüdlü X3 adlı üç nəfər uşaqları ilə birlikdə Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sahibliyində olan 4 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. İddiaçı 13 sentyabr 2014-cü il təvəllüdlü X2, 15 fevral 2016-cı il təvəllüdlü X5 və 31 avqust 2023-cü il təvəllüdlü X3 adlı üç nəfər uşaqları ilə birlikdə Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sahibliyində olan 4 otaqdan ibarət fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən bir ay müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar