Məhkəmə qərarları › İş №2(017)-1552/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1552/2023

07.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1552/2023 07.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Şamxal Yəhya oğlunun katibliyi, İddiaçı və vəkili X2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə (5 nəfərə) Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisindən 4,92 ha torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair adlarına JN 234 kod 60801018 nömrəli Dövlət aktı verilmişdir. 2006-cı ildən cavabdeh ona və ailəsinə məxsus torpağı zəbt edərək istifadə edir. Onlar torpaqlarından öz istədiyi kimi istifadə edə bilmirlər. Dəfələrlə xəbərdarlı etsə də cavabdeh torpağı ona qaytarmaqdan imtina etmişdir. Ona görə də cavabdeh Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən onun və ailəsinin mülkiyyətinə verilmiş 4,92 ha torpaq sahəsinin 3,74 ha hissəsindən çıxarılmalı və ona vurulmuş 83200 manat maddi ziyan cavabdehdən alınaraq ona verilməlidir. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək vermiş olduğu izahatında göstərdi ki, İddiaçı ona qarşı “torpaq sahəsindən çıxarılma və maddi ziyanın ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Hazırkı mübahisəli torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Mübahisəli torpaq sahəsinin iddiaçıya və ailə üzvlərinə verilməsinə dair JN 234 kod 60801018 nömrəli Dövlət aktı Ağcabədi Rayon Məhkəməsinin 22 avqust 2003-cü il tarixli qətnaməsinə əsasən etibarsız hesab edilmişdir. İddiaçının iddiası qanunsuz və əsasızdır. Ona görə də İddiaçı ona qarşı “torpaq sahəsindən çıxarılma və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdə olan sübutlara məcmuu halında qiymət verərək hesab edir ki, iddia qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN 234 kod 60801018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktının surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinə (cəmi 5 nəfərə) Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisindən 4,92 ha torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair adlarına JN 234 kod 60801018 nömrəli Dövlət aktı tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 22 avqust 2003-cü il tarixli qətnamənin surətindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin (sədrlik edən M.D.Əkbərov) Ağcabədi Rayon Məhkəməsinin 22 avqust 2003-cü il tarixli qətnaməsinə əsasən İddiaçı və onun ailə üzvlərinin adına olan JN 234 kod 60801018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı etibarsız hesab edilmişdir. Həmin işə İddiaçı iştirakı ilə baxılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırkı mübahisəli torpaq sahəsi ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Mübahisəli torpaq sahəsi ilə əlaqədar Ağcabədi Rayon Məhkəməsinin 22 avqust 2003-cü il tarixli qətnaməsinə əsasən İddiaçı və onun ailə üzvlərinin adına olan JN 234 kod 60801018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı etibarsız hesab edilmişdir. Həmin işə İddiaçı iştirakı ilə baxılmışdır. Mübahisəli torpaq sahəsinin iddiaçı ilə hər hansı bir bağlılığı yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1,2 və 3-cü bəndlərində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Yuxarıda qeyd olunan qanunun normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməsi barədə nəticəyə gəlmək üçün əsas verən lazımi sübutlarla təmin olunmamışdır. Bununla əlaqədar, iddiaçının göstərdiyi hallar digər sübutlarla təsdiqini tapmamışdır. Ona görə də məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar