Məhkəmə qərarları › İş №2(017)-1649/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1649/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1649/2023 16.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 və iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X5 qarşı borcla əlaqədar pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X2 elektrik enerjisinin istehlakına görə 3683,41 manat borcun və ödənilmiş 57,24 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edilən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, Ağcabədi şəhəri, 20 Yanvar küçəsi ev 21-də yaşayan abonent kodu **********02054 olan, cavabdehlərin elektrik enerjisindən istifadəyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 3683,41 manat borcu yaranmışdır. Abunə kodu cavabdeh X3 adına olsa da Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının bir tipli 01 may 2023-cü il tarixli, 652018 nömrəli müqavilə Cavabdeh1 ilə bağlanmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müxtəlif bəhanələr gətirərək 3683,41 manat borcu ödəməkdən yayınmışlar. Ona görə də cavabdehlər Cavabdeh1 və X2 elektrik enerjisinin istehlakına görə 3683,41 manat borcun və 57,24 manat məbləğində dövlət rüsumunun alınıb "xxxx" ASC-nin xeyrinə ödənilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək və sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin abunə haqqında bildirişindən görünür ki, abunə kodu **********02054 olan istehlakçının iddiaçı "xxxx" ASC-yə 3673,07 manat borcu vardır. Belə ki, istehlakçının abunə haqqı üzrə limitə qədər sərfiyatı 3428,91 manat, limitdən artıq sərfiyatı 2450,71 manat olmaqla, ümumi məbləğ 5879,62 manat olmuş, həmin məbləğdən istehlakçının etdiyi ödəniş, yəni 1220 manat və inteqrasiya dövrü borcu 986,55 manat çıxıldıqdan sonra qalıq borc, yəni 3428,91+2450,71=5879,62- (1220+986,55)=3673,07 manat təşkil edir. İşdə olan "xxxx" ASC-nin Enerji Satış Departamentinin 19 may 2023-cü il tarixli pretenziyadan görünür ki, Ağcabədi şəhəri 20 Yanvar küçəsi ev 21-də yaşayan (kodu **********02054 olan abonent adı ilə "xxxx" ASC-də qeydiyyata alınmış) cavabdehlər Cavabdeh1 və X3 elektrik enerjisindən istifadəyə görə 19 may 2023-cü il tarixə "xxxx" ASC-yə olan borcu 3683,41 manat təşkil edir. İşdə olan Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının bir tipli 01 may 2023-cü il tarixli, 652018 nömrəli müqavilədən görünür ki, bu müqavilə "xxxx" ASCnin enerji təchizatı müəssisəsi ilə kodu **********02054 olan abonent adı ilə qeydiyyata alınmış, Ağcabədi şəhəri 20 Yanvar küçəsi ev 21-də yaşayan Cavabdeh1 arasında elektrik enerjisinin alqı-satqı ilə əlaqədar bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materialları araşdırılarkən müəyyən olundu ki, Ağcabədi şəhəri 20 Yanvar küçəsi ev 21-də yaşayan, abonent kodu **********02054 olan istehlakçının elektrik enerjisindən istifadəyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 3673,07 manat borcu yaranmış, lakin həmin borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər 3673,07 manat borcu ödəməkdən yayınmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 57,24 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 57,24 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh1 elektrik enerjisinin istehlakına görə 3673,07 manat məbləğində borc və ödənilmiş 57,24 manat dövlət rüsumu məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. X1 aid hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Belə ki, abunə kodu Akif Cəfərovun adına olsa da Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının bir tipli 01 may 2023-cü il tarixli, 652018 nömrəli müqavilə "xxxx" ASC-nin enerji təchizatı müəssisəsi ilə kodu **********02054 olan abonent adı ilə qeydiyyata alınmış, Ağcabədi şəhəri 20 Yanvar küçəsi ev 21-də yaşayan Cavabdeh1 arasında elektrik enerjisinin alqı-satqı ilə əlaqədar bağlanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 elektrik enerjisinin istehlakına görə 3673,07 manat məbləğində borc və ödənilmiş 57,24 manat dövlət rüsumu məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar