Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1674/2024 24.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, tikililərin boşaldılaraq təhvil verilməsi, 3 fazalı elektrik sayğacının bazarın istifadəsinə verilməsi, cavabdehlər tərəfindən yığılan və iddiaçıya çatmalı olan icarə haqqının alınması, artıq ödənilmiş pulun alınması, tikintinin rəsmiləşdirilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, tikililərin boşaldılaraq təhvil verilməsi, 3 fazalı elektrik sayğacının bazarın istifadəsinə verilməsi, cavabdehlər tərəfindən yığılan və iddiaçıya çatmalı olan icarə haqqının alınması, artıq ödənilmiş pulun alınması, tikintinin rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində Ağdam-Ağcabədi magistral yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti üçün ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarının yerləşdiyi tam xüsusi mülkiyyətində olan 0,265 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və mülkiyyətində olan həmin torpaq sahəsinin üzərindəki kənd təsərrüfatı məhsullarının satışı bazarı tikintilərinin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi, 3 fazalı elektrik sayğacının bazarın istifadəsinə verilməsinin cavabdehlər tərəfindən təmin olunması, ona məxsus bazardan 26 ay ərzində hər ay 1000 manat olmaqla, cavabdehlər tərəfindən yığılan və ona çatmalı icarə haqqı, cəmi 26000 manat pulun cavabdehlərdən alınıb ona verilməsi, tərəflər arasında bağlanılmış müqavilədə göstərilmiş ona verilməli olan 3690 kv.m torpaq sahəsinin faktiki olaraq 0,104 ha az olmasına görə, onun tərəfindən ödənilmiş 150000 manat puldan 20000 manat pulun Cavabdeh1 alınıb ona verilməsi, mülkiyyətində olan torpaq sahəsinin üzərindəki ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarının tikintisinin onun adına rəsmiləşdirilməsinin Cavabdeh1 tərəfindən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində Ağdam-Ağcabədi magistral yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti üçün ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarı tikintisinə ayrılmış 0,265 ha torpaq sahəsi xüsusi mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı daşınmaz əmlakın Dövlət Reyestrin 123 nömrəli reyestr kitabının 80 nömrəli vərəqəsində ********** nömrə ilə qeydiyyata alınmışdır. Həmçinin, Cavabdeh1 ilə onun arasında bağlanılmış və notariat qaydasında təsdiq olunmuş 10 may 2022-ci il tarixli müqaviləyə əsasən həmin torpaq sahəsində olan Cavabdeh1 məxsus kənd təsərrüfatı məhsullarının satışı bazarı tikintisini 150000 (bir yüz əlli min) manata ona satılması barədə razılığa gələrək qeyd olunan əmlakı adına keçirilməsi məqsədilə razılaşdırılmış, qeyd olunan məbləğ onun tərəfindən Cavabdeh1 verilib. Müqavilənin şərtlərinə əsasən iddiaçı 150000 (bir yüz əlli min) manat pulu notariusun "xxxx" ASC-də olan depozit hesabı vasitəsi ilə Cavabdeh1 ödəmişdir. Həmçinin, müqaviləyə görə cavabdeh torpaq sahəsini və üzərindəki tikintini alğı-satqı müqaviləsi üçün lazımi sənədləri toplamağı, topladıqdan sonra Ağdam-Ağcabədi magistral yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti üçün ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarının tikintisinə 3690 kv.m. torpaq sahəsini və üzərindəki tikintinin onun adına rəsmiləşdirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirib qeyd olunan məbləği cavabdehə ödəsə də, müqavilə bağlanılan vaxtdan uzun müddət kecməsinə və dəfələrlə tələb etməsinə baxmayaraq Cavabdeh1 üzərinə düşən öhdəliyin heç birini yerinə yetirməmişdir. Cavabdeh bazarı tikintisi ilə birlikdə ona təhvil verməyə borclu olmasına baxmayaraq, bu günə kimi bazarı boşaldıb təhvil verməmişdir. Odur ki, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır və cavabdehlər dərhal mülkiyyətində olan torpaq sahəsi və bazardan çıxarılmaqla, torpaq sahəsi və bazar tikililəri birlikdə ona təhvil verilməlidir. İşin qeyd olunan halları qeyd olunan torpaq sahəsinin tam olaraq xüsusi mülkiyyətində olmasını təsdiq edən çıxarış, tərəflər arasında bağlanılmış və notariat qaydasında təsdiq olunmuş 10 may 2022-ci il tarixli müqavilə və Ağcabədi rayon Polis Şöbəsinin 21 yanvar 2024-cü il və 13 fevral 2024-cü il tarixli qərarları ilə təsdiqini tapır. Qeyd olunmalıdır ki, bazar Cavabdeh1 məxsus olmuş, lakin bazarın idarəçiliyi sonuncunun qohumu, digər Cavabdeh2 həvalə olunmuşdur. Bazarı alan vaxt Cavabdeh2 ona demişdir ki, bazardan hər ay 1500 manat icarə pulu yığır. Hal-hazıra kimi 26 aydır ki, bazar ona məxsus olmasına baxmayaraq icarə pulunu Cavabdeh2 yığıb öz ehtiyaclarına xərcləmişdir, nəticədə öz əmlakından məhrum olmuşdur. Həmçinin, tərəflər alğı-satqı müqaviləsi bağlayarkən bazarın istifadəsində olan sayğac 3 fazalı elektrik sayğacı olmuşdur, amma hazırda məlum olmuşdur ki, cavabdeh həmin sayğacı dəyişib 0 fazalı elektrik sayğacı qoymuşdur ki, bu da onun mənafeyini pozur. Odur ki, 3 fazalı elektrik sayğacının bazarın istifadəsinə verilməsi cavabdehlər tərəfindən təmin olunmalıdır. Bundan başqa, cavabdehlər 26 aydır ki, bazar tikintisindən istifadəyə görə hər ay 1000-1200 manat olmaqla icarə haqqı yığıb özləri istifadə edir, hansı ki, həmin pullar ona verilməli idi, çünki bazarı pul verib almış, yəni razılaşdırılmış məbləğdə pul Cavabdeh1 hesabına ödənilmişdir və bazar, həmçinin bazarın yerləşdiyi torpaq sahəsi ona məxsusdur. 26 ay ərzində hər ay 1000 manat olmaqla yığılan iddiaçıya çatmalı icarə haqqı cəmi 26000 manat təşkil edir və həmin pul cavabdehlərdən alınıb ona verilməlidir. Cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən görünür ki, Cavabdeh1 torpaq sahəsini və üzərindəki tikintini alğı-satqı müqaviləsi üçün lazımi sənədləri toplamağı, topladıqdan sonra Ağdam-Ağcabədi magistral yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti üçün ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarının tikintisinə 3690 kv.m. torpaq sahəsini və üzərindəki tikintinin onun adına rəsmiləşdirməyi öz öhdəsinə götürmüşdür. Lakin müqavilənin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə tələb etməsinə baxmayaraq cavabdehlər bu öhdəliyini də yerinə yetirməmişdir. Odur ki, cavabdehlər bu öhdəliyini də yerinə yetirməlidir. Bundan başqa, Cavabdeh1 Ağdam- Ağcabədi magistral yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti üçün ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarı tikintisinə ayrılmış 3690 kv.m, yəni 0,369 ha torpaq sahəsini iddiaçıya satılmasını öhdəsinə götürsə də və buna uyğun olaraq iddiaçıdan 150000 (bir yüz əlli min) manat pul alsa da, sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsi 0,265 ha, yəni müqavilədə göstərildiyindən 0,104 ha az olmuşdur ki, bu isə müqavilə üzrə razılaşdırılmış torpaq sahəsinin ¼ hissəsindən də çoxdur. Odur ki, Cavabdeh1 iddiaçının ona ödədiyi məbləğin torpaq sahəsinin az olan hissəsinə uyğun hissəsini, 20000 manat pulu ona qaytarmalıdır. Qeyd olunanlara əsasən ona məxsus Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində Ağdam-Ağcabədi magistral yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti üçün ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarının yerləşdiyi tam xüsusi mülkiyyətində olan 0,265 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və mülkiyyətində olan həmin torpaq sahəsinin üzərindəki kənd təsərrüfatı məhsullarının satışı bazarı tikintilərinin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi, 3 fazalı elektrik sayğacının bazarın istifadəsinə verilməsinin cavabdehlər tərəfindən təmin olunması, ona məxsus bazardan 26 ay ərzində hər ay 1000 manat olmaqla, cavabdehlər tərəfindən yığılan və ona çatmalı icarə haqqı, cəmi 26000 manat pulun cavabdehlərdən alınıb ona verilməsi, tərəflər arasında bağlanılmış müqavilədə göstərilmiş ona verilməli olan 3690 kv.m torpaq sahəsinin faktiki olaraq 0,104 ha az olmasına görə, onun tərəfindən ödənilmiş 150000 manat puldan 20000 manat pulun Cavabdeh1 alınıb ona verilməsi, mülkiyyətində olan torpaq sahəsinin üzərindəki ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarının tikintisinin onun adına rəsmiləşdirilməsinin Cavabdeh1 tərəfindən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 may 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, birinci tərəf -Cavabdeh1 ilə ikinci tərəf - İddiaçı arasında bağlanmış həmin müqaviləyə əsasən birinci tərəf - Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısının 234 saylı xx.xx.2006-cı il tarixli sərəncamı əsasında Cavabdeh1 adına icarəyə verilmiş Ağdam- Ağcabədi magistral yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti üçün ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarı tikintisinə 82x45=3690 kv.m torpaq sahəsini və üzərindəki tikintinin 150000 manata İddiaçı satılması barədə razılığa gələrək onun adına keçirilməsi məqsədilə əvvəlcədən həmin məbləği ondan bütünlüklə almışdır. Alıcı tərəfindən 150000 manat məbləğində pul notariusun "xxxx" ASC-də olan depozit hesabı vasitəsilə satıcıya ödənilməsini, satıcı isə torpaq sahəsinin və üzərindəki tikintinin alqısatqı müqaviləsi üçün lazımi sənədləri toplamağı, topladıqdan sonra Ağdam-Ağcabədi magistral yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti üçün ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarı tikintisinə 82x45=3690 kv.m torpaq sahəsini və üzərindəki tikintinin İddiaçı adına rəsmiləşdirməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, Hindarx kəndində yerləşən 0,265 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 123 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində göstərilir ki, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2 maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3 maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 10 may 2022-ci il tarixli ilkin alqısatqı müqaviləsinə əsasən birinci tərəf -Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısının 234 saylı xx.xx.2006-cı il tarixli sərəncamı əsasında Cavabdeh1 adına icarəyə verilmiş Ağdam- Ağcabədi magistral yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti üçün ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarı tikintisinə 82x45=3690 kv.m torpaq sahəsini və üzərindəki tikintinin 150000 manata İddiaçı satılması barədə razılığa gələrək onun adına keçirilməsi məqsədilə əvvəlcədən həmin məbləği ondan bütünlüklə almışdır. Alıcı tərəfindən 150000 manat məbləğində pul notariusun "xxxx" ASC-də olan depozit hesabı vasitəsilə satıcıya ödənilməsini, satıcı isə torpaq sahəsinin və üzərindəki tikintinin alqısatqı müqaviləsi üçün lazımi sənədləri toplamağı, topladıqdan sonra Ağdam-Ağcabədi magistral yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti üçün ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarı tikintisinə 82x45=3690 kv.m torpaq sahəsini və üzərindəki tikintinin İddiaçı adına rəsmiləşdirməyi öz öhdəsinə götürmüşdür. Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən Ağcabədi rayonu, Hindarx kəndində yerləşən 0,265 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 123 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı torpaqdan çıxmasını və tikililərin boşaldılmasını cavabdehlərdən tələb etsə də bu mümkün olmamışdır. Bununla da qanunsuz və əsasız olaraq iddiaçının mülkiyyətində olan, yəni 0,265 ha torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunmaqla, sonuncular mülkiyyətçinin mülkiyyət hüquqlarına qəsd etmiş və onun mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə etməsinə maneələr yaratmışdır. Beləliklə, sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi göstərilən həmin maddi normalara əsasən iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz və əsassız olaraq istifadə etdiyi, daşınmaz əmlakın reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2024 olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonu, Hindarx qəsəbəsi (kəndi) ərazisində yerləşən 0,265 ha torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsi üzərindəki kənd təsərrüfatı məhsullarının satışı bazarı tikililəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməlidir. İddia tələbi qalan hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Belə ki, İddiaçı iddiasının qalan hissəsinin təmin edilməsi barədə nəticəyə gəlmək üçün əsas verən lazımi sübutlarla təmin olunmamışdır. Bununla əlaqədar, iddiaçının göstərdiyi hallar sübutlarla təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin İ və İİ bəndlərinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 106.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə Konstitusiya da nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun realizəsini özündə ehtiva edən prosessual hüquq normalarının müqayisəli təhlil edərək ilk öncə qeyd edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaqla öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. O da nəzərə alınmalıdır ki, məhkəməyə müraciət edən şəxsin iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə izahatı iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı, əsaslı şübhələr yaratmayan, digər sübutlarla təkzib edilməyən sübutu qəbul etməklə qiymətləndirilməlidir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 100 manat Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 daşınmaz əmlakın reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2024 olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonu, Hindarx qəsəbəsi (kəndi) ərazisində yerləşən 0,265 ha torpaq sahəsindən çıxarılsınlar. Həmin torpaq sahəsi üzərindəki kənd təsərrüfatı məhsullarının satışı bazarı tikililəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Dövlət rüsumuna görə ödənilmiş 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1674/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1674/2024
24.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver