Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-17/2024 24.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X24, İddiaçı və onun nümayəndələri: X10 və X5, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsindən istifadəyə yönəlmiş bütün maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsindən istifadəyə yönəlmiş bütün maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində yerləşən 4,6625 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən onun adına Çıxarış verilmişdir. Həmin torpaq sahəsi əvvəllər 5,56 ha pay torpaq sahəsi göstərilməklə Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş JN 0042 kod 60807038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən babası X21 və onun ailə üzvlərinə məxsus olmuş, xx.xx.2023-cü il tarixdən isə onun mülkiyyətinə keçmişdir. Babası Sadil və digər mülkiyyətçilər həmin torpağı ona bağışlama yolu ilə veriblər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırda onun mülkiyyətində olan torpaq sahəsini uzun müddətdir ki, qanunsuz olaraq istifadə edirlər. Tələb etsə də torpağı ona təhvil vermirlər. X42 uzun illər xəstə olmuş onun müalicəsi üçün pul lazım olmuş, təxminən 20 il əvvəl, yəni 2005-ci ildə mərhum nənəsi X13 həmin pay torpağının 3 hektarını Cavabdeh1 icarəyə vermiş və ondan pul almışdır. Qalan pay torpağının 2,5 hektarını isə 5 il müddətinə Cavabdeh2 icarəsinə vermişdir. İcarə müddəti başa çatsa da hazıra kimi cavabdehlər ona məxsus torpaq sahəsindən istifadə edirlər. Babası Sadil də dəfələrlə cavabdehlərdən torpağın qaytarılmasını tələb etmişdir. Cavabdeh1 5,56 ha torpaq sahəsinin 1,66 ha hissəsini 2005-ci ildə satın aldığını və bununla bağlı Rəncbərlər kənd icra nümayəndəsinin və bələdiyyənin iştirakı ilə müqavilə bağlandığını göstərmişdir. Cavabdeh2 isə 2001-ci ildə atası ilə onun babasının pay torpaq sahələrini dəyişdiyini göstərmişdir. Cavabdehlər özbaşınalıq edərək müxtəlif bəhanələr gətirərək torpaq sahəsindən çıxmır və həmin torpaq sahəsini əkib-becərilməsinə imkan vermirlər. Cavabdehlərdən hərəkətlərinə son qoymasını tələb etsə də bu mümkün olmamışdır. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Ona görə də iddianın təmin edilərək cavabdehlərin ona məxsus 4,6625 ha torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsindən istifadəyə yönəlmiş bütün maneələrin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmətə görə ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndələri X10 və X14 da iddianın təmin edilməsini xahiş etdilər. Eyni zamanda bildirdilər ki, cavabdehlər 20 ilə yaxındır ki, mübahisəli torpaq sahəsini istifadə edirlər. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədi və izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən X25 və onun ailə üzvlərinə (7 nəfərə) Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisindən 5,56 ha torpaq sahəsi verilmişdir. Buna dair onların adlarına JN 0042 kod 60807038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı alınmışdır. Hazırda istifadəsində olan və iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsinin 1,66 ha hissəsini 15 aprel 2005-ci il tarixdə qarşılıqlı razılaşma əsasında X31 və X3 almışdır. Onlardan torpaq sahəsini alanda Rəncbərlər kənd İcra nümayəndəsinin və Bələdiyyənin sədrinin iştirakları ilə aralarında qarşılıqlı razılaşma olmuş və müqavilə bağlamışlar. Bununla bağlı aralarında xx.xx.2005-ci il tarixdə müqavilə bağlanmış və Ağcabədi rayon Rəncbərlər kənd icra nümayəndəsi və bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Bundan sonra aldığı torpaq sahəsini adına rəsmiləşdirmək məqsədilə dəfələrlə Sadil Əsədova müraciət etmiş, lakin sonuncu alqı-satqını rəsmiləşdirmək üçün notariata getməkdən yayınmışdır. Buna baxmayaraq 15 aprel 2005-ci il tarixdən bu günə kimi mübahisəli torpaq sahəsinin 1,66 ha hissəsi onun istifadəsindədir və satıcılar- X31 və X13 tərəfindən heç bir vaxt mübahisələndirilməmişdir. Hazırda ona məlum olur ki, X31 və X7 15 aprel 2005-ci il tarixdə ona satdıqları torpaq sahəsi xx.xx.2023-cü il tarixdə bağışlama yolu ilə nəvələri- İddiaçı adına keçirilmişdir. Mübahisəli torpaq sahəsini bağışlama müqaviləsindən çox əvvəllər satın almışdır. Çünki illərdi torpaq sahəsini alıb və qanuni əsaslarla istifadə edir. Həmin torpaq sahəsi ona məxsusdur, sadəcə satıcılar- X31 və X13 ilə alqı-satqını sonuncular yayındığına görə notariat qaydasında rəsmiləşdirə bilməmişdir. Onun tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X15 iddianı qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Uzun müddətdir həmin torpaq sahəsi onlardadır. Onlar özlərinə aid torpaq sahəsini Sadil Əsədovla baş-başa dəyişdiriblər. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi uzun illərdir onların istifadəsindədir. Onlar tərəfindən iddiaçıya məxsus hər hansı torpaq sahəsi tutulmamış və onlar tərəfindən istifadə olunmur. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X22 ifadəsində göstərdi ki, 2005-ci ildə Sadil Əsədov torpaq sahəsini satmaq istəyirdi. Bir neçə şəxsin iştirakı ilə aralarında olan qarşılıqlı razılaşmaya əsasən X31 və X13 ümumi paylı mülkiyyətdə olan pay torpaq sahələrini Cavabdeh1 satmışlar. Aralarında 15 aprel 2005-ci il tarixdə müqavilə bağlanmış, müqavilədə göstərilən məbləğ nağd şəkildə Sadil Əsədova verilmişdir. Həmin müqavilə iştirakçılar tərəfindən imzalanmış, icra nümayəndəsinin və bələdiyyənin möhürü ilə təsdiq olunmuşdur. Müqavilənin surətləri tərəflərə verilmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN 0042 kod 60807038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisindən X25, X9, X29, X16, X26, X17 və X2 təsərrüfatı məhsulları istehsalı üçün 5,56 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, aralarında olan qarşılıqlı razılaşmaya əsasən X31 özünə və ailə üzvlərinə məxsus 5,56 ha torpaq sahəsinin 1,66 hektarını ******* (bir milyon bir yüz min) manata Cavabdeh1 ömürlük satmışdır. Həmin müqavilə Fəridə Əsədova tərəfindən də imzalanmışdır. Qeyd olunan müqavilə Rəncbərlər Bələdiyyəsinin və Rəncbərlər kənd icra nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X19, X37, X31, X32 və X1 rayonu, Rəncbərlər kəndi ərazisində yerləşən ümumi sahəsi 4,6625 ha torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən hədiyyə verənlər: X19 0,79928 ha, X37 0,79928 ha, X31 1,46535 ha, X32 0,79928 ha və X27 0,79928 ha hissəsini hədiyyə alan İddiaçı mülkiyyətinə vermişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisində 4,6625 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Bu barədə onun adına daşınmaz əmlakın reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olanxx.xx.2023-cü il tarixli Çıxarış verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisində yerləşən 0,8924 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə - 0,280467 ha hissəsi X21, 0,152982 ha hissəsi X28, 0,152982 ha hissəsi X23, 0,152982 ha hissəsi X11 və 0,152982 ha hissəsi X8 mülkiyyətindədir. Bu barədə onların adına daşınmaz əmlakın reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli Çıxarış verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mütəxəssis və xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/4465 nömrəli ekspert rəyindən görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində yerləşən 4,6625 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün tədqiqat aparan zaman müəyyən olundu ki, İddiaçı istifadəsində torpaq sahəsi mövcud deyildir. Eyni zamanda iddiaçı tərəfindən naturada iddia olunan torpaq sahəsinin ölçüləri və yerləşdiyi ərazi ilə ona məxsus sənədlərdə qeyd olunan 4,6625 ha torpaq sahəsinin ölçüləri və yerləşdiyi ərazi arasında uyğunsuzluq mövcuddur. Qeyd edilən torpaq sahəsinin bir hissəsi Cavabdeh2 tərəfindən, bir hissəsi isə Cavabdeh1 tərəfindən istifadə olunur. Daşınmaz əmlakın reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində yerləşən 4,6625 ha torpaq sahəsinin 2,91 ha hissəsi Cavabdeh2 tərəfindən, 1,75 ha hissəsi isə Cavabdeh1 tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi sənəd üzrə başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4465 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, AZ-İİ 056187 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Nəzərə alınmalıdır ki, MM-in 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Ancaq şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Qanunda bəzi əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Göründüyü kimi, satıcılar- X31 və X13, həmçinin digər payçıların eyni yaşayış ünvanında yaşaması baxımından torpaqdan istifadəyə uzun illər sükut nümayiş etdirməsi, Cavabdeh1 tərəfindən ona göstərilən razılığa, onda yaradılan arxayınçılığa görə də, 5,56 ha torpaq sahəsinin 1,58857 ha hissəsindən sərbəst istifadə edərək həmin torpaq sahəsini 20 ilə yaxın bir müddətdə əkib-becərməsi onun qeyd edilən torpaq sahəsinə qanuni sahibliyinin göstəricisi sayılmalıdır. Hətta, hazırkı iş üzrə iddiaçı və onun nümayəndələri həmin torpağın Cavabdeh1 tərəfindən istifadə edildiyini 2005-ci ildən bilməsi də onların öz izahatı ilə təsdiq edilir. Habelə, iş materialları ilə də satıcılar- X31 və X13 tərəfindən xx.xx.2005-ci il tarixdə Cavabdeh1 ******* manat məbləğdə pul vəsaitinin alınması və həmin tarixdən hal-hazırkı vaxta kimi Cavabdeh1 tərəfindən maneəsiz istifadə olunması sübut olunur. Bu hal özlüyündə torpaq sahəsinin 2023-cü ildə bağışlanmasından əvvəl, yəni xx.xx.2005-ci il tarixdə torpağın əvvəlki mülkiyyətçiləri satıcılar- X31 və X13 arasında mübahisəli torpaqla bağlı mövcud razılaşmanın onların iradəsi ilə əhatə edildiyini tam sübut edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O, da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Bundan əlavə, məhkəmə diqqətə çatdırır ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin, 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bundan əlavə, MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. MM-in 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. MM-in 357-ci maddəsinə görə əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. MM-in 358-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. MM-in 360.2-ci maddəsinin tələbinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Bundan əlavə, nəzərə alınmalıdır ki, MM-in 404.1 və 404.2-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə iclasında müəyyən edilmiş işin mübahisəsiz faktiki hallarından görünür ki, Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində yerləşən JN 0042 kod 60807038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisindən X25, X9, X29, X16, X26, X17 və X2 təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 5,56 ha pay torpaq sahəsinin 1,58857 ha hissəsi xx.xx.2005-ci il tarixdən Cavabdeh1 faktiki istifadəsindədir. Cavabdeh1 həmin torpaq sahəsindən sərbəst və maneəsiz olaraq əkib-becərmişdir. Bir sözlə, həmin torpaq sahəsi qeyd edilən dövrdən etibarən etirazsız şəkildə cavabdehin istifadəsindədir. Bu baxımdan, Məhkəmə hazırkı iş üzrə diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun adıçəkilən qərarında, eyni zamanda, göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Qeyd edilməlidir ki, MM-in 560.3.4-cü maddəsinə görə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Qeyd edilməlidir ki, “B.Qasımovun şikayəti üzrə” 09 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarında formalaşmış hüquqi mövqeyə görə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Bununla da, xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 həmin ildən sahibliyinə keçmiş kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 5,56 ha pay torpaq sahəsinin 1,58857 ha hissəsi və hazırkı vaxta kimi istifadəsində olan mübahisəli torpaq sahəsi üzrə 1,58857 ha hissəsinə qanuni gözləntiyə malikdir. Belə ki, onun bu sahibliyi satıcılar- X31 və X13 arasındakı müqavilə və ondan sonrakı uzun illər ərzində onların davranışı ilə müəyyən edilən rəftarı və əsl iradə ifadəsində inikasını tapan olunan qanunvericilik normalarına əsaslanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən “İnsan hüquqlarının və X12 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir.Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Beləliklə, Məhkəmə işin faktiki hallarına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli və digər qərarlarında formalaşmış hüquqi mövqeyinə görə mübahisəli torpaq sahəsinin 1,58857 ha hissəsinə dair iddiaçının artıq heç bir subyektiv hüququ mövcud deyildir. Qeyd edilənlərlə əlaqədar, nəzərə alınmalıdır ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmənın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Habelə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində göstərilir ki, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2 maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3 maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisindən X25, X9, X29, X16, X26, X17 və X2 təsərrüfatı məhsulları istehsalı üçün 5,56 ha pay torpaq sahəsi verilmişdir. Hər birinin payı 0,79428 ha təşkil edir. xx.xx.2005-ci il tarixdə aralarında olan qarşılıqlı razılaşmaya əsasən X31 özünə və ailə üzvlərinə məxsus 5,56 ha torpaq sahəsinin 1,66 hektarını ******* (bir milyon bir yüz min) manata Cavabdeh1 ömürlük satmış, bu barədə aralarında müqavilə bağlanmış, həmin müqavilə Fəridə Əsədova tərəfindən də imzalanmışdır. Qeyd olunan müqavilə Rəncbərlər Bələdiyyəsinin və Rəncbərlər kənd icra nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir. Buna baxmayaraq xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X19, X37, X31, X32 və X1 rayonu, Rəncbərlər kəndi ərazisində yerləşən ümumi sahəsi 4,6625 ha torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən hədiyyə verənlər: X19 0,79928 ha, X37 0,79928 ha, X31 1,46535 ha, X32 0,79928 ha və X27 0,79928 ha hissəsini hədiyyə alan İddiaçı mülkiyyətinə vermişlər. Sonra isə Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisində 4,6625 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı adına daşınmaz əmlakın reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olanxx.xx.2023-cü il tarixli Çıxarış almışdır. Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisində yerləşən 5,56 ha torpaq sahəsinin 0,8924 ha hissəsinə isə paylı mülkiyyət hüququ üzrə - 0,280467 ha hissəsi X21, 0,152982 ha hissəsi X28, 0,152982 ha hissəsi X23, 0,152982 ha hissəsi X11 və 0,152982 ha hissəsi X8 adlarına daşınmaz əmlakın reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli Çıxarış verilmişdir. Daşınmaz əmlakın reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində yerləşən 4,6625 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün tədqiqat aparan zaman müəyyən olundu ki, İddiaçı istifadəsində torpaq sahəsi mövcud deyildir. Eyni zamanda iddiaçı tərəfindən naturada iddia olunan torpaq sahəsinin ölçüləri və yerləşdiyi ərazi ilə ona məxsus sənədlərdə qeyd olunan 4,6625 ha torpaq sahəsinin ölçüləri və yerləşdiyi ərazi arasında uyğunsuzluq mövcuddur. Qeyd edilən torpaq sahəsinin bir hissəsi Cavabdeh2 tərəfindən, bir hissəsi isə Cavabdeh1 tərəfindən istifadə olunur. Daşınmaz əmlakın reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində yerləşən 4,6625 ha torpaq sahəsinin 2,91 ha hissəsi Cavabdeh2 tərəfindən, 1,75 ha hissəsi isə Cavabdeh1 tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi sənəd üzrə başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X13 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bundan başqa, araşdırma zamanı müəyyən olundu ki, mübahisəli torpaq sahəsinin bir hissəsi xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən satıcılar- X31 və X13 tərəfindən Cavabdeh1 satılmışdır. Başqa sözlə, kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 5,56 ha pay torpaq sahəsinin 1,58857 ha hissəsi xx.xx.2005-ci il tarixdən Cavabdeh1 faktiki sahibliyində və istifadəsindədir. Cavabdeh2 tərəfindən mübahisəli torpaq sahəsinin istifadə olunmasına dair hər hansı bir hüquqi sənəd mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun normasından və məzmunundan göründüyü kimi qanunvericilik nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri ağlabatan məbləğdə müəyyən edilərək xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini xeyrinə qətnamə çıxarılan təqdim etdiyi hesab və konkret hallar, yəni göstərilən yardımın həcmi, nümayəndələrin sayı, baxılan işin mürəkkəbliyi və s. hallarla şərtlənmişdir. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən tələb edilən və kredit müqaviləsində qeyd edilən gecikdirilmiş borcun qaytarılması istiqamətində məhkəmə və digər səlahiyyətli orqanlara müraciət olunduğu halda nümayəndələrin, dövlət rüsumlarının ödənilməsi ilə bağlı və digər zəruri xərclər şəklində dəymiş zərərə görə 100 manat məbləğində cərimə təmin edilə bilməz. Belə ki, hüquqi yardıma görə pulun ödənilməsini təsdiq edən, digər zəruri xərcləri özündə əks etdirən hər hansı bir sənəd işə əlavə edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının 100 manat hesablanmış nümayəndə xərcinin cavabdehdən tutulmasına dair tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, daşınmaz əmlakın reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində yerləşən 4,6625 ha torpaq sahəsinin Cavabdeh2 istifadəsində olan 2,91 ha hissəsindən, Cavabdeh1 istifadəsində olan 1,75 ha hissəsinin 0,16 ha hissəsindən çıxarılmalıdırlar. İddia qalan hissədə qanunsuz və əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin İ və İİ bəndlərinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativhüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 710.3-cü maddəsinə əsasən icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. İş materiallarından görünür ki, tərəflər arasında mübahisəli torpağın icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(017)-1472/2023 nömrəli qərardadı üzrə tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyi hazırlanmışdır. Mütəxəssis rəyinin verilməsi üçün tərtib edilmiş smeta və hesab vərəqi üzrə göstərilmiş 132 manat məbləğində pul İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin bank hesabına ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyərini təşkil edən 132 manat məbləğində ekspertiza xərci və dövlət rüsumuna görə ödənilmiş 100 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Daşınmaz əmlakın reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində yerləşən 4,6625 ha torpaq sahəsinin Cavabdeh2 istifadəsində olan 2,91 ha hissəsindən, Cavabdeh1 istifadəsində olan 1,75 ha hissəsinin 0,16 ha hissəsindən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Aparılmış tədqiqatın dəyərini təşkil edən 132 manat məbləğində ekspertiza xərci və dövlət rüsumuna görə ödənilmiş 100 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-17/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-17/2024
24.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver