Məhkəmə qərarları › İş №2(017)-1991/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1991/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1991/2023 30.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh elektrik enerjisinin istehlakına görə 2.119 manat 95 qəpik məbləğində borcun və ödənilmiş 41 manat 60 qəpik dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini və iddianın təmin olunmasını bildirib, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarındakı sənədləri tədqiq edərək və sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin abunə haqqında bildirişindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-yə 2.119 manat 95 qəpik məbləğində borcu vardır. İşdə olan "xxxx" ASC-nin Enerji Satış Departamentinin 15 may 2023-cü il tarixli, 11 saylı pretenziyadan görünür ki, Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayan (kodu **********13574 olan abonent adı ilə "xxxx" ASC-də qeydiyyata alınmış) Cavabdeh elektrik enerjisindən istifadəyə görə 15 may 2023-cü il tarixə "xxxx" ASC-yə olan borcu 2.119 manat 95 qəpik təşkil edir. İşdə olan Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının bir tipli 641432 nömrəli müqavilədən görünür ki, bu müqavilə "xxxx" ASC-nin enerji təchizatı müəssisəsi ilə Ağcabədi rayonunun Aşağı Avşar kənd sakini kodu **********13574 olan abonent adı ilə qeydiyyata alınmış Cavabdeh arasında elektrik enerjisinin alqı-satqı ilə əlaqədar bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materialları araşdırılarkən müəyyən olundu ki, Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayan, abonent kodu **********13574 olan, Cavabdeh elektrik enerjisindən istifadəyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2.119 manat 95 qəpik borcu yaranmış, lakin həmin borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh yaranmış 2.119 manat 95 qəpik borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 41 manat 60 qəpik dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 41 manat 60 qəpik dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh elektrik enerjisinin istehlakına görə 2.119 manat 95 qəpik borc və ödənilmiş 41 manat 60 qəpik məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh elektrik enerjisinin istehlakına görə 2.119 manat 95 qəpik məbləğində borc və ödənilmiş 41 manat 60 qəpik dövlət rüsumu məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar