Məhkəmə qərarları › İş №2(058)-846/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-846/2025

13.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-846/2025 13.11.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X7 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında Samux rayon Alabaşlı qəsəbə İcra nümayəndəliyində 21 dekabr 2012-ci il tarixdə bağlanmış AZ-İ 824266 nömrəli nikah qeydinin pozulması və birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan 26 iyul 2013-cü il təvəllüdlü X4 və 15 oktyabr 2018-ci il təvəllüdlü X2 onun himayəsində qalmaqla, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər bir uşaq üçün hər ay sabit pul məbləğində 300 (üç yüz) manat miqdarında alimentin, eləcə də ödədiyi dövlət rüsumlarının onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 09 noyabr 2012-ci il tarixdə faktiki olaraq evlənib ailə qurmuş və nikahlarını Samux rayon Alabaşlı qəsəbə İcra Nümayəndəliyində 21 dekabr 2012-ci il tarixdə qeyd etdirmiş, AZ-İ 824266 nömrəli nikah haqqında şəhadətnamə almışlar. Onunla Cavabdeh birgə nikahlarından 26 iyul 2013-cü il təvəllüdlü X6 və 15 oktyabr 2018-ci il təvəllüdlü X3 adlı iki övladları anadan olmuşdur. O, 05 iyun 2025-ci il tarixdən cavabdehlə faktiki ayrılmış, ayrı-ayrı ünvanlarda yaşayırlar, xasiyyətləri uyğun gəlmir, cavabdeh həyat yoldaşı kimi ona diqqət və qayğı göstərmir, ailəsinə, uşaqlarına baxmır. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Müdafiə Nazirliyində işləyir, 1900 (min doqquz yüz) manatdan artıq əmək haqqı alır. Cavabdeh müharibədə kantuziya almasını bəhanə edərək, ailəsinə, uşaqlarına olmazın söyüşlər söyür. Cavabdehlə barışıb ailəsini bərpa etmək qeyri-mümkündür. Övladın ikisi də onun himayəsində yaşayırlar. Onunla Cavabdeh birgə nikahlarından doğulmuş 26 iyul 2013-cü il təvəllüdlü X4 və 15 oktyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh uşaqların yetkinlik yaşına çatana kimi cavabdehin aldığı yüksək əmək haqqı nəzərə alınmaqla, Ailə Məcəlləsinin tələblərinə əsasən aylıq qazancın və ya gəlirlərin 1/3 hissəsi və ya hər bir uşağa görə sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat miqdarında aliment tutularaq, ona ödənilməlidir. “Azərbaycan Respublikasının 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Lakin cavabdehin əmək haqqı yüksək olmaqla 1900 manat civarında olduğuna görə hər bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 300 manat, iki uşağa görə cəmi 600 (altı yüz) manat aliment cavabdehdən alınıb ona verilməsi ədalətlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 bildirdi ki, cavabdeh boşanmaq istəmir, lakin iddiaçı boşanmağa təkid edir. Cavabdeh hazırda da uşaqlarına baxır və maddi yardım edir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixdə Samux rayon Alabaşlı qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları xx.xx.2012-ci il tarixdə 05 nömrəli akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixdə Şəmkir rayon Qasım İsmayılov kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X6 doğulmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2018-ci il tarixdə X3 doğulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Gəncə 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər uzun müddətdir ki, ailə münasibətlərini kəsmiş, ər-arvad kimi yaşamırlar. Ayrı-ayrı ünvanlarda yaşamaqla müstəqil təsərrüfatı idarə edirlər. Onların nikahları formal xarakter daşıyır. Ailənin bərpası mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcələsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 22.2-ci maddəsinə görə ər-arvad arasında saziş olmadıqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşağın yaşayış yeri onların razılığı ilə həll edilir. Məhkəmə hesab edir ki, barışıq üçün verilmiş 3 ay vaxt ərzində tərəflərin arasında barışıq əldə olunmadığına və iddiaçı nikahın pozulmasına təkid etdiyinə, habelə cavabdeh tərəflərin birgə nikahından doğulmuş uşaqların nikahın pozulmasından sonra iddiaçının yanında qalmasına etiraz bildirmədiyinə görə onların arasında olan nikah pozulmalı, xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 nikahın pozulmasından sonra iddiaçının yanında saxlanılmaları müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında” 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdən müraciət olunmasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün iddia tələbi həcmində hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment müəyyən olunmalı, xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 (sıfır tam onda beş) misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tutulması barədə məhkəmədə xx.xx.2025-ci il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcələsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Buna görə də, tərəflərin nikah dövründə əldə edilmiş ümumi əmlakları və bu əmlakın bölünməsi barədə mübahisə vardırsa həmin mübahisə ilə bağlı iddianın göstərilən müddət ərzində irəli sürülməsi tərəflərə izah olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh ödənilmiş mediasiya xərci 50 manat və ödənilmiş dövlət rüsumu 50 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Samux rayon Alabaşlı qəsəbə İcra nümayəndəliyində 05 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 nikahın pozulmasından sonra İddiaçı yanında saxlanmaları müəyyən edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 (sıfır tam onda beş) misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia alimentlə bağlı qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilsin. Cavabdeh mediasiya xərci 50 (əlli) manat və ödənilmiş dövlət rüsumu 50 (əlli) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilməsi onun alimentlə bağlı hissəsinin icrasını dayandırmır. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar