Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-3225/2025 21.01.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölmüş elan olunmasına dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi əri X3 ölmüş elan olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, X7 onun əridir, xx.xx.1951-ci il tarixdə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olmuşdur. X7 ilə nikaha daxil olmaqla ailə qurmuşlar, nikahları xx.xx.1977-ci il tarixdə qeydə alınmışdır. 1993-cü ilin may ayına kimi bir yerdə yaşamışlar. Həmin tarixdə, yəni 1993-cü ilin may ayının əvvəllərində Əlizadə yaşadığı ünvandan Rusiya Federasiyasına getmiş və o vaxtdan bu günə kimi ondan bir xəbər yoxdur. Yaşadığı yer, səhhəti və ümumi vəziyyəti ilə bağlı heç bir xəbər olmaması səbəbindən uzunmüddətli axtarışlara baxmayaraq onun yeri müəyyən edilməmiş, bir daha geri qayıtmamışdır. Ərinin itkin düşməsi barədə Ağcabədi rayon Polis Şöbəsinə ərizə ilə müraciət olunmuş, lakin onun barəsində heç bir məlumat əldə olunmamışdır. Ərinin itkin düşməsindən 32 ildən çox vaxt keçmişdir. Hesab edir ki, əri X7 naməlum şəraitdə ölmüşdür. Əri ilə birlikdə sahib olduğu torpağı sənədləşdirmək istəyir. Bu səbəbdən də əri X3 itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi faktının müəyyən olunması tələb olunur. Çünki əri X3 ölüm şəhadətnaməsinin olmaması müəyyən işlərdə sənədləşmə aparılmasına maneçilik yaradır. Ona görə də əri X3 ölmüş elan olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Ağcabədi regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun yaxın qonşusudur. Onun əri X6 yaxından tanımışdır. Əlizadə 1993-cü ildə yaşadığı evdən çıxıb Rusiya Federasiyasına getmiş, bir daha geri qayıtmamışdır. Harada olması barədə onlarda heç bir məlumat yoxdur. Bu barədə müxtəlif qurumlara müraciət olunmuş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 şahid X4 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi ilə X3 nikahları xx.xx.1977-ci il tarixdə Ağcabədi rayonu, Arasbar kəndində bağlanmışdır. İş materiallarına əlavə edilmiş 156 nömrəli doğum qeydlərinin bərpa aktının surətindən görünür ki, X7 xx.xx.1951-ci il tarixdə Ağcabədi rayonunun Arasbar kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon polis şöbəsinin xx.xx.2025-ci il tarixli 60/2-29867/25 nömrəli məktubundan görünür ki, Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kənd sakini X3 itkin düşməsi və ya hər hansı hadisə zamanı ölmüş olması barədə Ağcabədi rayon polis şöbəsinə məlumat daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon İHB-nın Yuxarı Qiyaməddinli kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2025-ci il tarixli 5-30-41/2-39/2025 nömrəli arayışından görünür ki, Ağcabədi rayon Yuxarı Qiyaməddinli kənd sakini Ərizəçi həyat yoldaşı X1 rayonunun Yuxarı Qiyaməddinli kəndində yaşamır və onun haqqında nümayəndəlikdə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş, Ağcabədi rayon İHB-nın Yuxarı Qiyaməddinli kənd İƏD-si üzrə nümayəndəsinin təsdiq etdiyi xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X7 xx.xx.1951-ci il tarixdə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olmuş, 1993-cü ilin may ayının əvvəllərində yaşadığı ünvandan Rusiya Federasiyasına getmiş və həmin tarixdən sonra bir daha geri qayıtmamışdır. Rusiya Federasiyasına gedən gündən, hal-hazırkı tarixə kimi onun barəsində heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci və 41.3-cü maddəsində göstərilir ki, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 315.1 və 315.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Beləliklə, xx.xx.1951-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş X7 1993-cü ildən evdən çıxıb getdiyi və bir daha geri qayıtmadığı tarixdən 32 ildən artıq vaxt keçir və onun məhkəmə qaydasında ölmüş elan edilməsi qüvvədə olan qanunvericiliyə və mövcud şəraitə uyğun olduğundan ərizəçinin tələbini məhkəmə əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1, 41.3 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1951-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş X7 ölmüş elan olunsun, qətnamənin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-3225/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-3225/2025
21.01.2026 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver