Məhkəmə qərarları › İş №2(017)-369/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-369/2023

30.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-369/2023 30.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, iddiaçı Ağcabədi bələdiyyəsinin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə İddiaçı Ağcabədi bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ağcabədi bələdiyyəsi Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Ağcabədi bələdiyyəsinin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək verdiyi izahatında göstərdi ki, Ağcabədi bələdiyyəsi ilə Cavabdeh əri mərhum X9 arasında xx.xx.2000-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Ağcabədi bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 112-2-55 nömrəli sərəncamı ilə Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan 3,0 ha örüş-otlaq torpaq sahəsinin mərhum X5 ayrılması barədə tərtib edilmiş müqavilə, torpaq ayırma aktı və yerqurluşu planı təsdiq edilmişdir. Həmin icarə müqaviləsinə əsasən sözü gedən 3,0 ha örüş-otlaq torpaq sahəsi 20 il müddətinə icarəyə verilmiş, müqavilə müddəti xx.xx.2020-ci ildə başa çatmışdır. X1 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra, eləcə də ona verilən torpaq sahəsinin müddətinin xx.xx.2020-ci il tarixdə başa çatdıqdan sonra da vərəsəliyin açılması ilə əlaqədar mərhumun vərəsələri Ağcabədi bələdiyyəsinə müraciət etməmişlər. İcarə müqaviləsinin müddəti başa çatdıqdan sonra mərhum X4 arvadı Cavabdeh sözü gedən Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan 3,0 ha örüş-otlaq torpaq sahəsindən qanunsuz olaraq istifadə edir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öz qanunsuz hərəkətlərindən əl çəkmir və bələdiyyə torpağından çıxmır. Ona Ağcabədi bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq bu müraciətlərin heç bir nəticəsi olmamış, cavabdeh bələdiyyənin mülkiyyətində olan 3,0 ha örüş-otlaq torpaq sahəsindən çıxmamışdır. Ona görə də Cavabdeh Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan 3,0 ha örüş-otlaq torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək məhkəməyə verdiyi izahatında göstərdi ki, Ağcabədi bələdiyyəsi ilə əri mərhum X9 arasında xx.xx.2000-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən 3,0 ha örüş-otlaq torpaq sahəsi 20 il müddətinə icarəyə verilmiş, müqavilə müddəti xx.xx.2020-ci ildə başa çatmışdır. X3 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra mübahisəli 3,0 ha örüş-otlaq torpaq sahəsi onun tərəfindən istifadə olunmuşdur. Ağcabədi bələdiyyəsinə müraciət etmiş, lakin Ağcabədi bələdiyyəsi onunla icarə müqaviləsi bağlamamış, 3,0 ha örüş-otlaq torpaq sahəsinin onun icarəsinə verilməsini rəsmiləşdirməmişdir. İcarə müqaviləsi ərinin ölümündən sonra onunla davam etdirilməlidir. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları hüquqi cəhətdən qiymətləndirib hesab edir ki, iddia qanuni və əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2000-ci il tarixli icarə müqaviləsindən görünür ki, Ağcabədi bələdiyyəsi ilə X9 arasında xx.xx.2000-ci il tarixli icarə müqaviləsi bağlanmış, Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan 3,0 ha örüş-otlaq torpaq sahəsi 20 il müddətinə X4 istifadəsinə verilmişdir. Mülki işin materiallarında olan AZ-İ 963573 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə Ağcabədi rayonunda ölmüşdür. Mülki işin materiallarında olan Ağcabədi bələdiyyəsinin xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan 3,0 ha örüş-otlaq torpaq sahəsinin boşaldılması barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.1 və 241.2-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Həmin Məcəllənin 706.3-cü maddəsinə əsasən torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Həmin Məcəllənin 706.4-cü maddəsinə əsasən torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. Həmin Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Həmin Məcəllənin 719.6-cı maddəsinə əsasən icarəçi öldükdə onun vərəsələri, habelə icarəyə verən müqavilənin ləğvinə dair bildirişi təqvim ili rübünün sonu üçün qüvvəyə minməklə altı ay əvvəldən vermək hüququna malikdirlər. Yalnız o halda vərəsələr müqavilənin icarəyə verən tərəfindən ləğv olunması barədə şikayət verə bilər və müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilərlər ki, onların və ya digər miras şəriklərinin və ya bunu tapşırdıqları hər hansı üçüncü şəxsin əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadəni təmin etdikləri ehtimal olunsun. Əgər vərəsələr icarə müddətinin qurtarmasına azı üç ay qalmış şikayət verməzlərsə və icarəyə götürülmüş əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadə olunacağını ehtimal etməyə imkan verən hallar barəsində məlumat verməzlərsə, icarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən imtina edə bilər. etiraz barəsində bildiriş və məlumat yazılı formada tərtib edilməlidir. Razılıq əldə edilməzsə, qərarı vəsatət əsasında məhkəmə qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı qərarının 16-cı bəndində göstərilir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara hüquqları qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olundu ki, Ağcabədi bələdiyyəsi ilə X9 arasında xx.xx.2000-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan 3,0 ha örüş-otlaq torpaq sahəsi 20 il müddətinə icarəyə verilmiş, müqavilə müddəti xx.xx.2020-ci ildə başa çatmışdır. X1 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra, eləcə də ona verilən torpaq sahəsinin müddətinin xx.xx.2020-ci il tarixdə başa çatdıqdan sonra mərhumun vərəsələri Ağcabədi bələdiyyəsinə müraciət etməmişlər. İcarə müqaviləsinin müddəti başa çatdıqdan sonra mərhum X4 arvadı Cavabdeh sözü gedən, Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan 3,0 ha örüş-otlaq torpaq sahəsindən qanunsuz olaraq istifadə edir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öz qanunsuz hərəkətlərindən əl çəkmir və bələdiyyə torpağından çıxmır. İddiaçının mülkiyyətində olan 3,0 ha örüş-otlaq torpaq sahəsi ilə bağlı tərəflər arasında torpağa dair heç bir yazılı razılaşma, icarə və yaxud alqı-satqı müqaviləsi olmamışdır. Cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsini hazırda da istifadə etdiyini etiraf etmişdir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin notariat qaydasında bağlanmasından, eləcə də müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Eyni zamanda, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilmir. Halbuki dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Belə ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyətinin orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Ağcabədi bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası qanuni və əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh Axundova X7 bələdiyyəsinin mülkiyyətində olan 3,0 ha örüş-otlaq torpaq sahəsindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar