Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-43/2023 21.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı və onun vəkili Bərdə rayon Vəkil bürosunun vəkili X2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qonşuluq hüququnun pozulması və cavabdehin qeyriqanuni hərəkətlərinə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qonşuluq hüququnun pozulması, qeyri-qanuni hərəkətlərinə son qoyulması və zəbt olunmuş gedişgəliş yolunun açılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən 0.17 ha həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. 2009-cu ildə həmin torpaq sahəsində özünə ev tikdirmiş və həmin vaxtdan da orada yaşayır. 2020-ci ildə Cavabdeh onunla qonşu torpaq sahəsində dövlət tərəfindən yaşayış evi tikilmişdir. Cavabdeh həmin evə köçdükdən sonra onun yaşadığı evə gedən yolu qanunsuz olaraq zəbt edərək bağlamışdır. Yolun açılması barədə dəfələrlə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun evinə gedən avtomobil yolunu açmamışdır. Ona görə də, JN 316A saylı, KOD 60807018 nömrəli şəhadətnamə ilə mülkiyyətinə verilmiş və Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsinin gediş-gəliş yoluna Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması və həmin avtomobil yolunun açılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2020-ci ildə birinci Qarabağ müharibəsi veteranı olması ilə əlaqədar Ağcabədi rayonunun Hüsülü kəndində ona torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində dövlət tərəfindən ona yaşayış evi tikilmişdir. İddiaçının evinə gedən avtomobil yolu onun tərəfindən zəbt edilməmişdir. İddiaçının iddia etdiyi yol bələdiyyə tərəfindən ona verilən torpaq sahəsində yerləşir və onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi onun xüsusi mülkiyyətində olduğu üçün torpaq sahəsinin ətrafına məftil torla hasar çəkmişdir. İddiaçının evinə başqa yerdən yol vardır. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 saylı qərarına əsasən JN 316A saylı, KOD 60807018 nömrəli şəhadətnamədən görünür ki, Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən 0.17 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edimiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2023-cü il tarixli, 10/1626 nömrəli rəyindən görünür ki, İddiaçı istifadəsində olan yaşayış evinə gedən avtomobil yolu Hüsülü bələdiyyəsinin mülkiyyətində olmuşdur. Qeyd edilən avtomobil yolu Cavabdeh xüsusi mülkiyyətinə verilsə də, naturada mövcuddur. Həmin yol Cavabdeh tərəfindən məftil tor vasitəsilə bağlandığına görə hal-hazırda İddiaçı naturada olan yoldan istifadə edə bilmir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən İddiaçı Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 saylı qərarına əsasən JN 316A saylı, KOD 60807018 nömrəli şəhadətnamə ilə mülkiyyətinə verilmiş və Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən 0.17 ha həyətyanı torpaq sahəsinin gedişgəliş yolu bağlandığı üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Bu hal iş materialları və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2023-cü il tarixli, 10/1626 nömrəli rəyi ilə tam sübut olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericilyin mənasına görə, sübutların aidliyi dedikdə, sübut mənbəyində olan məlumatın məhkəmə baxışında müəyyən edilməli olan faktlarla və hallarla obyektiv əlaqəsinin olması başa düşülür. Sübutların qiymətləndirilməsi isə təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 saylı qərarına əsasən JN 316A saylı, KOD 60807018 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş və Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən 0.17 ha həyətyanı torpaq sahəsinə gedən avtomobil yoluna Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmalı və həmin avtomobil yolu açılmalıdır. İşdə olan 02 avqust 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan 09 yanvar 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün 95 manat məbləğində rüsum ödənilmişdir. İşə əlavə edilmiş 11 aprel 2023-cü il tarixli, 10/1626 nömrəli ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertiza tədqiqinin dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün 95 manat, cəmi 195 manat pul cavabdehdən alınıb iddiaçıya ödənilməli və 50 manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 saylı qərarına əsasən JN 316A saylı, KOD 60807018 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş və Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsinin gedən avtomobil yoluna Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulsun və həmin avtomobil yolu açılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün 95 manat rüsum, cəmi 195 (bir yüz doxsan beş) manat pul Cavabdeh alınıb İddiaçı ödənilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-43/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-43/2023
21.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver