Məhkəmə qərarları › İş №2(017)-547/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-547/2023

13.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-547/2023 13.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək verdiyi izahatında göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Həmçinin Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 19 dekabr 2012-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Ağdam rayonundan məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Mehdiyev X1 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Ağcabədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 556 saylı yeni yaşayış qəsəbəsindəki 5 saylı binada 48 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Ağcabədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 556 saylı qəsəbənin Mənzil Kommunal İstismar sahəsinin apardığı araşdırma zamanı Cavabdeh1 ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Cavabdeh1 və ailə üzvlərinə verilmiş mənzildə yaşamadığı müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barəsində dəfələrlə ona xəbərdarlıqlar edilmiş, lakin cavabdeh mənzilin təhvil verilməsindən imtina etmişdir. Məcburi köçkünlərin yaşayış sahələri ilə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. Hazırda ölkə ərazisində mənzillə təmin edilməmiş və mənzillə təmin olunmağa daha çox ehtiyacı olan məcburi köçkün ailələri var ki, onların Dövlət Proqramına uyğun olaraq növbəli və mərhələli qaydada mənzillə təmin olunması həyata keçirilir. Eyni zamanda ilkin olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tam qəzalı olmasına dair rəy verilmiş qəzalı vəziyyətdə olan və yaşayış üçün ciddi təhlükə törədən binalarda yaşayan məcburi köçkün ailələrinin köçürülməsinə ciddi şəkildə ehtiyac vardır. Belə olan halda, mənzillə təmin olunmuş məcburi köçkün ailələrinin həmin mənzillərdən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə uyğun olmayan formada istifadə etmələri, digər mənzillə təmin olunmağa ehtiyacı olan məcburi köçkün ailələrinin hüquqlarının pozulmasına səbəb olur. Odur ki, kirayə müqaviləsi şərtlərini pozmaqla mənzillərdən istifadə edən məcburi köçkünlərlə bağlanmış müqavilə ləğv edilməli həmin mənzillər mənzilə ehtiyacı olan digər məcburi köçkün ailələrinə mövcud qanunvericiliyin şərtlərinə uyğun olaraq verilməlidir. Ona görə də Cavabdeh1 ilə Departament arasında bağlanmış Ağcabədi rayonu 556 saylı yeni yaşayış qəsəbəsindəki 5 saylı binada yerləşən 48 nömrəli mənzilin müvəqqəti istifadəsinə verilməsinə dair xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini və cavabdehlərin ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 iddiaçının nümayəndəsi Nümayəndə izahatına uyğun ifadə verdi. Məhkəmə iddiaçının nümayəndələrin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 19 dekabr 2012-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağcabədi rayon Mənzil Kommunal İstismar sahəsi ilə Cavabdeh1 arasında bağlanmış 19 dekabr 2012-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən sonuncuya, cəmi dörd nəfərdən ibarət ailə üzvlərinə Ağcabədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 556 saylı yeni yaşayış qəsəbəsindəki 5 saylı binada 48 nömrəli 2 otaqlı mənzil verilmişdir. Kirayəçinin ailə üzvləri: Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 göstərilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, Ağcabədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 556 saylı yeni yaşayış qəsəbəsindəki 5 saylı binanın 48 nömrəli mənzilinə baxış keçirilmiş, baxış zamanı mənzildə yaşayış olmadığı müəyyən edilmişdir. Bu barədə Ağcabədi rayon 1 saylı Mənzil Kommunal İstismar sahəsinin işçilərinin iştirakı ilə akt tərtib olunmuş və iştirakçıların imzası ilə təsdiq edilmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələbinə əsasən: 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 100.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. 100.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cu hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağcabədi rayon Mənzil Kommunal İstismar sahəsi ilə Cavabdeh1 arasında bağlanmış 19 dekabr 2012-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən sonuncuya, cəmi dörd nəfərdən ibarət ailə üzvlərinə Ağcabədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 556 saylı yeni yaşayış qəsəbəsindəki 5 saylı binada 48 nömrəli 2 otaqlı mənzil verilmişdir. Ağcabədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 556 saylı yeni yaşayış qəsəbəsindəki 5 saylı binanın 48 nömrəli mənzilinə müxtəlif vaxtlarda Ağcabədi rayon 1 saylı Mənzil Kommunal İstismar sahəsinin işçilərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı mənzildə yaşayış olmadığı müəyyən edilmişdir. Bu barədə Ağcabədi rayon 1 saylı Mənzil Kommunal İstismar sahəsinin işçilərinin iştirakı ilə akt tərtib olunmuş və iştirakçıların imzası ilə təsdiq edilmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh1 verilmiş mənzildə özünün və ailəsinin yaşamadığı müəyyən edildiyindən onunla 19 dekabr 2012-ci il tarixdə bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad.14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (mad.77.1). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (mad.217.4). Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma" tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 19 dekabr 2012-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ailəsi ilə birlikdə Ağcabədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 556 saylı yeni yaşayış qəsəbəsindəki 5 saylı binanın 48 nömrəli mənzilindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar