Məhkəmə qərarları › İş №2(017)-549/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-549/2023

11.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-549/2023 11.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək verdiyi izahatında göstərdi ki, Ağcabədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 556 saylı qəsəbənin Mənzil Kommunal İstismar sahəsinin mühəndisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Həmçinin Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə orada yaşamayaraq həmin mənzillərdən istifadə etmirlər. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 30 noyabr 2016-cı il tarixli B-5 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Xocavənd rayonundan məcburi köçkün Cavabdeh Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Ağcabədi rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 556 saylı yeni yaşayış qəsəbəsindəki 5 nömrəli binada 38 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişlər. Ağcabədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 556 saylı qəsəbənin Mənzil Kommunal İstismar sahəsinin apardığı araşdırma zamanı Cavabdeh ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamadığı və başqa şəxsin istifadəsinə verməsi müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh və ailə üzvlərinin mənzildə yaşamadığı və mənzilin başqa şəxsə kirayə verməsi məlum olmuş, bu barədə onlara mənzilin kirayə verilməsinin qanunsuz olması bildirilmişdir. Bu barədə nəzarətçilər tərəfindən akt tərtib edilmişdir. Cavabdehlərin onlara verilmiş mənzildə yaşamadıqları və mənzilin kənar şəxsə kirayə verildiyi müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barəsində dəfələrlə onlara xəbərdarlıqlar edilmiş, lakin cavabdeh mənzilin təhvil verilməsindən imtina etmişdir. Məcburi köçkünlərin yaşayış sahələri ilə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. Hazırda ölkə ərazisində mənzillə təmin edilməmiş və mənzillə təmin olunmağa daha çox ehtiyacı olan məcburi köçkün ailələri var ki, onların Dövlət Proqramına uyğun olaraq növbəli və mərhələli qaydada mənzillə təmin olunması həyata keçirilir. Eyni zamanda ilkin olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tam qəzalı olmasına dair rəy verilmiş qəzalı vəziyyətdə olan və yaşayış üçün ciddi təhlükə törədən binalarda yaşayan məcburi köçkün ailələrinin köçürülməsinə ciddi şəkildə ehtiyac vardır. Belə olan halda, mənzillə təmin olunmuş məcburi köçkün ailələrinin həmin mənzillərdən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə uyğun olmayan formada istifadə etmələri, digər mənzillə təmin olunmağa ehtiyacı olan məcburi köçkün ailələrinin hüquqlarının pozulmasına səbəb olur. Odur ki, kirayə müqaviləsi şərtlərini pozmaqla mənzillərdən istifadə edən məcburi köçkünlərlə bağlanmış müqavilə ləğv edilməli həmin mənzillər mənzilə ehtiyacı olan digər məcburi köçkün ailələrinə mövcud qanunvericiliyin şərtlərinə uyğun olaraq verilməlidir. Ona görə də Cavabdeh ilə Departament arasında bağlanmış Ağcabədi rayonu 556 saylı yeni yaşayış qəsəbəsindəki 5 nömrəli binada 38 nömrəli 1 otaqlı mənzilin müvəqqəti istifadəsinə verilməsinə dair 30 noyabr 2016-cı il tarixli B-5 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini və Cavabdeh və qeyriləri həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, Xocavənd rayonundan məcburi köçkün düşdükdən sonra Ağcabədi rayonunda məskunlaşıb yaşamışlar. Yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə Ağcabədi rayonu ərazisində yerləşən və məcburi köçkünlər üçün inşa edilmiş binadan ona və ailə üzvlərinə 1 otaqlı mənzil verilmişdir. Bu barədə onlarla Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında 30 noyabr 2016-cı il tarixli B-5 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Həmin mənzildə özü və ailəsi müvəqqəti qeydiyyatda olmaqla yaşayırlar. Ailə tərkibi 3 nəfərdən, özü və iki uşağından ibarətdir. Hazırda ailənin ondan başqa gəlir gətirəni yoxdur. Uşaqlarının Bakı şəhərində müalicə və müayinəsi üçün az bir müddət Bakı şəhərində olmuşdur. Onların daimi və yeganə yaşayış yerləri hazırkı mübahisəli mənzildir. Başqa yaşayış yerləri yoxdur. Hazırda özü və ailəsi mübahisəli mənzildə yaşayır. Mübahisəli mənzil başqa şəxsə və yaxud şəxslərə kirayəyə verilməmişdir. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan 30 noyabr 2016-cı il tarixli B-5 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağcabədi rayon Mənzil Kommunal İstismar sahəsi ilə Cavabdeh arasında bağlanmış, 30 noyabr 2016-cı il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən sonuncuya, cəmi 3 nəfərdən ibarət ailə üzvlərinə Ağcabədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 556 saylı yeni yaşayış qəsəbəsindəki 5 nömrəli binada 38 nömrəli 1 otaqlı mənzil verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, Ağcabədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 556 saylı yeni yaşayış qəsəbəsindəki 5 nömrəli binanın 38 nömrəli mənzilinə yoxlama keçirilmiş, yoxlama zamanı mənzilin kirayə verilməsi müəyyən olunmuşdur. Bu barədə Ağcabədi rayon 1 saylı Mənzil Kommunal İstismar sahəsinin mühəndisi və sahə nəzarətçiləri tərəfindən akt tərtib olunmuşdur. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələbinə əsasən: 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 100.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. 100.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cu hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh qeydiyyat yeri Xocavənd rayonu kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağcabədi rayon Mənzil Kommunal İstismar sahəsi ilə Cavabdeh arasında bağlanmış, 30 noyabr 2016-cı il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən sonuncuya, cəmi 3 nəfərdən ibarət ailə üzvlərinə Ağcabədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 556 saylı yeni yaşayış qəsəbəsindəki 5 nömrəli binada 38 nömrəli 1 otaqlı mənzil verilmişdir. Ağcabədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 556 saylı yeni yaşayış qəsəbəsindəki 5 nömrəli binanın 38 nömrəli mənzilinə müxtəlif vaxtlarda Ağcabədi rayon 1 saylı Mənzil Kommunal İstismar sahəsinin mühəndisi və nəzarətçilərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı mənzildə yaşayış olmadığı müəyyən edilmişdir. Həmçinin yoxlama zamanı mübahisəli mənzilin başqa şəxsə kirayə verilməsi aşkar olunmuşdur. Bu barədə Ağcabədi rayon 1 saylı Mənzil Kommunal İstismar sahəsinin mühəndisi və nəzarətçilərinin iştirakı ilə akt tərtib olunmuş və iştirakçıların imzası ilə təsdiq edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və təqdim edilmiş sənədləri araşdıraraq iş üzrə aşağıdakı nəticələrə gəlir. Tərtib edilmiş hər üç aktın məzmunundan göründüyü kimi aktın iştirakçılarını yalnız iddiaçının işçiləri təşkil edir və aktın günün hansı saatında tərtib edilməsi göstərilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmetini təşkil edən münasibətlərlə bağlı sübutlara dair qanunvericiliklə xüsusi tələblər müəyyən edilməsə də iş üzrə əhəmiyyətli sübutlar təsdiq etdiyi hallara dair mötəbər və obyektiv olmalıdır. İndiki halda isə aktların tərtib edilməsi zamanı cavabdehin iştirakı təmin edilməmiş, iddia edilən kirayə faktına dair nə kirayəçinin, nə də ailə üzvlərinin qeyd və ya təsdiqi olmamışdır. Müvafiq aktların tərtibi zamanı mübahisə predmeti ilə aidiyyəti olmayan üçüncü şəxslər də şahid kimi cəlb edilməmişdir. Göründüyü kimi aktların tərtibi yalnız iddiaçının nümayəndələri ilə məhdudlaşmış, sənədlərdə qeyd olunan hallara dair nə cavabdehin, nə də üçüncü şəxslərin təsdiqi olmamışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə yaşamamaları və kənar şəxslərə kirayəyə verilməsi heç bir mötəbər sübutla təsdiqini tapmamışdır. Cavabdehlərin mübahisəli mənzildə yaşamamaları və kənar şəxslərə kirayəyə verilməsi ilə bağlı tərtib olunmuş aktlar digər sübutlarla təkzib olunmuşdur. İddiaçının gətirdiyi dəlillər və hallar xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv olunması üçün əsas ola bilməz. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma" tələbinə dair iddiası qanunsuz və əsasız olduğuna görə təmin edilməməlidir. Yuxarıda qeyd olunan qanunun normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının iddiasının təmin edilməsi barədə nəticəyə gəlmək üçün əsas verən lazımi sübutlarla təmin olunmamışdır. Bununla əlaqədar, iddiaçının göstərdiyi hallar digər sübutlarla təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad.14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (mad.77.1). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (mad.217.4). Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh qarşı "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar