Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-55/2023 12.01.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə aralarında Ağcabədi rayon Qeydiyyat şöbəsində rəsmi nikahları qeydə alınmışdır. Həmin nikah qeyd edilməsinə baxmayaraq cavabdehlə onun heç bir ailə münasibəti olmamış, aralarında bağlanmış nikah formal xarakter daşımışdır. Cavabdeh onun əmisi nəvəsidir. Eyni zamanda Cavabdeh əmisi oğlu mərhum X1 arvadı olmuş, onların evliliyindən bir uşaqları olmuşdur. Nemət 2020-ci ildə ölmüşdür. Nemətin ölümündən sonra ailə üzvlərinin təkidi ilə onların nikahları rəsmiləşmişdir. Aralarında olan nikahın qeydə alınmasına nə onun nədə ki, Ülviyyənin niyyəti və razılığı olmamışdır. Onlar ərarvad kimi bir yerdə yaşamamışlar. Onlar arasında bağlanmış nikahın etibarsız hesab edilməsi üçün Ağcabədi rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Ona görə də Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə Ağcabədi rayon Qeydiyyat şöbəsində bağlanmış, akt qeydləri kitabında 118 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan hazırkı mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh İddiaçı ilə olan nikahları Ağcabədi rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə xx.xx.2021-ci il tarixli, 118 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Mirzəyeva soyadı verilmişdir. Mülki işin materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. Mülki işin materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1998-ci il tarixdə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. Mülki işin materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsinin 18 iyul 2022-ci il tarixli, 05/76-632/15 nömrəli məktubundan görünür ki, İddiaçı Ağcabədi rayon Qeydiyyat şöbəsinə daxil olmuş ərizəsinə baxılmış, ona nikahın etibarsız sayılması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17ci maddəsinin İ hissəsinə əsasən ailə cəmiyyətin əsas özəyi olmaqla dövlətin xüsusi himayəsindədir. Dövlətin ailə və nikah siyasətinin əsas məqsədi ailə həyatının keyfiyyətinin yüksəldilməsi, onun əsas funksiyalarının həyata keçirilməsi üçün zəruri şəraitin təmin edilməsi və bütün vasitələrlə ailənin müdafiəsindən ibarətdir. Bu baxımdan, nikah hüququ fərdin ayrılmaz və təbii hüququ kimi Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında yer almışdır. Belə ki, Konstitusiyanın 34-cü maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Nikah və ailə dövlətin himayəsindədir. Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Konstitusiyada və beynəlxalq hüquqi aktlarda əks olunmuş nikah və ailə münasibətləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra – Ailə Məcəlləsi) ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Ailə qanunvericiliyi ilə nikahın etibarsız sayılmasının şərtləri və nikahın etibarsız sayılmasının nəticələri müəyyən edilmişdir. Ailə Məcəlləsinin 25-ci maddəsinə görə bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Eyni zamanda, ailə qanunvericiliyi nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslərin dairəsini də dəqiq müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 26-cı maddəsinə əsasən aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: - nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; - pozulmamış əvvəlki nikah üzrə ər (arvad); - saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə olan nikahları tərəflərin könüllü razılığı və iradə sərbəstliyi əsasında, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadan Ağcabədi rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə xx.xx.2021-ci il tarixli, 118 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Hüseynov”, arvada “Mirzəyeva” soyadı verilmişdir. İddiaçı Cavabdeh arasında olan nikah rəsmiləşsə də, onların nikaha daxil olmaq ər-arvad kimi yaşamaq niyyətləri olmamışdır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ilə Ağcabədi rayon Qeydiyyat şöbəsində bağlanmış, xx.xx.2021-ci il tarixli, 118 nömrəli akt qeydi ilə tərtib olunmuş nikah tərəflərin hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda bağlandığına görə etibarsız sayılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad.14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (mad.77.1). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (mad.217.4). Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ilə Ağcabədi rayon Qeydiyyat şöbəsində bağlanmış, xx.xx.2021-ci il tarixli, 118 nömrəli akt qeydi ilə tərtib olunmuş nikah etibarsız sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-55/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-55/2023
12.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver