Məhkəmə qərarları › İş №2(017)-640/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-640/2024

13.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-640/2024 13.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və məhkəməyə verdiyi izahatında bildirdi ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 90,5 kv.m olan 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli Çıxarış əsasında tam olaraq onun mülkiyyətindədir. Qeydiyyatda olan şəxslər barəsində arayış alan zaman ona məlum olmuşdur ki, qardaşı oğlu Cavabdeh ona məxsus evdə qeydiyyatda qalmışdır. Cavabdeh uzun illərdir ki, Rusiya Federasiyasına getmiş və daimi yaşamaq üçün orada qalmışdır. Lakin cavabdeh bir daha da ona məxsus evə qayıdıb yaşamamsına baxmayaraq onun evdən istifadə hüququna qanunla müəyyən edilmiş qaydada xitam verilmədiyinə görə evdən qeydiyyatdan çıxmamış, xüsusi mülkiyyətində qeydiyyatda olmaqla istifadə hüququ saxlanılır. Buna görə də xüsusi mülkiyyətində olan mənzilindən öz istədiyi kimi sərbəst istifadə edə bilmir. Həmçinin, mülkiyyətində olan mənzilindən öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətlərini həyata keçirə bilmir. Cavabdehin mənzildə istifadə hüququnun saxlanması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona görə də ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 90,5 kv.m olan 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış sahəsindən Cavabdeh istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1 nömrəli evdə yerləşən yaşayış sahəsinə İddiaçı tam mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Cəfərov X2 şəhəri, Zülfü Adıgözəlov küçəsi ev 68-də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1986-cı il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində doğulmuşdur. ünvan 1-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 08/4531/di nömrəli məktubundan görünür ki, təqdim edilmiş sənədlərə əsasən aparılmış icraat nəticəsində xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və barəsində xx.xx.2024-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Eyni zamanda, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi üzrə yoxlama zamanı Cavabdeh 2005-2019-cu illərdə Rusiya Federasiyasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında ölkə ərazisinə giriş-çıxışı qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarını istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, beynəlxalq hüquq aktlarında (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı) protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) isə nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 1 saylı protokolunu 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyasının fikrincə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində müəyyən olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, cavabdehin davamlı sürətdə müəyyən müddət ərzində başqa mənzildə yaşamasını davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli mənzil İddiaçı xüsusi mülkiyyətində olduğundan, yuxarıda sadalanan maddi hüquq normalarına əsasən iddiaçının xüsusi mülkiyyətində olan həmin yaşayış sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ vardır. Buna görə də mülkiyyətçi bu hüququnu həyata keçirmək üçün mənzildə istifadə hüququ olan şəxsə müvafiq kompensasiya vermədən, həmin şəxsin istifadə hüququna xitam verməklə hüququnu həyata keçirməkdə haqlıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı məxsus Ağcabədi şəhəri, Z.Adıgözəlov küçəsi ev 68-də yerləşən yaşayış sahəsindən daimi yaşamaq üçün Rusiya Federasiyasına getmiş, təqdim edilmiş sənədlərə əsasən Azərbaycan Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsində aparılmış icraat nəticəsində xx.xx.1986cı il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və barəsində xx.xx.2024-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Eyni zamanda, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi üzrə yoxlama zamanı Cavabdeh 2005-2019-cu illərdə Rusiya Federasiyasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında ölkə ərazisinə giriş-çıxışı qeydə alınmışdır. Buna baxmayaraq Ağcabədi şəhəri, Z.Adıgözəlov küçəsi ev 68-də yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələbinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Ağcabədi şəhəri, Z.Adıgözəlov küçəsi ev 68də yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar