Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-78/2023 24.01.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ona və ailə üzvlərinə Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisindən 2,14 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkib becərməklə ailəsini dolandırır. Lakin Ağcabədi rayon Minəxorlu kənd sakini X5 torpaq sahəsindən istifadə etməsinə maneələr yaratmaqla ona maddi və mənəvi ziyan vurmuşdur. Ailə üzvləri ilə birlikdə 2,14 hektar torpaq sahəsində 2021-ci ilin payızında ailənin dolanışığı məqsədilə taxıl bitkisi əkmişdir. Taxıl biçini mövsümünə yaxınlaşanda sahəyə baxmağa gedərkən 2,14 hektar taxıl sahəsinin 1,64 hektar hissəsinin mal-qoyunla otarılaraq tamamilə məhv olunmasını görmüşdür. Taxıl əkilmiş sahənin kim tərəfindən otarılmasını araşdırmış, sonradan həmin ərazidə heyvan otaran ayrı-ayrı şəxslərdən öyrənmişdir ki, taxılı sahəsi həmkəndlisi Cavabdeh tərəfindən dəfələrlə otarılaraq yararsız vəziyyətə salınmışdır. Torpaq sahəsi kəndin kənarında yaşadığı evdən 3-4 km aralıda yerləşir. Taxıl məhsulunun otarılması və tamamilə məhv olunması barədə kənd icra nümayəndəliyinə məlumat vermişdir. Cavabdeh yanına gedərək onun taxıl sahəsini otarmasını irad tutaraq səbəbini soruşmuş, Cavabdeh taxıl sahəsini qoyunlarla otarmasını etiraf edərək səhvən qoyunların bir neçə dəfə taxıl sahəsinə girdiyini demiş və vurduğu ziyanı qəbul edərək taxıl biçini zamanı ziyanın dəyərində taxıl alıb ona verəcəyini öhdəsinə götürmüşdür. Taxıl biçinini gözləyərək Cavabdeh taxıl alıb verəcəyinə inanmışdır. Lakin taxıl biçini zamanı dəfələrlə kənd İcra nümayəndəsi Cahandar müəllim Cavabdeh çağıraraq ona vurduğu ziyanı ödəməsini desə də Cavabdeh ziyanı ödəməkdən boyun qaçırmışdır. Bundan sonra məcbur olub taxıl sahəsinin otarılaraq ona vurulmuş ziyanın məbləğinin hesablanması üçün mütəxəssisə müraciət etmiş, "xxxx" MMC-nin mütəxəssis eksperti ilə müqavilə bağlamış, mütəxəssis tərəfindən kənd icra nümayəndəsinin və onun iştirakı ilə yerində əraziyə baxış keçirərək, bu barədə akt tərtib edilmiş, fotoşəkillər çəkilmiş və ziyanın məbləği hesablanaraq mütəxəssis rəy verilmişdir. 1,64 hektar taxıl sahəsi Cavabdeh tərəfindən qoyunlarla dəfələrlə otarılaraq tamamilə məhv edilmiş və bununla da ona 3280 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa mütəxəssislə müqavilə bağlayaraq 120 manat xidmət haqqı ödəmiş, eyni zamanda mütəxəssisin dəvət olunması, Beyləqan şəhərindən Ağcabədi rayon Minəxorlu kəndinə gəlib getməsi və rəyin alınması üçün Beyləqan şəhərinə gedib gəlmiş və bu məqsədlə də 100 manat yol xərci ödəmişdir. Yol xərci və mütəxəssisin xidmət haqqı kimi cəmi 220 manat məbləğində pul da Cavabdeh tələb olunaraq onun xeyrinə ödənilməlidir. Ziyanı cavabdehdən tələb etsə də ala bilməmişdir. Ona görə də mülkiyyət hüququ üzrə ona məxsus olan, Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində yerləşən 2,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkdiyi 1,64 hektar taxıl məhsulunun mal-qara ilə otararaq məhv etməsi nəticəsində vurduğu maddi ziyanın əvəzi olaraq 3280 manat məbləğində pulun, xidmət haqqı olaraq mütəxəssisə ödənilmiş 120 manat və nəqliyyat xərci olaraq 100 manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Minəxorlu kəndində yaşamış, 2022-ci ilin sentyabr ayından Yevlax rayonunun Qaraməmmədli kəndi ərazisində olan fermada çoban işləyir. Ailəsi və uşaqları da onunla birlikdə yaşayır. Özünə məxsus olan 15-20 baş qoyun heyvanlarını da yerləşdiyi fermada saxlayır. İddiaçıya məxsus taxıl sahəsini mal-qarası ilə otarmamış, onun tərəfindən heç kimə, o cümlədən iddiaçıya ziyan vurulmamışdır. Ziyanın ödənilməsi ilə əlaqədar iddiaçı ilə aralarında hər hansı danışıq və yaxud razılaşma olmamışdır. Minəxorlu kənd icra nümayəndəsi Cahandar Quliyev ona telefonla zəng edib Mahirin ondan şikayət etməsini və sonuncuya məxsus taxıl sahəsinin onun tərəfindən otarılmasını dediyini ona bildirmişdir. Mahirə məxsus taxıl sahəsinin onun tərəfindən otarılması və vurduğu ziyanı ödəyəcəyi barədə nə Cahandara, nə də başqa şəxsə söz deməmiş, bu barədə üzərinə hər hansı bir öhdəlik götürməmişdir. Əgər onun tərəfindən iddiaçıya məxsus taxıl sahəsinin otarılmasını təsdiq edən qarşı tərəfin sübutu varsa məhkəməyə təqdim etsin. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, hazırda Ağcabədi rayon İcra başçısının Minəxorlu kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləyir. İddiaçı və Cavadov X1 sakinləridir, hər iksi ilə münasibətləri normaldır, aralarında ədavət və şəxsi qərəzçilikləri yoxdur. İddiaçı 2022-ci ilin iyul ayında ona müraciət edərək bildirmişdir ki, pay torpaq sahəsində əkdiyi taxılı Cavabdeh heyvanları ilə otarıb ona ziyan vurmuşdur. Bu barədə Babəklə danışmış, Babək Mahirin dediklərinə qəti etiraz etmiş və sonuncuya məxsus taxıl sahəsinə onun tərəfindən ziyan vurulmadığını bildirmişdir. Babək Mahirə məxsus taxıl sahəsinin onun tərəfindən otarılması və vurduğu ziyanı ödəyəcəyi barədə ona heç bir söz deməmiş, bu barədə üzərinə hər hansı bir öhdəlik götürməmişdir. Ziyan vurulmuş əraziyə baxış keçirilərkən təxminən taxıl sahəsinin 1,64 ha hissəsinin heyvanlar tərəfindən otarıldığı müəyyən edilmişdir. Lakin həmin taxıl sahəsinin kim tərəfindən otarılması barədə onda heç bir məlumat yoxdur. Məhkəmə tərəflərin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən təqdim edilir və bununla əlaqədar, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsi). Yuxarıda qeyd olunan qanunun normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının iddiasının təmin edilməsi barədə nəticəyə gəlmək üçün əsas verən lazımi sübutlarla təmin olunmamışdır. Bununla əlaqədar, iddiaçının göstərdiyi hallar digər sübutlarla təsdiqini tapmamış və cavabdeh tərəfindən etiraf edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı öz hüquqi mövqeyini ifadə etmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığı hallarda, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işləri üzrə 21 yanvar 2007-ci il tarixli Qərar). Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı bir sıra qərarlarında Avropa Məhkəməsinin hüquqi mövqeyinə oxşar mövqelər formalaşdırmışdır. Belə ki, E.Həkimovun şikayəti üzrə 3 noyabr 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquq və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiyasıya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası MM-nin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənməlidir. Azərbaycan Respublikasının MM-nin 1096-cı maddəsi mülki hüquq pozuntusunu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) kimi səciyyələndirir. Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1). Zərər vurulmalıdır. 2). Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3).Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Azərbaycan Respublikasının MM-nin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Konkret halda, istər iş materialları ilə, istərsə də iddiaçının məhkəmə iclasında verdiyi izahatla iddia tələbinin əsaslı olması sübuta yetməmişdir. Məhkəmə iclası zamanı iddiaçıya iddia ərizəsində qeyd edilmiş xüsusatları - konkret olaraq, cavabdehin hüquqa zidd hərəkətlərinin olubolmamasını faktlarla əsaslandırması təklif edilsə də, iddiaçı hər hansı bir sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, cavabdehin konkret olaraq hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində iddia tələbi olan 3280 manat məbləğində maddi ziyanın əmələ gəlməsinə dair də iddiaçı mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericilik aktının bu normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-78/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-78/2023
24.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver