Məhkəmə qərarları › İş №2(017)-97/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-97/2025

31.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-97/2025 31.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı1, İddiaçı4, İddiaçı5, Əliyeva (Rzayeva) Ləman Baba qızının, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkli Ağcabədi rayon Vəkil Bürosunun vəkili Nümayəndə, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, Əliyeva (Rzayeva) Ləman Baba qızı, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh3, X5, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsnə və Ağcabədi Notariat kontoruna qarşı İddiaçı1 və digərləri ilə X6 arasında 31 may 2008-ci il tarixdə Ağcabədi Notariat kontorunda bağlanmış Ağcabədi şəhəri ərazisində yerləşən torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğvi, cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və cavabdehlər Cavabdeh3 və X4 torpaq sahəsindn çıxarılma tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, Əliyeva (Rzayeva) Ləman Baba qızı, İddiaçı4 və İddiaçı5 cavabdehlər – Cavabdeh3, X5, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsnə və Ağcabədi Notariat kontoruna qarşı X3 və digərləri ilə X6 arasında 31 may 2008-ci il tarixdə Ağcabədi Notariat kontorunda bağlanmış Ağcabədi şəhəri ərazisində yerləşən torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğvi, cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və cavabdehlər Cavabdeh3 və X4 torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı1 izahat verərək göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarına əsasən JN 375, kod 60801004 saylı Dövlət Aktı ilə ona və ailə üzvlərinin mülkiyyətinə 3,38 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini 2008-ci il tarixdə Cavabdeh3 10 il müddətinə icarəyə vermişlər. Bunun müqabilində Cavabdeh3 onlara 4000 manat pul və ayrı-ayrı vaxtlarda buğda, arpa və yonca bağı vermişdir. Axırıncı dəfə Cavabdeh3 icarə haqqı kimi onlara arpa və yonca bağı göndərmiş, onun tərəfindən göndərilmiş fəhlələr həmin məhsulları daşıyıb həyətə yığmışlar. Lakin bu yaxınlarda onlara məlum olmuşdur ki, mülkiyyətlərində olan torpaq sahəsi alqı-satqı edilərək cavabdeh X6 adlı, heç vaxt görmədikləri və tanımadıqları bir şəxsin adına keçirilmişdir. Bağlanmış alqı-satqı müqaviləsi onlar tərəfindən imzalanmamışdır. Onlar ümumiyyətlə notariat kontoruna getməmişlər. Onun özü 1-ci qrup əlildir. Ona görə də cavabdehlər Cavabdeh3 və Cavabdeh4 onun bu köməksiz vəziyyətindən istifadə etməklə Cavabdeh3 icarəyə verilmiş torpaq sahəsini tanımadıqları və heç vaxt görmədikləri Cavabdeh4 adlı şəxsə güya satmışdır. Alqı-satqı müqaviləsindəki adlarının qarşısındakı imzalar onlar tərəfindən icra olunmamışdır. Ona görə o, X6 aralarında olan 31 may 2008-ci il tarixli, Ağcabədi Notariat kontorunda bağlanmış Ağcabədi şəhəri ərazisində yerləşən torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğvi, cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və cavabdehlər Cavabdeh3 və X4 torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı4, Əliyeva (Rzayeva) Ləman Baba qızı və İddiaçı5 eyni məzmunlu izahat verərək İddiaçı1 izahatında göstərdiyi xüsusatları təsdiq etdilər və iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında İddiaçı1 etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili Ağcabədi rayon Vəkil Bürosunun vəkili Nümayəndə İddiaçı1 izahatına uyğun çıxış edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, 2008-ci il tarixdə iddiaçılar İddiaçı1, İddiaçı2, Əliyeva (Rzayeva) Ləman Baba qızı, İddiaçı4 və İddiaçı5 mülkiyyətinə verilmiş, Ağcabədi şəhəri ərazisində yerləşən 2.8165 hektar kənd təsərüfatı məhsullarının istehsalı təyinatlı torpağı 6600 manata almışdır. İddiaçı1 1-ci qrup gözdən əlil olduğu üçün Ağcabədi rayon Notariat kontorunun notariusu Abdı Şirinov idiaçıların yaşadığı evə gedərək öz iştirakı ilə onlara imza etdirmişdir. Həmin vaxt iddiaçılardan İddiaçı5 və İddiaçı4 azyaşlı olduqları üçün Ağcabədi rayon İHB-nın Qəyyumluq və Himayəçilik komissiyasıda cəlb edilmişdir. Digərləri isə ayrı ayrılıqda torpağın satılmasına razı olmalarına dair Ağcabədi rayon Notariat kontoruna ərizələr vermişlər. Alqı-satqı zamanı Ağcabədi rayon Notariat kontoru tərəfindən bütün zəruri sənədlər toplanmış və iddiaçılarla onun arasında 2008-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Bu günədək heç bir tələbləri olmamışdır. İddia tam əsassızdır ona görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, o, Cavabdeh4 ilə pay tarpaqlarını dəyişdiriblər. Belə ki, X4 torpaqı ona yaxın olduğu üçün İddiaçı1 aldığı torpağı birbaşa Raqubun adına sənədləşdirmişlər. Çünki həmin torpaq sahəsi Raqubun evinə yaxın ərazidə yerləşir. Ona görə də 2008-ci il tarixdə iddiaçılar İddiaçı1, İddiaçı2, Əliyeva (Rzayeva) Ləman Baba qızı İddiaçı4 və İddiaçı5 mülkiyyətinə verilmiş, Ağcabədi şəhəri ərazisində yerləşən 2.8165 hektar kənd təsərüfatı məhsullarının istehsalı təyinatlı torpağı 6600 manata razılaşaraq iddiaçılarla Raqub arasında Ağcabədi rayon Notariat kontorunda alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı1 1-ci qrup gözdən əlil olduğu üçün Ağcabədi rayon Notariat kontorunun notariusu Abdı Şirinov idiaçıların yaşadığı evə gedərək öz iştirakı ilə onlara evdə imza etdirmişdir. Həmin vaxt iddiaçılardan İddiaçı5 və İddiaçı4 azyaşlı olduqları üçün Ağcabədi rayon Qəyyumluq və Himayəçilik komissiyasıda cəlb edilmiş və razılıq verilmişdir. Digərləri isə ayrı ayrılıqda torpağın satılmasına razı olmalarına dair Ağcabədi rayon Notariat kontoruna ərizələr verməklə müqaviləni imzalamışlar. Alqı-satqı zamanı Ağcabədi rayon Notariat kontoru tərəfindən bütün zəruri sənədlər toplanmış və iddiaçılarla Raqub arasında 2008-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. İddia tam əsassızdır ona görə də iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi idarəsinə və Ağcabədi rayon Notariat kontoruna məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələbinə əsasən, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarına əsasən JN 375, kod 60801004 saylı Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, həmin akta əsasən İddiaçı1 və onun ailə üzvlərinə kənd təsərüfatı məhsullarının istehsalı üçün 3.38 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 31 may 2008-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki,iddiaçılarla cavabdeh X6 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş 2008-ci il tarixli alqı-satqı müqaviləsində olan ərizələrdən görünür ki, iddiaçılar Ağcabədi şəhəri ərazisində olan 2.8165 ha torpaq paylarını 6600 manata cavabdeh X1 razılıq vermişlər. İş materiallarına əlavə edilmiş Ağcabədi RTŞ-nin nəzdindəki qəyyumluq və himayə şurasının sədrinin 23 may 2008-ci tarixli Rəydən görünür ki, şura üzvləri Ağcabədi şəhər sakini X2 ailə üzvlərinə məxsus, əkin üçün yararlı 2.8165 hektar torpaq sahəsini Ağcabədi şəhər sakini Cavabdeh4 satılmasını məqsədə müvafiq hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ağcabədi şəhəri ərazisində yerləşən 2.8155 ha torpaq sahəsi Cavabdeh4 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Ağcabədi rayon şöbəsi tərəfindən verilmiş 005319 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı1 birinci qrup gözdən əlildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş 12 oktyabr 2010-cu il tarixli, AA002632 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Cavabdeh4 Ağcabədi şəhəri ərazisində 2.8155 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 01117371 seriyalı, **********58 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 2.8155 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi Cavabdeh4 mülkiyyətinə verilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş və mübahisəli torpaq sahəsinin Cavabdeh3 icarəyə vermələri barədə məhkəməyə heç bir təsdiqedici sənəd təqdim etməmişlər. Həmçinin məhkəmə iclasında idiaçılardan həmin dövrə aid sərbəst imzalar tələb edilsə də, onlar alqı-satqı olunduğu ilə aid kifayət qədər imza təqdim edə bilməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 399.1-ci maddəsinin tələbinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 650-ci maddəsinə əsasən Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 10 dekabr 1948-ci il tarixli, 217A(111) saylı qətnaməsi ilə qəbul olunmuş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir şəxsin həm təkbaşına, həm də müştərək mülkiyyətə sahib olma hüququ vardır. Heç kim özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 20 mart 1952-ci ildə qəbul olunmuş 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna omaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş hallar müəyyən edilməmiş, iddiaçılar bununla bağlı hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, Əliyeva (Rzayeva) Ləman Baba qızı, İddiaçı4 və İddiaçı5 cavabdehlərə qarşı iddiası qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 124.2-ci maddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. MPM-in 184.2-cü maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Həmin Məcəllənin 217.4-cü maddəsində qeyd edilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə qə t e t d i : İddia təmin edilməsin. İddiaçılar İddiaçı1, İddiaçı2, Əliyeva (Rzayeva) Ləman Baba qızı, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh3, X5, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsnə və Ağcabədi Notariat kontoruna qarşı X3 və digərləri ilə X6 arasında 31 may 2008-ci il tarixdə Ağcabədi Notariat kontorunda bağlanmış Ağcabədi şəhəri ərazisində yerləşən torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğvi, cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və cavabdehlər Cavabdeh3 və X4 torpaq sahəsindn çıxarılma tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar