Məhkəmə qərarları › İş №2(018)-122/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-122/2025

02.02.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-122/2025 02.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə? MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonunun Çayoba kəndi ərazisində yerləşən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.12 hektar torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən alınıb ona və ailə üzvlərinə verilməsi, cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması və ödənilmiş 100 manat məhkəmə rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Astara rayonu, Çayoba (keçmiş Telman) kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin ona və ailə üzvlərinə məxsus olduğu müəyyən edilmişdir. X1 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Göstərilən torpaq sahəsi ümumi birgə mülkiyyət olmasına baxmayaraq, qaynı, Cavabdeh tərəfindən zəbt edilmişdir. Nəticədə onun və övladlarının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulmuşdur. O, cavabdehlə mübahisəni məhkəmədən kənar qaydada həll etməyə cəhd göstərsə də, buna nail ola bilməmişdir. Cavabdeh tərəfindən pozulmuş mülkiyyət hüquqlarının məhkəmə tərəfindən qorunması və müdafiə olunması zəruri hesab edilir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərdiklərini təsdiq edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan, JN – 101A, KOD 80106028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 04 saylı qərarı ilə 0.12 hektar həyətyanı torpaq sahəsi X2,X10, X11, X3, X4, X6, X12 ümumi paylı mülkiyyətinə verilib. Şəhadətnamə 256 nömrə ilə kitabda qeydə alınmışdır. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli, 494 nömrəli Astara rayon İHB-nin Pensər kənd İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, İddiaçı Astara rayonu Çayoba kəndində yaşayır. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6078 saylı, 29 sentyabr 2025-ci il tarixli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2- 2637/2025 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Agrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 04 saylı qərarı əsasında JN-101A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə Nuriyeva (Əliyeva) Filarə İsmayıl qızının və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Çayoba (keçmiş Telman) kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə dair mövcud elektron kadastr baza (xəritə) məlumatlarında məlumatların mövcud olmaması səbəbindən həmin 0,12 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən sənəd üzrə vəziyyət ilə faktiki naturada vəziyyət arasında müqayisəli təhlil aparmaq mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin faktiki istifadə və iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və faktiki istifadədə olan torpaq sahəsinin ölçüsünün 0,09 ha, iddia olunan torpaq sahəsinin ölçüsünün isə 0,11 ha olması məlum olmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2637/2025 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı əsasında JN-101A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə Nuriyeva (Əliyeva) Filarə İsmayıl qızının və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Çayoba (keçmiş Telman) kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini ve döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilib-edilməməsini də müəyyənləşdirmək mümkün olmamışdır. İddia olunan torpaq sahəsinin faktiki vəziyyətdə Cavabdeh istifadəsində olması müəyyən olunmuşdur. İddiaçı tərəfindən iddia edilən 0,11 ha torpaq sahəsinin koordinatlanının torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı əsasında JN-302A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə X7 mülkiyyətində olan 0,16 ha həyətyanı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Həmçinin mövcud baza məlumatlarına əsasən iddia edilen 0,11 ha torpaq sahəsinin 0,0345 ha hissəsinin koordinatlanının Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********07 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nə əsasən X8 mülkiyyətində olan 0,10 ha həyətyanı torpaq sahəsinin koordinatları ilə də üst-üstə düşməsi müəyyən olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na uyğun olaraq, Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək, həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Həmçinin İddiaçı faktiki istifadəsində olan 0,09 ha və iddia etdiyi mübahisəli 0,11 ha olmaqla ümumilikdə 0,20 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-101A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında X2 və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsi kimi öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, ekspert rəyi və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 04 saylı qərarı ilə 0.12 hektar həyətyanı torpaq sahəsi X2,X10, X11, X3, X4, X6, X12 ümumi paylı mülkiyyətinə verilmişdir. İddiaçı tərəfindən iddia edilən 0,11 ha torpaq sahəsinin koordinatlanının torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı əsasında JN-302A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə X7 mülkiyyətində olan 0,16 ha həyətyanı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Həmçinin mövcud baza məlumatlarına əsasən iddia edilen 0,11 ha torpaq sahəsinin 0,0345 ha hissəsinin koordinatlanının Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********07 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nə əsasən X8 mülkiyyətində olan 0,10 ha həyətyanı torpaq sahəsinin koordinatları ilə də üst-üstə düşməsi müəyyən olunmuşdur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin, istifadə hüququ isə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Qanunun mənasına görə mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: əmlakın mülkiyyətçiyə məxsus olması, əmlakın başqa şəxsin sahibliyində olması və sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini (qanuni sahibi) MM-in 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmiş, ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edərək müəyyən etmişdir ki, iddiaçıya məxsus 0.12 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün deyil. Belə olan halda, məhkəmə hesab edir ki, iddia edilən torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olduğunu təsdiq edən sübutlar təqdim edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1, 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi rədd edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməli və 50 manat tikinti-texniki ekspertizası xərci İddiaçı tutulmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Tikinti-texniki obyektlərin tədqiqi üçün hesablanmış 50 (əlli) manat rüsum İddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************, Adı: X9, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar