Məhkəmə qərarları › İş №2(018)-1260/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1260/2023

30.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1260/2023 30.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Qeyri yaşayış sahəsinin boşaldılması və dəymiş ziyana görə 3600 manat tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “Qeyri yaşayış sahəsinin boşaldılması və dəymiş ziyana görə 3600 manat tələbinə dair” iddia ərizəsi ilə Məhkəməyə ilə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1-də yerləşən qeyri yaşayış sahəsinin boşaldılması və ona vurduğu ziyana görə ondan 3600 manat pulun alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın predmetinin artırılması barədə ərizə ilə müraciət edərək Cavabdeh ona vurduğu ziyana görə 15600 manat pulun alınmasına dair qətnaməçıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib izahat verərək bildirdi ki, anası mülkiyyətində olan ünvan 1-də yerləşən qeyri yaşayış sahəsini 2015-ci il tarixdə ona bağışlamış və həmin müqavilə əsasında onun adına reyestr nömrəsi **********65-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 22 dekabr 2021-ci il olan çıxarışda tərtib edilmişdir. 2015-ci ildən o, həmin qeyri yaşayış sahəsini qardaşı Cavabdeh icarəyə vermişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh ona hər ay 100 manat icarə haqqı verməli idi. Ancaq Cavabdeh ona aylıq icarə haqqı ödəməmiş və mülkiyyətində olan ünvan 1-də yerləşən qeyri yaşayış sahəsinin boşaldmır. Odur ki, o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını Məhkəmədənm xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və verdiyi izahatında göstərdi ki, ünvan 1-də yerləşən qeyri yaşayış sahəsini o, valideyinlərinin sağlığında istifadə edir. Sonra isə İddiaçı ilə aralarında olan razılaşmaya əsasən hər ay ona 100 manat pul vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş sənədlərdən məlum olur ki, İddiaçı 25 oktyabr 1965-ci il tarixdə anadan olmaqla Rusiya Federasiyası vətəndaşıdır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrin reyestr nömrəsi **********65-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 22 dekabr 2021-ci il olan çıxarışdan məlum olur ki, İddiaçı mülkiyyətində ünvan 1 ünvanında 105,5 kvadrat metr qeyri-yaşayış sahəsi vardır. Beləliklə, məhkəmə baxışı iclasında proses iştirakçılarının izahatlarına və iş materiallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində ünvan 1 ünvanında 105,5 kvadrat metr qeyri-yaşayış sahəsi vardır. Həmin qeyri-yaşayış sahəsini Cavabdeh istifadəsində olmuşdur. Cavabdeh həmin qeyri-yaşayış sahəsini boşaltmaq istəmir. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Ancaq İddiaçı Cavabdeh 8 il ərzində icarə haqqını verməməsinə görə ona 15600 manat ziyan dəyməsini tələb etmiş olsa da həmin halları təsdiq edən subutları, icarə müqaviləsini, aylıq icarə haqqına dair sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

Həmin Məcəllənin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına müvafiq olaraq hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən və iş materiallarına hərtərəfli, tam və obyektiv qiymət verib məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Dövlət Rüsumu haqqında Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “Qeyri yaşayış sahəsinin boşaldılması və dəymiş ziyana görə 3600 manat tələbinə dair” iddiası qismən təmin olunsun. Cavabdeh İddiaçı mülkiyyətində olan, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrin reyestr nömrəsi **********65-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 22 dekabr 2021-ci il olan çıxarışda qeyd edilən, ünvan 1 ünvanında yerləşən 105,5 kvadrat metr qeyri-yaşayış sahəsindən çıxarılsın, həmin 105,5 kvadrat metr qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. İddia tələbi 15600 manat ziyan hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar