Məhkəmə qərarları › İş №2(018)-1336/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1336/2025

21.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1336/2025 21.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon İdarəsinə qarşı “əmək müqaviləsinə qanunsuz xitam verilməsinin etibarsız hesab edilməsi, işə bərpa, əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon İdarəsinə qarşı “əmək müqaviləsinə qanunsuz xitam verilməsinin etibarsız hesab edilməsi, işə bərpa, əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi haqqında verilmiş əmrin qanunsuz və etibarsız hesab edilməsi, onun əvvəlki işinə - “məxvi kargüzar” vəzifəsinə bərpa olunmağının təmin edilməsi, əmək müqaviləsinə xitam verildiyi tarixdən işə bərpa gününüdək olan müddət üçün orta əmək haqqının ödənilməsi, qanunsuz xitam səbəbindən ona dəymiş mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində kompensasiyanın cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia tələbini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı qaldırmalı olduğu halda, iddia tələbini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon İdarəsinə qarşı qaldırmış və Astara rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon İdarəsinin işə qəbul və ya işdən çıxarılma kimi səlahiyyətləri yoxdur. Belə ki, iş materiallarından da görünür ki, İddiaçı ilə əmək münasibətlərində olan və əmək müqaviləsi bağlayan orqan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətli şəxsidir. Belə olan halda, əmək müqaviləsinə xitam verən orqan da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti olmalıdır. Hətta, müvafiq səlahiyyət verən sənəd əsasında müqaviləyə əmək müqaviləsinə xitamı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon İdarəsi olsaydı belə iddia idarəyə qarşı deyil də, dövlət qurumunun özünə qarşı, onun yerləşdiyi hüquqi ünvana görə verilməlidir. Belə ki, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Qanunvericiliyə əsasən hüquqi şəxsin nümayəndəlikləri, filiallar, eləcə də idarələri hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Hüquqi şəxsin filial və nümayəndəlikləri hüquqi şəxsin təsdiq etdiyi əsasnamədə əks olunmuş hüquqları əldə edir və vəzifələr daşıyır, idarələri də Mülki Məcəllənin 54.3 və 54.4-cü maddələrinə uyğun olaraq, ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 fevral 2024-cü il tarixli Plenum Qərarında qeyd edilir ki, Azərbaycan Respunlikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddiaçının iddiasına cavab verməli olan şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti olduğundan və iddia həmin qurumun ünvanının olduğu yerə görə verilməli olduğundan iddiaçı iddia ərizəsi ilə Astara rayon Məhkəməsinə müraciət etməklə ərazi aidiyyəti qaydalarını pozmuş, onun ərizəsinə Astara rayon məhkəməsində baxıla bilməz. Bu səbəbdən ididia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon İdarəsinə qarşı “əmək müqaviləsinə qanunsuz xitam verilməsinin etibarsız hesab edilməsi, işə bərpa, əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadın təsviri hissəsində göstərilən çatışmazlıq aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə (elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar