Məhkəmə qərarları › İş №2(018)-137/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-137/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-137/2025 13.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X23 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh4 və maraqlı şəxs Astara rayon Notariat ofisinin notariusu X4 iştirakı ilə, İddiaçı, cavabdehlər Cavabdeh1, X5, Cavabdeh2, Cavabdeh4 və maraqlı şəxs Astara rayon Notariat ofisinə qarşı “daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1,X5, Cavabdeh2, Cavabdeh4 və maraqlı şəxs Astara rayon Notariat ofisinə qarşı “daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Astara rayon Notariat Ofisi tərəfindən 18 yanvar 2024-cü il tarixdə təsdiq edilmiş ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 143,6 m2, yaşayış sahəsi 60,6 m2 yardımçı sahəsi 83 m2 03 (üç) otaqlı fərdi yaşayış evinin və 0,06 ha olan torpaq sahəsinin Cavabdeh4 bağışlanmasına dair daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 sabiq həyat yoldaşı, Cavabdeh2 qayınanası, mərhum X8 qayınatası, Cavabdeh3 qızı isə baldızıdır. Cavabdeh1 ilə faktiki olaraq 2001-ci il tarixdə evlənmişlər. Aralarında olan nikahı xx.xx.2004-cü il tarixdə rəsmiləşdirmişlər. Cavabdehlərin razılığı ilə 2001-ci ildə ailə başçısı X8 və ailə üzvləri Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Səbuhi Seyfllayevin razılıqları ilə qayınatasının istifadəsində olan Astara rayonu, Suparıbağ kəndi ərazisində yerləşən fərdi yaşayış evinə tam hüquqlu ailə üzvi kimi gəlin köçmüşdür. Beləliklə ailə üzvü kimi 2001-ci ildən 2023-cü ilin avqust ayına kimi həmin fərdi yaşayış evində yaşamışdır. Mübahisə edilən fərdi yaşayış evində xx.xx.2002-ci il təvəllüdlü X13, xx.xx.2004-cü il tarixdə X12 və xx.xx.2004-cü il təvəllüdlü X10 adlı uşaqlarının anadan olmuşların. Ailədə ilk günlər münasibətləri normal olsada sonradan qayınanası ailə işlərinə qarışdığına görə, həmdə əri anasını müdafiə etdiyi üçün ailədə narazılıqlar olmağa başlamışdır. Belə ki, səbəbsiz olaraq əri tərəfindən döyülərək bütün qızıl zinət əşyaları ondan alınaraq uşağı ilə birlikdə evdən qovulmuşdur. Qızıl zinət əşyaları ondan alınaraq uşağı ilə birlikdə evdən qovulmuşdur. O və uşaqları mübahisə edilən evdə 2001-ci ildən 2023-cü ilin avqust ayına kimi ailə üzvü kimi yaşamışlar və həmin fərdi yaşayış evinə pasport qeydiyyatındadırlar. Onlar həmin evə köçürülməsinlər deyə qayınanası Cavabdeh2 və qaynı Cavabdeh4, əri Cavabdeh1 və mərhum qayınatası Seyfulla Seyfullayevi aldatmış, onları əmin edib ki, evi və torpaq sahəsini adına keçirib çıxarış aldıqdan sonra ailə üzvləri arasında böləcəklərdir. Beləliklə Cavabdeh4 mərhum qayınatası Seyfulla Seyfullayevi və Cavabdeh1 aldadaraq Astara rayon Notariat Ofisinə gətirmiş və xx.xx.2024-cu il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsinə imza etdirmişdir. Beləliklə uşaqları ilə birlikdə qeydiyyatda olduqları və 22 ildən artıq ailə üzvü kimi yaşadıqları fərdi yaşayış evi razılıqları olmadan başqa şəxsə yəni Cavabdeh4 18 yanvar 2024-cü il tarixdə aldadılma yolu ilə bağışlamışlar. Birgə yaşadıqları müddətdə öz vəsaitinə fərdi yaşayış evini təmir edib əhəmiyyətli dərəcədə vəsait xərcləmişdir. Astara rayon Notariat Ofisi tərəfindən 18 yanvar 2024-cü il tarixdə təsdiq edilmiş ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 143.6 kv/m, yaşayış sahəsi 60.6 kv/m yardımçı sahəsi 83 kv/m 3 otaqlı fərdi yaşayış evinin və 0,06 ha olan torpaq sahəsinin Cavabdeh4 bağışlanmasına dair daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X3 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, X5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh4 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı iddia ərizəsi əsassızdır. X2 xx.xx.2024-cü il tarixdə Astara rayon Notariat ofisində sənədləşdirmə aparmış, yaşadığı evi ona hədiyyə etmişdir. xx.xx.2024 tarixdə atası rəhmətə getmişdir. Hazırda həmin evdə bir örtüyün altında anası, böyük qardaşı Laçın və bacısı Gülayım olur. Onların giriş qapısı ayrıdır. Onun böyük qardaşı Cavabdeh1 09 il Rusiyada yaşayıb, onun həyat yoldaşı İddiaçı Şaid qızı onun dayısı qızı olmaqla həmçinin bibisi qızıdır. Onun qardaşı olmadığı üçün mərhum atası ona öz 2 mərtəbəli evini hədiyyə etmişdir. İddiaçı Şaid qızı onlarla birlikdə 2001-ci ildən 2023-cü il avqust ayına qədər həmin evdə yaşayıb. Sonra özü könüllü olaraq öz başına avqust 2023-cü il tarixdə atasının evinə getmişdir. Aralarında heç bir dava-dalaş, mübahisə olmamışdır. Özü öz təşəbbüsü ilə nikahdan ayrılmaqdan ötrü Astara rayon Məhkəməsinə ərizə vermişdir və bütün öz əşyalarını götürüb anasının evinə aparmışdır. Onun atası dəfələrlə xəstə olub, ona müalicə və müayinələrə aparmışdır. Dəfələrlə onun müalicə dərmanlarını o almışdır. Ölümünə bir-iki il qalmış dialez xəstəsi olmuşdur. Yenə o və ailəsi ona qayğı göstərmişlər. Bütün bunlara görə atası da evi ona hədiyyə etmişdir. Bundan əlavə daima yaşadığı evin 3 otağını artırmışdır, evin bütün təmir işlərini və şifirlərini özü dəyişmişdir. Onun ailə vəziyyətini və haqlı olduğunu nəzərə alıb obyektiv qərar qəbul edib ona qarşı verilmiş iddianı əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul edərək bildirdi ki, Cavabdeh4 onları evin sənədlərini düzəltmək məqsədilə notariusa aparmışdır. Onlar bağışlama müqaviləsi bağlamaq niyyəti ilə notariusa getməmişlər. Ona görə də, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsinə razıdır və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zaman Cavabdeh1 iddia tələbini qəbul edərək bildirdi ki, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edir və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmədə maraqlı şəxs Astara rayon notariat ofisinin xüsusi notariusu X9 bildirdi ki, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsin bağlanarkən onlara təqdim olunmuş Astara RİHB-nın Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyinin təqdim etdiyi arayışda bağışlama müqaviləsinin predmeti olan əmlak üzrində qeydiyyatda olan şəxslər arasında İddiaçı aadı olmamışdır. Ona görə həmin şəxsin iştirakı olmadan həmin bağışlama müqaviləsi bağlanmışdır. Qeyd edilən mübahisə ilə bağlı hər hansı qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə İddiaçı, Cavabdeh2 və Cavabdeh4 və maraqlı şəxs Astara rayon notariat ofisinin notariusu X6 dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialında olan xx.xx.2024-cü il tarixli 4Ə-45 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1, Cavabdeh2, X8 və X5 birgə mülkiyyət üzrə onlara məxsus olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 143,6 m2, yaşayış sahəsi 60,6 m2 yardımçı sahəsi 83 m2 03 (üç) otaqlı fərdi yaşayış evinin və 0,06 ha olan torpaq sahəsini Cavabdeh4 bağışlamışlar. İş materialında olan Astara rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 505-05/70 saylı arayışından görünür ki, Cavabdeh1 ilə X14 arasında xx.xx.2004-cü ildə 05 saylı nikah akt qeydi aparılmışdır. İş materialında olan Astara RİHB-nın Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyinin xx.xx.2024-cü il tarixli 262 saylı arayışından görünür ki, İddiaçı ünvan 1ində qayınatasının təsərrüfatında qeydiyyatdadır. İş materialında olan Astara RİHB-nın Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyinin xx.xx.2024-cü il tarixli 261 saylı arayışından görünür ki, İddiaçı ünvan 1ində anasının evində yaşayır. İş materialında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə anadan olmuşdur. İş materialında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. İş materialında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə anadan olmuşdur. İş materialında olan İddiaçı xx.xx.2025-ci il tarixli elektron sənəd məlumatlarından görünür ki, İddiaçı ünvan 1ində qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edildi ki, X7 tam mülkiyyət üzrə məxsus olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 143,6 m2, yaşayış sahəsi 60,6 m2 yardımçı sahəsi 83 m2 03 (üç) otaqlı fərdi yaşayış evində və Cavabdeh1, Cavabdeh2, X8 və X3 birgə mülkiyyət üzrə məxsus olan 0,06 ha olan torpaq sahəsində qeydiyyatı olduğu halda bağışlama müqaviləsində onun iradə ifadəsi əks olunmamış, həmçinin Cavabdeh1 və Cavabdeh2 müqavilə bağlanan zaman yanılmanın təsiri altında hərəkət etmişlər. Belə ki, Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisəndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olunduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlanmayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. İstinad olunan maddi hüquq normasının tələbindən müəyyən olunur ki, müqavilənin etibarlı olması üçün tərəflər müqavilə bağlayarkən qanunla müəyyən olunan şərtlərə əməl etməlidir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda, həmin əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər-hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İşin yuxarıda qeyd olunan faktiki halları və qanunvericilik aktı normalarını əsas götürən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 18 yanvar 2024-cü il tarixdə Astara rayon notariat ofisində rəsmiləşdirilmiş 4Ə-45 nömrə ilə qeyd edilmiş ünvan 1ində yerləşən ümumi sahəsi 143,5 kv.metr yaşayış sahəsinin Cavabdeh4 bağışlanması müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. 18 yanvar 2024-cü il tarixdə Astara rayon notariat ofisində rəsmiləşdirilmiş 4Ə-45 N ilə qeyd edilmiş ünvan 1ində yerləşən ümumi sahəsi 143,5 kv.metr yaşayış sahəsinin Cavabdeh4 bağışlanması müqaviləsi etibarsız hesab olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar