Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-138/2024 23.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «Azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülmə tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «Azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülmə tələbinə dair» iddia ərizəsi ilə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə birgə nikahdan doğulmuş uşaqları 15 may 2006-cı il təvəllüdlü X8 və 14 noyabr 2007-ci il təvəllüdlü X9 ilə birlikdə Astara rayonu Burzubənd kəndində yerləşən qaynatası X1 istifadəsində olan torpaq sahəsində tikilmiş evə istifadə hüququ verilməklə köcürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edib izahat verərək bildirdi ki, İddiaçı Cavabdeh1 ilə faktiki olaraq 2005-ci il tarixdə evlənmişlər. Evləndikdən sonra qaynanası X2 istifadəsində olan evdə yaşamışlar. Onların həmin evdə birgə nikahdan doğulmuş uşaqları 15 may 2006-cı il təvəllüdlü X8 və 14 noyabr 2007-ci il təvəllüdlü X9 adında uşaqları anadan olmuşdur. Onlar 2023-cü ilə kimi həmin evdə yaşamışlar. Onlar həmin evdə yaşadıqları müddət ərzində əvvəllər münasibətləri yaxşı olsa da son vaxtlar münasibətləri korlanmışdır. Cavabdeh1 Rusiya Federasiyasına getmiş və cavabdeh X6 onu uşaqları ilə birlikdə evdən çıxartmışdır. İddiaçı isə başqa yerdə yaşamağa imkanı yoxdur. O, məcbur olub, öz valideyinlərinə məxsus olan evdə yaşayır. Hazırda başqa bir yerdə yaşamağa yeri olmadığından o, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X6 iddianı qəbul etmədi, verdiyi izahatında isə bildirdi ki, İddiaçı onun oğlu Cavabdeh1 ilə evləndikdən sonra ona məxsus olan evdə yaşamışlar. Aralarındakı münasibətlər pozulduğundan ayrılmışlar. İddiaçı öz istəyi ilə atası evinə getmişdir. Onların bir yerdə yaşamları mümkün deyildir. İddiaçı mübahisəli evdə yaşamaq hüququ yoxdur. Belə ki, iddia edilən fərdi yaşayış evi ona məxsusdur və həmin evə iddiaçının heç bir aidiyyəti yoxdur. Ona görə də, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Astara RİHB-nın Astara rayonu Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxxxx 1984-cü il tarixdə anadan olmuş və Astara rayonu Kijəbə qəsəbəsində yaşayır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X8 15 may 2006-cı il tarixdə və X9 14 noyabr 2007-ci il tarixdə anadan olmaqla onların atası Cavabdeh1, anaları isə İddiaçıdır. Mülki işə əlavə edilmiş Astara rayonu Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 2005-ci il tarixdən 2023-cü il tarixə kimi Astara rayonu Kijəbə qəsəbəsində X3 məxsus olan evdə yaşamışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının İN yanında ƏMDX DƏDK və reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş 27 dekabr 2023-cü il tarixli, məktubdan görünür ki, Cavabdeh1 və X2 mülkiyyətində yaşayış sahəsi (fərdi ev və mənzil) aşkar olunmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, mübahisəli fərdi yaşayış evi faktiki olaraq X3 məxsus olmaqla, onun faktiki mülkiyyətindədir və onun gözlənilən mülkiyyəti hesab edilir. İddiaçı isə onunla həmin evdə yaşamasına dair hər hansı notarial qaydada müqavilə bağlamamışdır. Həmin evdə İddiaçı Cavabdeh1 ilə rəsmi nikah qeydiyyatından keçmədən yaşamışdır. Hazırda isə cavabdehlər iddiaçının həmin evdə yaşaması üçün razılıq verməmişlər. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı həmin evə köçürülə bilməz. Məhkəmə iddia tələbini rədd edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 1.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
3. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.
4. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
5. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
6. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna və iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan qanun normalarının tələblərinə uyğun obyektiv və qərəzsiz qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı mənzilə köçürülməsi ilə bağlı iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «Azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülmə tələbinə dair» iddiası əsassız olmasına görə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim:Mübariz Məmmədov.