Məhkəmə qərarları › İş №2(018)-152/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-152/2025

13.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-152/2025 13.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X16 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakları ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçıın yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə cavabdehlərə məxsus Astara rayonu Şahağacı kəndində yerləşən Cavabdeh1, Cavabdeh2 Xanlar oğlunun və Cavabdeh3 sahibliyində olan 2 mərtəbəli, 4 otaqlı evə köçürülməsi, həmin mənzildən vǝ ümumi istifadə predmetlərindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilən xüsusatları qeyd edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərmişdi ki, İddiaçı 28 sentyabr 2011-ci ildə Astara rayon Şahağacı kənd sakini Cavabdeh1 ilə rəsmi nikaha daxil olub evlənmişlər. Həmin nikahdan onların iki uşaqları doğulmuşdur. İddiaçı valideynləri el adəti ilə toy edib onu Cavabdeh1 atasına məxsus Astara rayonu Şahağacı kəndində yerləşən evə gəlin aparmışlar. Gəlin köçdüyü ev köhnə olduğu üçün onlar həyətdə birlikdə, 2 mərtəbəli, 4 otaqlı, fərdi yaşayış evi tikmiş və onlar ailələlikcə, yəni qaynatası, qaynansı və onların ailəsi həmin evdə yaşamışlar. Şəxsi və cehiz əmlakları həmin evdə yerləşir. Cavabdehlər yaşadıqları evdə onu yola vermədikləri üçün, onu döyüb uşaqları ilə birlikdə evdən qovmuş, bundan sonra Cavabdeh1 nikahın pozulması qərarına gəlmiş və məhkəməyə müraciət etmişdir. O, həmin evdə 2024-cü ilin avqust ayına qədər birgə yaşayıb, birgə təssərüfat aparmışdır. 2024-cü ilin avqust ayında cavabdehlər onu döyüb evdən qovmuşdur. Hal-hazırda o, müvvəqəti olaraq Astara şəhəri, S. Vurğun küçəsində olan atasının evində yaşayır. İddiaçı 2011-ci ildə gəlin köçdüyü üçün bu məsələ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsi ilə həll olunmalı idi, lakin həmin evin hüquqi statusu olmadığı üçün Konstitutsiya Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş 123-cü maddəsinə əsasən həll olunmalıdır. Yəni həmin Məcəlləyə əsasən onun və yetkinlik yaşına çatmayan uşaqlarının həmin mənzildə istifadə hüququ yaranır. Onun həmin mənzildə yaşamağını təsdiq edən sübut mənzildə olan ona məxsus cehiz əmlakları, məhkəməyə nikahın pozulması ilə əlaqədar təqdim edilən iddia ərizəsidir. İddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə cavabdehlərə məxsus Astara rayonu Şahağacı kəndində yerləşən Cavabdeh1, Cavabdeh2 Xanlar oğlunun və Cavabdeh3 sahibliyində olan 2 mərtəbəli, 4 otaqlı evə köçürüb, həmin mənzildən vǝ ümumi istifadə predmetlərindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İddiaçı köçürülməsini tələb ediyi evə gəlin köçmüş. Qeyd edilən torpaq sahəsində köhnə ev ona atasından miras qalmış, hazırkı yeni tikili ev İddiaçı gəlin köçdüyü vaxtdan əvvəl tikilmişdir. İddiaçı Qəzənfə həmin evdə qeydiyyata alınmamışdır. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh3 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı ilə 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin il hazırda istifadə hüququnu tələb etdi evə gəlin köçmüş, həmin evin tikilməsi onun gəlin köçməsindən əvvəl başa çatmış və İddiaçı qeyd edilən evdə qeydiyyata alınmamış, həmin hal iş materialından olan sənədlərdə öz əksini tapmışdır. İddiaçı nikaha daxil olanadək Astara şəhərində atasına məxsus evdə qeydiyyatda olmuşdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********16-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədinin surətindən görünür ki, Astara rayonu Şahağac kəndində yerləşən ümumi sahəsi 198.4 kv2 olan fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir və hüquq sahiblərinin adları qrafasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6, X4 qeyd edilmişdir. İş materialına əlavə edilmiş AZ-İ 700037 seriya və nömrəli doğum haqqında şəhadətnamə sənədindən görünür ki, Cavabdeh1 ilə X2 arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmış, 148 nömrəli nikah akt qeydi aparılmış və arvada Məmmədova soyadı verilmişdir. İş materialına əlavə edilmiş AZ-İİ 764320 seriya və nömrəli doğum haqqında şəhadətnamə sənədindən görünür ki, X8 xx.xx.2011-ci il tarixdə Astara şəhərində anadan olmuş, atası Cavabdeh1, anası X2 qeyd edilmişdir. İş materialına əlavə edilmiş AZ-İİ 983338 seriya və nömrəli doğum haqqında şəhadətnamə sənədindən görünür ki, X10 xx.xx.2012-ci il tarixdə Astara şəhərində anadan olmuş, atası Cavabdeh1, anası X2 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Astara RİHB-nın Şahağac kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Məmmədova X1 icra nümayəndəliyində daimi qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Astara RİHB-nın Şahağac kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Məmmədov X3 icra nümayəndəliyində daimi qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş ******* nömrəli vəkil orderindən görünür ki, Vəkil İddiaçı hüquqi yardım göstərir. Mülki işə əlavə edilmiş 7E-5297 reyetr nömrəli etibarnamə sənədinin surətindən görünür ki, İddiaçı etibarnamədə qeyd edilən hüquqlarının həyata keçirilməsi xx.xx.2026-cı il tarixədək Vəkil etibar etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edilməsi üçün 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbini rədd edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi İddiaçı qeyd edilən yaşayış evində hüquq sahibi olmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədində hər hansı qeydiyyat aparılmamış, həmçinin yaşamasına dair hər-hansı notariat qaydasında təsdiqlənən yazılı məhkəməyə təqdim edilməmişir. Ona görə də, iddia əsassız olduğundan rədd edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna və iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan qanun normalarının tələblərinə uyğun obyektiv və qərəzsiz qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması tələbinə dair» iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar