Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1615/2025 24.11.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və azyaşlı övladının ona məxsus olan Astara rayonu, Şüvi kəndində yerləşən yaşayış evindən və torpaq sahəsindən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o Astara rayonunun Deqədi kəndində anadan olmuşdur və həmin kənddə boya-başa çatmışdır. Şüvi kənd sakini X4 ilə ailə həyatı qurub və onlara gəlin köçmüşdür. Birgə nikahda olan zaman həyat yoldaşına məxsus 0,21 ha torpaq sahəsində yaşamaq üçün ev tikmişlər. Qeyd olunan yaşayış evi bir mərtəbədən və üç otaqdan ibarətdir. Uzun illər yoldaşı və uşaqlarıyla mehriban ailə həyatları olub. Sonradan həyat yoldaşı Manaf dünyasını dəyişmişdir. Onunla yaşayan oğlu Möhübbət tanış olduğu, qeyri-rəsmi şəkildə yaşadığı Cavabdeh və onun azyaşlı oğlunu yaşadıqları evlərinə gətirmişdir. Sonradan cavabdehin atası polisə şikayət edərək kənd icra nümayəndəsinin iştirakı ilə qızını yaşadığı Lerik rayonuna aparmışdır. Cavabdeh uzun müddət oğlu ilə əlaqəni kəsmiş, sonradan oğlu Möhübbətlə barışıb yenidən azyaşlı övladı ilə yaşadığı evə gəldib çıxmışdır. O, oğluna cavabdeh və azyaşlı övladını evdən çıxarmağını istəmiş, oğlu isə cavabında qısa müddət ərzində gedəcəklərini bildirmişdir. Amma onlar heç bir yerə getməmişlər. Dəfələrlə oğluna etirazını bildirirərək cavabdehin və uşağının getməsini tələb etmişdir. Cavabdeh tələbinə etiraz edərək özünə qəsd edəcəyini, yəni evdən çıxarılacağı təqdirdə özünü öldürəcəyini bildirmişdir. Bundan sonra o, qorxaraq bir müddət gözləməyi qərara almışdır. Artıq 4 aya yaxın olar ki, Cavabdeh azyaşlı övladı ilə yaşadığı evi tərk etmək istəmir. Ahıl yaşda olan qadındır və cavabdehin onun evindən çıxmamağı ona çox pis təsir edir. Ona görə də məcbur olub məhkəməyə müraciət edir ki, mübahisəni qanuni şəkildə həll etsin. Məhkəmədə İddiaçı etibarnamə əsasında nümayəndəsi (oğlu) X5 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatı dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1940-cı il tarixdə Astara rayonu, Sərək kəndində anadan olmuş, Astara rayonu Şüvi kəndində qeydiyyatdadır. İş materialında olan Astara rayon Ərçivan Bələdiyəsinin 08 sentyabr 2025-ci il tarixli, 4-178 nömrəli arayışından görünür ki, İddiaçı istifadəsində həyat yoldaşı tərəfindən inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 140.0 kvm, yaşayış sahəsi 78.00 kvm, köməkçi sahəsi 62.00 kvm olan fərdi yaşayış evi və 0.21 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materialında olan Astara rayon İHB-nin Şüvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 sentyabr 2025-ci il tarixli, 737 saylı arayışdan görünür ki, Astara rayonu Şüvi İnzibati Ərazi dairəsi üzrə İcra Nümayəndəliyinin 03 nömrəli təsərrüfatbaşına kitabının 98-ci səhifəsində Şüvi kəndində 1971-ci ildə X4 tərəfindən inşa edilmiş 1 mərtəbəli 3 otaqlı, ümumi sahəsi 140.0 kvm, yaşayış sahəsi 78.00 kvm, köməkçi sahəsi 62.00 kvm olan fərdi yaşayış evi və 0.21 ha torpaq sahəsi qediyyata alınmışdır. İş materialında olan Astara rayon İHB-nın Şüvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 sentyabr 2025-ci il tarixli, 736 saylı arayışdan görünür ki, İddiaçı Astara rayonunun Şüvi kəndində yaşayır. İş materialında olan Astara rayon İHB-nın Şüvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 sentyabr 2025-ci il tarixli, 736/1 saylı arayışdan görünür ki, İddiaçı Astara rayonunun Şüvi kəndində yaşayır, oğlu - X6 və nəvəsi-X7 adlı ailə üzvləri vardır. İş materialına əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Beləliklə, məhkəmə baxışı iclasında müəyyən olunmuşdur ki, Astara rayonunun Şüvi kəndində İddiaçı istifadəsində həyat yoldaşı tərəfindən inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 140.0 kvm, yaşayış sahəsi 78.00 kvm, köməkçi sahəsi 62.00 kvm olan fərdi yaşayış evi və 0.21 ha torpaq sahəsi qeydiyyata alınmışdır və iddaçı hazırda həmin evdə yaşayır. Onunla yaşayan oğlu Möhübbət tanış olduğu qeyri-rəsmi şəkildə yaşadığı Cavabdeh və onun azyaşlı oğlunu yaşadıqları evlərinə gətirmişdir. İddiaçı oğluna cavabdeh və azyaşlı övladını evdən çıxarmağı bildirmiş, lakin cavabdeh və azyaşlı uşağı iddiaçıya məxsus mənzildən çıxmamışlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, hazırki mübahisəyə hüquqi qiymət verilərkən başlıca olaraq mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusu və iddiaçının və cavabdehin mübahisə obyekti ilə bağlı yaranan hüquq münasibətlərinin əsasları tədqiq edilməlidir. Mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusuna münasibətdə iş materialları ilə müəyyən edilmişdir ki, Astara rayonu Şüvi İnzibati Ərazi dairəsi üzrə İcra Nümayəndəliyinin 03 nömrəli təsərrüfatbaşına kitabının 98-ci səhifəsində Şüvi kəndində 1971-ci ildə X4 tərəfindən inşa edilmiş 1 mərtəbəli 3 otaqlı, ümumi sahəsi 140.0 kvm, yaşayış sahəsi 78.00 kvm, köməkçi sahəsi 62.00 kvm olan fərdi yaşayış evi və 0.21 ha torpaq sahəsi qediyyata alınmış və iddiaçının istifadəsindədir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2-ci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların qeydə alınması üçün əsasdır. Göründüyü kimi, İddiaçı mərhum həyat yoldaşı X1 qeyd edilən fərdi yaşayış evinə onun gözlənilən mülkiyyət hüququ mövcud olduğundan, iddiaçının da məhkəmə mübahisəsi yaranana qədər yaşayış evinə və torpaq sahəsinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən fərdi yaşayış evinə və torpaq sahəsinə onun gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Yuxarıda qeyd edilən fərmanla dövlət yaşayış və torpaq sahəsi üzərində ilkin mülkiyyət hüquqlarının yaranmasını qanuni hesab etmiş, həmin qeydiyyatı (təsərrüfatbaşına kitabdakı qeydiyyatı) tam mülkiyyət hüququnun qeydə alınması üçün ilkin hüquqmüəyyənedici sənəd kimi tanımışdır. Məhkəmə qeyd edir ki, mübahisəyə qədər İddiaçı yaşayış evinə və torpaq sahəsinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən ev təsərrüfatbaşına kitabda qeydiyyata alındığı üçün özbaşına tikili kimi qəbul edilə bilməz. Həmçinin yaşayış evinin təsərrüfatbaşına kitabda qeyd edilməsi ona hüquqlarını qeydə aldırmaq üçün əsas verir. Yəni, qeyd edilən tikili və torpaq sahəsi üzərində İddiaçı gözlənilən mülkiyyət hüququ mövcuddur. İddiaçının və cavabdehin mübahisə obyekti ilə bağlı yaranan hüquq münasibətlərinin əsaslarını araşdırarkən isə məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçının oğlu ilə qeyrirəsmi nikah münasibətində olduğundan onlar arasında ailə qanunvericiliyi ilə tənzimlənən hüquq münasibəti yaranmamış, cavabdeh iddiaçının ailə üzvü deyil. Bu səbəbdən mübahisə obyetki ilə bağlı hüquq münasibəti Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsi əsasında deyil də, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsi əsasında həll edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında fərdi yaşayış evindən istifadə ilə bağlı heç bir qanuni razılaşma olmamış, cavabdehin mübahisəli obyektindən qanunla müəyyən edilmiş istifadə hüququ müəyyən olunmamışdır. Mülki qanunvericiliyə əsasən, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: əmlakın mülkiyyətçiyə məxsus olması, əmlakın başqa şəxsin sahibliyində olması və sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini (qanuni sahibi) MM-in 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbində hər üç dispozitiv şərt birlikdə mövcud olduğundan iddia təmin edilməli, cavabdeh azyaşlı uşağı ilə birlikdə yaşayış binasından çıxarılmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 19-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İddiaçı tərəfindən dövlət rüsumu olaraq 100 manat ödənildiyindən və cavabdehdən tələb edilmədiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 100 manat iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh azyaşlı uşağı ilə birlikdə Astara rayonu Şüvi kəndində yerləşən gözlənilən mülkiyyət hüququ ilə İddiaçı məxsus 1 mərtəbəli 3 otaqlı, ümumi sahəsi 140.0 kvm, yaşayış sahəsi 78.00 kvm, köməkçi sahəsi 62.00 kvm olan fərdi yaşayış evi və 0.21 ha torpaq sahəsindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-1615/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1615/2025
24.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver