Məhkəmə qərarları › İş №2(018)-1710/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1710/2025

17.12.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1710/2025 17.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı X2, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı “torpaq sahəsindən və onun üzərində yerləşən qeyri yaşayış sahəsindən çıxarılma, torpaq sahəsinin və onun üzərində yerləşən qeyri yaşayış sahəsinin cavabdehin hesabına boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “torpaq sahəsindən və onun üzərində yerləşən qeyri yaşayış sahəsindən çıxarılma, torpaq sahəsinin və onun üzərində yerləşən qeyri yaşayış sahəsinin cavabdehin hesabına boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Astara şəhəri, Heydər Əliyev prospektində yerləşən, xüsusi mülkiyyətində olan 0,09682 hektar torpaq sahəsindən, habelə həmin torpaq sahəsinin üzərində tikilmiş 2 mərtəbəli qeyri-yaşayış obyektindən çıxarılması, həmin obyektin və ətrafında inşa edilmiş saxlanc yerlərinin cavabdehin hesabına boşaldılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 19 aprel 2022-ci il tarixdə icarə müqaviləsi bağlayaraq Astara şəhəri, H.Əliyev prospektində yerləşən 0,09682 hektar torpaq sahəsini 3 (üç) il müddətə icarəyə vermişdir. Həmin torpaq sahəsi üzərində ümumilikdə 1000 kvadratmetrdən çox qeyri yaşayış obyekti inşa etdirmişdir. Cavabdeh həmin qeyri yaşayış obyektindən tikinti və inşaat materialların satışı ilə məşğul olur. O cavabdehin ona məxsus olan qeyri yaşayış obyektindən çıxmasını tələb etsə də (yazılı müraciət) o, buna məhəl qoymamışdır. Ona görə də o məcbur qalıb iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X3, onun nümayəndəsi və vəkili Vəkil2 hər biri ayrı-ayrılıqda iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etmədiyi göstərərək izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli İcarə müqaviləsi əsasında iddiaçı X1 şəhəri, H.Əliyev prospektində yerləşən 0,09682 hektar torpaq sahəsini icrarəyə vermişdir. Həmin icarə müqaviləsinin 3-cü bəndinə əsasən müddətin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il uzadılmış hesab edilir. Tərəflər isə müqavilənin bitməsi barədə hər hansı bir təklif irəli sürməmişlər. Bu baxımdan icarə müqaviləsinin müddəti 19.04 2026-cı il tarixdə başa çatacaqdır. Göstərdiklərinin nəzərə alınaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını, iddia ərizəsinin dəlillərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia tələbinə dair mülki iş aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik müddəalarını nəzərə alaraq qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qüvvədə olan qanunvericiliyə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Həmin qərarın 13-cü maddəsində qeyd edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin qərarın 23-cü maddəsində qeyd edilmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. İddiaçı tərəfindən iddia tələbinin əsaslandırılmasına və iddia ərizəsinə əlavə edilmiş materiallara əsasən müəyyən olunur ki, iddiaçı X3 ilə Cavabdeh arasında Astara şəhəri, Heydər Əliyev prospektində yerləşən, xüsusi mülkiyyətində olan 0,09682 hektar torpaq sahəsinin icarəsi haqqında 03 illik müqavilə və xx.xx.2022-ci il tarixli 01 nömrəli “Qeyri yaşayış obyektinin icarə müqaviləsi imzalanmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı X3 (VÖEN: **********) və Cavabdeh (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Cavabdeh (VÖEN: **********) ilə iddiaçı X3 (VÖEN: **********) arasında bağlanılmış hazırda mübahisələndirilən xx.xx.2022-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi barədə” müqavilə və xx.xx.2022-ci il tarixli 01 nömrəli “Qeyri yaşayış obyektinin icarə müqaviləsi iddiaçının və cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Göründüyü kimi sahibkarlıq subyekti olan iddiaçının sahibkarlıq subyekti olan cavabdehə qarşı hazırki tələbi mahiyyət etibarı ilə iqtisadi məzmun daşıdığından və bu tələbdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normaları sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin tələbə kommersiya məhkəmələrində baxılmalıdır. Mülki prossesual qanunvericiliyə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri aidiyyəti üzrə göndərir. Belə ki, ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi, iddiaçı tərəfindən aidiyyət qaydaları pozulmaqla hazırkı iddia ilə Astara Rayon Məhkəməsinə müraciət edilmişdir. Hansı ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir və iddia ərizəsinə ərazi aidiyyəti üzrə bu məhkəmədə baxılmalı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən aidiyyət qaydalarının pozulduğu aşkar olunduğundan, aidiyyət məsələsi həll edilməli, mülki iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 26, 31, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və onun üzərində yerləşən qeyri yaşayış sahəsindən çıxarılma, torpaq sahəsinin və onun üzərində yerləşən qeyri yaşayış sahəsinin cavabdehin hesabına boşaldılması” tələbinə dair iddiası üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar