Məhkəmə qərarları › İş №2(018)-1739/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1739/2025

23.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1739/2025 23.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı X18 və X21 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “cavabdehin əmlakları ilə birlikdə mənzildən çıxarılması” tələbinə dair mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehin əmlakları ilə birlikdə mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətçi İddiaçı Astara rayonu Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması, mediasiya üçün ödənilmiş 60 manat pulun, dövlət rüsumu üçün ödədiyi 40 manat pulun və hüquqi yardım üçün ödədiyi 221 manat pulun cavabdehdən alınıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ərçivan qəsəbəsində yaşayır. Onun Ərçivan qəsəbəsində 193.30 kvadratmetr 2 mərtəbəli 3 otaqlı tam mülkiyyətində olan fərdi yaşayış evi vardır. O həmin fərdi yaşayış evində aravadı Şahid1 və oğlu Həmidov Emil və gəlini Cavabdeh və onların oğlu X28 ilə birlikdə yaşayırlar. Lakin, gəlini Cavabdeh əri və digər ailə üzvləri ilə yola getmədiyi üçün daim evdə dava-dalaş salmış və hətta buna görə polis şöbəsində münaqişəli ailə kimi qeydiyata alınmışlar. Sonradan oğlu Emilin arvadı Ülkərlə Astara rayon Məhkəməsinin 22 avqust 2025 ci il tarixli 2(018)-627/2025 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Onun mülkiyyətində olan ev 12 iyun 2025 ci il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır. Cavabdeh bir mülkiyyətçi kimi onun hüquqlarını pozur və öz mülkiyyətindən ona azad şəkildə istifadə etməyinə mane olur. Ülkər Hamidova həmin evə gəlin gəlməmişdir, ev yenidən tikiləndən sonra oda ora əri ilə birlikdə köçmüşdür. X26 Həmidovun keçmiş ailə üzvüdür və onlar arasında heç bir başqa razılaşma yoxdur. Mübahisəli ev 2013-cü ildə tikilmiş, amma 12 iyun 2025-ci il tarixdə qeydə alınmışdır. Göründüyü kimi məhkəmə mübahisəsinədək İddiaçı yaşayış evinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən fərdi yaşayış evinə onun gözlənilən mülkiyyət hüququ olmuşdur. Mübahisəli ev iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alındığı zaman cavabdeh onun ailə üzvü olmamış, həmçinin iddiaçının “digər qohumlar” kateqoriyasına da daxil olmamışdır. Cavabdehdən dəfələrlə mənzili boşaltmağı tələb etsə də cavabdeh onun mənzilini boşaltmaqdan imtina edir. Məhkəmə tərəfindən X18 və X21 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki iş üzrə icraata cəlb edilmişlər. Daha sonra İddiaçı nümayəndəsi (vəkil) Vəkil əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı “cavabdehin əmlakları ilə birlikdə mənzildən çıxarılması” tələbinə dair iddia vermişdir. Həmin iddia ərizəsində hansı əmlakların çıxarılması qeyd edilməmişdir. Ona görə də iddia ərizəsinə dəyişiklik edib iddia ərizəsinin cavabdehin – servant, divan-kreslo, yataq otağı mebeli, şifoner və qab-qacaqları adlı əmlakları ilə birlikdə mənzildən çıxarılması kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsində göstərdiklərini təsdiq edərək,iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkiliddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, həmin evi qayınatası tək tikməyib. O, xəstə uşağının pensiyası ilə, müxtəlif yerlərdə işləməklə və atası və qardaşının dəstəyi ilə o evi tikmişdir. Boşandıqdan sonra qayınatası həmin evi öz adına rəsmiləşdirmişdir. Onun həmin nikahdan 1 oğlu var, kollecdə oxuyur və evdən çıxıb getməyə yeri yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, insult xəstəsidir, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Astara rayonu Ərçivan qəsəbəsində yerləşən qardaşı İddiaçı məxsus fərdi yaşayış evini o 2009-cu ildə atasının vəsiyətini yerinə yetirərək öz vəsaiti hesabına tikmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 məhkəmə iclasına “Whatsapp” əlaqə sistemi vasitəsilə qoşulmuş və ərizəsində göstərdiyi xüsusatları təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 mübahisəli evin əmisi tərəfindən atası üçün tikildiyini bildirmiş, ailəsi birlikdə ev hazır olduqdan sonra ora köçüb yaşadıqlarını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zamin qızı ifadəsində bildirmişdir ki, Ərçivan qəsəbəsində yaşayır. Onların Ərçivan qəsəbəsində 193.30 kvadratmetr 2 mərtəbəli 3 otaqlı tam mülkiyyətində olan fərdi yaşayış evi vardır. X31 gəlini Cavabdeh boşanmışdır. Boşanmasına baxmayaraq keçmiş gəlini onlarla birlikdə yaşayır. Hazırda yaşadıqları evi ərinin qardaşı onlar üçün tikmişdir. Keçmiş gəlini Cavabdeh həmin evin tikintisində və ya digər işlərində heç bir əlaqəsi olmamışdır. Cavabdeh həmin evə gəlin gəlməmişdir, ev yenidən tikiləndən sonra o da, oğlu ilə birlikdə həmin evə köçmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 iddiaçının qızı olduğunu qeyd edərək Şahid1 Zamin qızı ilə eyni məzmunlu ifadə verərək bildirmişdir ki, Cavabdeh həmin evə gəlin gəlməmişdir, ev yenidən tikiləndən sonra o da, əri ilə birlikdə həmin evə köçmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Astara rayon Ərçivan qəsəbəsində yaşayır. Fərdi evlər tikintisi işlə məşğul olur. Astara rayon Ərçivan qəsəbə sakini İddiaçı üçün Şahid3 ilə birlikdə Astara rayon Ərçivan qəsəbəsində ev tikmişlər və həmin evin usta haqqını İddiaçı ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək bildirmişdir ki, Astara rayon Ərçivan qəsəbəsində tikdikləri evin usta haqqını İddiaçı ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Cavabdeh həmkəndlisi Emil Həmidovla ailə qurmuşdur. Qayınatası İddiaçı hazırda yaşadıqları həmin evi Ülkərin oğlu üçün tikmiş, Ülkərin atası da, evin tikintisi üçün pul xərcləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Xəyalə Hacıağa qızı ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 atası olduğunu qeyd edərək bildirmişdir ki, İddiaçı onun keçmiş qudası olmuş, mübahisəli ev Ülkərgil üçün tikilmiş, evin tikintisində o da, yardım etmişdir. Lakin, bununla bağlı hər hansı sübutu yoxdur, çünki o, qızının boşanacağını və başlarına belə hadisə gələcəyini bilmirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bacısının əri olduğunu qeyd edərək mübahisəli evin baldızıgil üçün tikildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 bildirmişdir ki, X3 xahişi ilə pul müqabilində Ərçivan kəndində onun qızının ailəsinə məxsus həyət bir maşın daşın tökülməsində iştirak etmiş, pulunu isə Böyükağa vermişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin, cavabdehin, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Astara rayon İHB-nin Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 19 avqust 2025-ci il tarixli, 758 saylı arayışdan görünür ki, İddiaçı Astara rayonu Ərçivan qəsəbəsində yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsində ümumi sahəsi 193.30 kvm olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, 29 sentyabr 2025-ci il tarixində, saat 14:30-da keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. İddiaçı 60 (altımış) manat məbləğində İMS rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Astara Rayon Məhkəməsinin 22 avqust 2025-ci il tarixli, 2(018)-627/2025 nömrəli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, X21 ilə Cavabdeh arasında olan xx.xx.2008-ci il tarixdə Astara rayonu Qeydiyyat Şöbəsində bağlanmış və 109 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, xx.xx.2010-cu il təvəllüdlü X23 anası- Cavabdeh himayəsinə verilməsi, X12 xx.xx.2025-ci il tarixdən başalayaraq, xx.xx.2010-cu il təvəllüdlü X23 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində alimentin alınıb Cavabdeh verilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, 07 oktyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 41 (qırx bir) manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Astara rayon İHB-nin Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 17 dekabr 2025-ci il tarixli, 1346 saylı arayışdan görünür ki, Cavabdeh Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatdadır və qaynatası İddiaçı evində yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Astara Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 3(018)-215/2025 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Astara Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 3(018)-216/2025 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Astara Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 3(018)-217/2025 nömrəli qərarından görünür ki, Şahid1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Astara Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 3(018)-218/2025 nömrəli qərarından görünür ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli Qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmə baxışı iclasında işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, cavabdehin iddiaçının keçmiş gəlini olması, iddiaçının oğlu ilə cavabdehin xx.xx.2008-ci il tarixdə nikaha daxil olması, ailəyə məxsus başqa bir mənzilə gəlin köçməsi, əri və onun ailəsi ilə birlikdə yaşaması, sonradan 2013-cü ildə mübahisəli fərdi yaşayış evinin tikilməsi, iddiaçının ailəsi, həmçinin oğlu və keçmiş gəlini ilə birlikdə həmin evə köçməsi və orada yaşamaları, xx.xx.2025-ci il tarixdə iddiaçının oğlu ilə cavbdeh arasında bağlanmış nikahın pozulması, mübahisəli evin isə 12 iyun 2025-ci il tarixdə iddiaçının adına qeydiyyata alınması işin mübahisəsiz halıdır. İddiaçı cavabdeh olan keçmiş gəlininin fərdi yaşayış evindən çıxarılmasını tələb edir. Cavabdeh isə sözügedən fərdi yaşayış evinin birgə nikah dövründə əldə olunmuş əmlak olması əsası ilə iddianı rədd edir. İşin qeyd olunan hallarına və sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, baxmayaraqki iddiaçının oğlu ilə cavabdeh 2008-ci il tarixdə nikaha daxil olmuşlar, mübahisəli fərdi yaşayış evi iddiaçıya məxsus nikahdan əvvəl əldə edilmiş torpaq sahəsində 2013cü ildə tikilməklə 2025-ci ildə qeydiyyata alınmışdır. Bu səbəbdən, hazırki mübahisəyə Azərbaycan Respublikası 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1. və 30.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, iddia ona görə təmin edilməlidir ki, cavabdehin mənzilə dair hər hansı hüququ yoxdur. Belə ki, yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. Cavabdeh iddiaçının keçmiş gəlinidir, ona görə də, Mənzil Məcəlləsinin adı çəkilən müddəalarında nəzərdə tutulan mənada mülkiyyətçinin (iddiaçının) ailə üzvləri dairəsinə daxil deyil, iddiaçının oğlu ilə nikaha daxil olduqdan sonra ona məxsus mənzildə yaşamışdır. Sonradan isə iddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nikah da məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Həmçinin, cavabdeh iddiaçının digər qohumu da hesab edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 15-ci Fəsli ailənin başqa üzvlərinin, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənəni, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaqla bağlı öhədilikərinin əsaslarını müəyyən edir. Beləliklə, şərh edilənlərə və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının nə ailə üzvü, nə də digər qohumu olmadığından onun Mənzildən istifadə hüququ yoxdur, odur ki, iddia təmin edilməlidir. Bundan başqa, iddiaçı həm də, Mülki Məcəllənin 157-ci maddəsinə əsasən cavabdehin Mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Məhkəmə cavabdehin mübahisəli fərdi yaşayış evinin iddiaçının oğlu ilə birgə nikahda olarkən tikilməsi və tərəfindən həmin evin tikintisi üçün pullar xərclənildiyi, həmçinin xidmət göstərilməsinə münasibətdə qeyd edir ki, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur və nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evinin tikildiyi torpaq sahəsi cavabdehin nikahından əvvəl alınmış, məhkəmə araşdırması zamanı isə fərdi yaşayış evinin məhz cavabdeh ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs, cavabdehin keçmiş əri olan X14 vəsaiti hesabına tikilməsi sübut oluna bilməmişdir. Dindirilən şahid ifadələri isə fərdi yaşayış evinin tikintisi üçün çəkilən xərclərlə bağlı olmuşdur ki, mübahisənin predmeti isə mənzildən çıxarılma təşkil etmişdir. Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evinə cavabdeh tərəfindən xərc çəkilməsi həmin evin birgə nikah dövründə əldə edilmiş ev hesab edilməsi üçün əsas ola bilməz, həmçinin cavabdehin mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun tanınması üçün əsas kimi çıxış etmir. Məhkəmə hesab edir ki, cavabdehin istinad etdiyi əsaslar müvafiq sübutlarını təqdim etməklə çəkilmiş xərcin ödənilməsini tələb etmək hüququ verməkdədir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı sonradan tələbin dəqiqləşdirilməsi ilə bağlı iddia ərizəsinə əlavə verərək yalnız cavabdehin əmlakları ilə birlikdə mənzildən çıxarılmasını tələb etdiyindən ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ona məxsus – servant, divan-kreslo, yataq otağı mebeli, şifoner və qab-qacaqları ilə birlikdə xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat və **********37-10301 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar