Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-2/2024 02.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlununsədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi, orada inşa edilmiş fərdi yaşayış evinin sökülməsi və vurulmuş zərərin geri tələbi barədə” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi, orada inşa edilmiş fərdi yaşayış evinin sökülməsi və vurulmuş zərərin geri tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətlərində olan həmin 0,36 hektar torpaq sahəsinin zəbt etdikləri 2058 kvadrat metr hissəsindən çıxarılmalarını, orada qanunsuz olaraq tikdikləri çəpərin və fərdi yaşayış evinin onların öz hesablarına sökülməsi, ona vurduqları zərərə görə isə 9000 manat pulun alınması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 04 nömrəli qərarı ilə onun mülkiyyətinə Astara rayonu Siyəkü kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,36 hektar torpaq sahəsi verilmişdir. Mülkiyyətlərində olan həmin torpaq sahəsi barədə “Torpağın mülkiyyət hüququna dair” JN-250 (KOD:********) nömrəli Dövlət Aktı verilmişdir. Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətlərində olan həmin 0,36 hektar torpaq sahəsinin 2058 kvadrat metr hissəsini qanunsuz olaraq zəbt edərək, çəpərə almışlar və orada qanunsuz olaraq fərdi yaşayış evi tikmişlər. Həmçinin zəbt etdikləri torpaq sahəsindən hər il təqribən 100 bağlama ot tədarük edirlər. Bununla da 20 il ərzində ona təqribən 9000 manat ziyan vurmuşlar. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh zəbt etdiyi hissəni azad etməmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, onlara məxsus olan 0,56 hektar torpaq sahəsindən istifadə etməklə orada fərdi yaşayış evi tikmişlər. Onlar İddiaçı mülkiyyətində olan torpaq sahəsini tutmamışlar, fərdi yaşayış evi tikməmişlər və yaxud çəpərə almamışlar. Ona görə də, o, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil da əsasən Cavabdeh1 izahatına uyğun izahat verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Məhkəmə tərəflərin izahalartını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı 05 oktyabr 1975-ci il tarixdə anadan olmaqla ailə üzvüləri ilə birlikdə Astara rayonu Çayoba kəndində yaşayır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı Məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-250 (KOD:********) nömrəli Dövlət Aktıdan məlum olur ki, İddiaçı mülkiyyətinə Astara rayonu Telman kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,36 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 1583,59 kvadrat metr, 2058 kvadrat metr olmaqla iki hissədən ibarətdir. Mülki işə əlavə edilmiş 29 oktyabr 2004-cü il tarixdə 01 nömrəli reyestr kitabının 11-ci səhfəsində 44 reystr nömrəsi ilə qeydə alınmış Qeydiyyat vəsiqəsindən məlum olur ki, X1 mülkiyyətində Astara rayonu Telman kəndində ümumi sahəsi 354,1 kvadrat metr, yaşayış sahəsi 172,2 kvadrat metr olan fərdi yaşayış evi vardır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 19 mart 2024-cü il tarixli, 3- 16-16/2-10/660 saylı rəyindən məlum olur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 07 yanvar 2024-cü il tarixli, 3-21-3-43/2-5/2024 saylı mütəxəssis rəyin və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Astara Rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 04saylı qərarı əsasında JN-250 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı mülkiyyətinə verilmiş Astara rayonu, Çayoba (keçmiş Telman) kəndi ərazisində yerləşən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinini iki hissədən (0,1583 ha və 0,2058 ha) ibarət olması müəyyən edilmişdir. Həmin 0,36 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,2058 ha hissəsinin yerləşməsi müəyyən edilmişdir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq, Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşşdirilmişdir. Lakin sözügedən 0,2058 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti olmadığından Astara rayonu, Çayoba kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində öz əksini tapmamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-5/2024 saylı mütəxəssis rəyinə əsasən, iddiaçı Əliyev Malik Ağasafa oğlu tərəfindən iddia olunan və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olan (torpaq sahəsi üzərində fərdi yaşayış evləri də inşa olunmuş) 0,56 ha ölçüdən ibarət torpaq sahəsinin Torpaqların electron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyətində olan (kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid) torpaq sahəsi kimi təsvir edilməsi müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasın, İddiaçı mülkiyyətində olan 0,36 ha torpaq sahəsinin 0,1583 ha hissəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində məhkəmə predmeti olan mübahisəli ərazidən kənarda, kəndin digər yerində torpaq islahatına dair kompleks yerqurluşu lahiyəsindəki yerləşmə yerinə uyğun, ümumi ölcüsü saxlanılmaqla öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olundu ki, Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 04 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə Astara rayonu Siyəkü kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,36 hektar torpaq sahəsi verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə çəpərə aldıqları istifadlərində 0,56 ha ölçüdən ibarət torpaq sahəsi vardırkı həmin torpaq sahəsi isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətidə olan Astara rayonu Siyəkü kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,36 hektar torpaq sahəsini tutmamışlar, çəpərə almamışlar və ya tikinti tikməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iddia tələbinin “qanunsuz tutulmuş (zəbt edilmiş) torpaq sahəsinin azad edilməsi” hissəsini rədd edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.
1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.2-cimaddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi, orada inşa edilmiş fərdi yaşayış evinin sökülməsi və vurulmuş zərərin geri tələbi barədə” iddiası əsassız olmasına görə rədd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Mübariz Məmmədov.