Məhkəmə qərarları › İş №2(018)-31/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-31/2025

21.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-31/2025 21.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, Məhkəmə iclas katibi Hacızadə Hacı Yusif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi”nə dair mülki iş üzrə iddiaya açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 23 saylı qərarı ilə mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinin 0,05 ha hissəsinin Astara rayonu Vaqo kənd sakini Cavabdeh zəbtindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinini onunla əsaslandırmışdır ki, hazırda yaşadığı fərdi ev Astara rayonu Vaqo kəndində ata babasından ona miras qalmış 0,25 hektar torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsinə görə ona Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 23 saylı “JN-191A, Kod 80108038” mülkiyyət hüququna dair sənəd verilmişdir. Vəfat etmiş böyük qardaşı öz ailəsi üçün fərdi evi də atası həyatda ikən ayırdığı topaq sahəsində tikmiş, hazırda həmin evdə qardaşının övladı, Cavabdeh öz ailəsi ilə birlikdə yaşayır. Cavabdeh onun həyətinə gediş-gəliş yolu da daxil olmaqla təqribən 0,05 hektar ərazini zəbt edərək istifadə edir. Onun xahiş və müraciətlərinə məhəl qoymayan cavabdeh və ailəsi öz gediş-gəliş yolunu da bu ərazidən həyata keçirir. Hətta yerli icra və bələdiyyə orqanları da bu problemin dinc yolla həll ediləməsinə köməklik edə bilməmişlər. Buna görə də Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixlı 23 saylı qərarı ilə mülkiyyətinə verilmiş 0,25 hektar torpaq sahəsinin 0,05 hektarını Astara rayonu Vaqo kənd sakini Cavabdeh zəbtindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Məhkəmə iclasında cavabdeh izahatında bildirmişdir ki, Məhkəmə iddiaçını və cavabdehi dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materialına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 11 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-10/6982 saylı rəyindən məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-3- 43/2-2551/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 23 saylı qərarı əsasında JN-191A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı mülkiyyətinə verilmiş Astara rayonu, Vaqo kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə dair torpaq islahatına dair kompleks yerquruluşu layihəsində və adlı siyahıda məlumatların aşkar olunmaması müəyyən olunmuş və buna görə də həmin torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və ölçüsünün 0,24 ha olması məlum olmuşdur. Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında JN-018A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə X1 və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Vaqo kəndi ərazisində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh və qeyrilərinin faktiki istifadələrində olan torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və ölçüsünün 0,56 ha olması məlum olmuşdur. Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 23 saylı qərarı əsasında JN-191A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı mülkiyyətinə verilmiş Astara rayonu, Vaqo kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilib-edilməməsini də müəyyənləşdirmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ xx.xx.2016-cı ildə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışla qeydiyyata alınmış, torpaq sahəsi isə İddiaçı istifadəsinə verilməklə bələdiyyə mülkiyyətində saxlanılmışdır. Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 23 saylı qərarı əsasında JN-191A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı mülkiyyətinə verilmiş Astara rayonu, Vaqo kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından həmin 0,25 ha həyətyanı torpaq sahəsi ilə Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında JN-018A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə X1 və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Vaqo kəndi ərazisində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı, X1 və onun ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsi (JN-191A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən, mülkiyyət növü isə bələdiyyə) eyni sərhəd daxilində təsvir edilməsi müəyyən edilmişdir. İş materialına əlavə edilmiş, Torpağın mülkiyyətə verilməsinə dair JN-191A (KOD ********) nömrəli Şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 23 saylı qərarı əsasında 0,25 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materialına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Astara rayonu Vaqo kəndində olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi İddiaçı faktiki istifadəsində olmaqla xüsusi mülkiyyət hüququ ona məxsusdur, lakin torpaq sahəsi İddiaçı istifadəsinə verilməklə bələdiyyə mülkiyyətində saxlanılmışdır. İş materialına əlavə edilmiş Astara rayonu Siyaku bələdiyyəsi və Astara rayonu İHBnın Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışlarından görünür ki, İddiaçı Astara rayonu Vaqo kəndində yerləşən 0,25 ha həyətyanı torpağı vardır. İş materialına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-018A (KOD ********) nömrəli Şəhadətnamədən görünür ki, Astara rayonu, Vaqo kəndi ərazisində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsi Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında X1 və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər, vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin maddənin 2-ci bəndinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun 18-ci maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin maddənin 2-ci bəndinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətinə verilmiş Astara rayonu, Vaqo kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə dair torpaq islahatına dair kompleks yerquruluşu layihəsində və adlı siyahıda məlumatların aşkar olunmaması səbəbindən həmin torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamış, İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilibedilməməsini, həmçinin torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd olunanlar ekspert rəyində də öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə qeyd edir ki, ekspertiza aparılmasının prosessual qaydaları pozulmamış, ekspertin əsaslandığı sübutlar etibarsız hesab edilməmişdir. Ekspertin rəyi kifayət qədər əsaslı olduğundan və şübhə doğurmadığından eləcə də, ekspertin rəyi kifayət qədər aydın və tam olduğundan təkrar və əlavə ekspertizanın təyin edilməsi əsasları yoxdur. Sadalanan qanunvericilik normalarına işin məhkəmə tərəfindən müəyyən edilən hallarına əsasən məhkəmə qeyd edir ki, İddiaçı mülkiyyətinə verilmiş Astara rayonu, Vaqo kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilib-edilməməsini, həmçinin həmin torpaq sahəsi ilə cavabdeh X1 və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Vaqo kəndi ərazisində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmadığından və həmin halların təkrar və əlavə ekspertiza təyin edilməsi ilə aradan qaldırılması mümkün olmadığından və iddiaçı tərəfindən əlavə sübutlar təqdim edilmədiyindən İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi” barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 360 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi” barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bəxtiyar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar