Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-345/2024 20.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həbibov İlqar ibrahim oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 30 yanvar 2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsasında hazırki icraat başlanmışdır. İddia cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırılmışdır. İddiaçı mübahisə predmeti olan Astara rayonu Suparibağ kəndində yerləşən fərdi yaşayış evinə 15 mart 2009-cu il təvəllüdlü X4 ilə birlikdə köçürülməsini məhkəmədən xahiş edir. İddiaçı tələbinin əsası kimi aşağıda göstərilən halları qeyd edir: İddiaçı Cavabdeh1 qayınatası və Cavabdeh2 isə keçmiş əridir. Cavabdeh Laşın Seyfullayev ilə birlikdə faktiki olaraq 2001-ci ildə ailə qurmuş, nikahlarını 12 yanvar 2004cü il tarixdə rəsmiləşdirmişlər. 2001-ci ildə cavabdehlərin razılığı ilə ailə üzvü kimi yaşamaqdan ötrü qaynatası Cavabdeh1 məxsus Astara rayonu, Suparibağ kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin fərdi yaşayış evində təsərrüfatı birgə idarə etməklə ailə üzvü kimi 2001-ci ildən 2023-cü ilin dekabr ayına kimi birgə yaşamışlar. Qaytanası Cavabdeh1 istifadəsində olan fərdi yaşayış evinin hüquqi statusu olmadığı üçün o istəsə belə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə əlaqədar notariat qaydada müqavilə bağlaya bilməmişdir. Mübahisəli fərdi yaşayış evində birgə nikahdan 08 oktyabr 2002-ci il tarixdə X6, 2004-cü ildə X5 və 15 mart 2009-cu il tarixdə X4 adlı uşaqları dünyaya gəlmişdir. X3 hal-hazırda həqiqi hərbi xidmətdədir. Əvvəllər ailə münasibətləri normal olsa da, ailədə olan narazılıqlara görə Cavabdeh2 ayrılmışdır. Beləliklə, Cavabdeh2 2023-cü ilin dekabr ayında onun uşaqları ilə birlikdə evdən qovmuşdur. Yaşamağa yeri olmadığından müvəqqəti olaraq valideynlərinə məxsus olan evdə yaşayırlar. Gəlin köçüb yaşadığı evin hüquqi statusu və mülkiyyətçisi yoxdur, təsərrüfata rəhbərlik edən Cavabdeh1 istifadəsində olan evə ailə üzvü kimi 2001-ci ildə gəlin köçərkən, heç bir qeyd şərt göstərilməmiş, ailə üzvlərinin razılığı ilə daimi yaşamaqdan ötrü köçmüş və 2023-cü ilin dekabr ayına kimi təsərrüfatı birgə idarə etməklə orada ailə üzvü kimi yaşamışdır. Həmin yaşayış evində 3 uşaqları dünyaya gəlmişdir. Həmin mübahisəli evdə 22 il müddətində uşaqları ilə birlikdə yaşamışdır. Ona görə də, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan Astara rayonu, Suparibağ kəndində yerləşən fərdi yaşayış evinə 15 mart 2009-cu il təvəllüdlü X4 ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında izahat verən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, ona qarşı qaldırılmış iddianı qəbul edir. Belə ki, İddiaçı ilə münasibətləri korlandığı üçün ayrılmışlar. İddiaçı Astara rayonun, Suparibağ kəndində yerləşən fərdi yaşayış evinə köçməsinə heç bir etirazı yoxdur. Cavabdeh2 bu barədə ərizəni sədrlik edənə təqdim etmişdir. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən digər cavabdeh X2 iddianı qəbul etdiyini, İddiaçı Astara rayonu, Suparibağ kəndində yerləşən fərdi yaşayış evinə köçməsinə heç bir etirazı yoxdur. Cavabdeh1 bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
1. İş materiallarına əlavə olunmuş Astara rayon İHB-nın Supraibağ kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara rayonu Suparibağ kəndində yaşayır.
2. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında 12 yanvar 2004-cü il tarixdə Astara rayon İcra Hakimiyyəti başçısının Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikah bağlanmış və 04 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir.
3. İş materiallarında olan arayışdan görünür ki, tərəflərin birgə nikahından 2002-ci il təvəllüdlü X6, 2004-cü il təvəllüdlü X5 və 15 mart 2009-cü il təvəllüdlü X4 adlı üç uşaqları vardır.
4. İş materiallarında olan Astara rayon İHB-nın Suparibağ kənd üzrə nümayəndəsi tərəfindən verilmiş 26 yanvar 2024-cü il tarixli arayışının məzmunundan görünür ki, İddiaçı həqiqətən Astara rayonu Suparibağ kənd sakini Cavabdeh2 ilə ailə quraraq onun atasının evinə gəlin köçmüş və 2023-cü ilin dekabr ayına kimi həmin evdə yaşamışlar.
5. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 2(018)-243/2024 saylı, 29 fevral 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında olan nikah məhkəmə qaydasında pozulmuş və tərəflərin birgə nikaharından olan 15 mart 2009-cü il təvəllüdlü X4 anasının himayəsində saxlanılmışdır.
6. İş materiallarında olan, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yazılmış ərizələrin məzmumundan görünür ki, onlar İddiaçı tərəfindən verilmiş iddianı qəbul edərək, təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Beləliklə, məhkəmə iclasında İddiaçı ilə cavabdeh X1 2001-ci ildə faktiki nikah münasibəti ilə, 12 yanvar 2004-cü il tarixdə Astara rayon İHB-nın Suparibağ İƏD-si üzrə nümayəndəliyində nikahlarını rəsmiləşdirməklə ailə qurmaları, nikaha daxil olduqdan sonra İddiaçı cehiz əmlakları ilə birlikdə köçərək Astara rayonu Suparibağ kəndində yerləşən Cavabdeh1 məxsus evdə yaşaması müəyyən edildi. Məhkəmə iclası zamanı həmçinin müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh2 birgə nikahda olduqları dövrdə Cavabdeh1 məxsus Astara rayonu Suparibağ kəndində yerldəşən fərdi yaşayış evində azyaşlı uşaqları ilə birlikdə yaşamış, onlarla birgə təsərrüfatı idarə etmiş, 2023-cü ilin dekabr ayında həmin evdən çıxarılaraq azyaşlı uşağı ilə birlikdə hazırda müvəqqəti olaraq valideynlərinə məxsus evdə yaşamışdır. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, hazırda mübahisə predmeti olan fərdi yaşayış evinin hüquqmüəyyən edici sənədləri, yəni evin çıxarışı, texniki pasprotu, qeydiyyat vəsiqəsi və sair olmasa da, evin mövcudluğu və Cavabdeh1 tərəfindən tikilərək ona məxsusluğu işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişdirsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi buluğa çatmayan uşaqlarını köçürmək ixtiyarına malikdirlər. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə hesab edir ki, İddiaçı 2001-ci il tarixdən Cavabdeh2 ailə üzvü olması işin mübahisəsiz halıdır və hazırki mülki iş materialları ilə tam sübut olunur. Belə ki, ailə üzvlərinin birgə yaşadığı və mənzil şəraitində yaşamalarına imkanı təmin edən yaşayış sahəsi əksər hallarda ailə üzvləri arasında olan münasibətlərə xitam verildiyi hallarda onların və uşaqlarının yaşaması üçün bir təminat olaraq qəbul edilməkdədir. Ailə həyatı bu məkanda yaşanır, tərəflər birgə yaşamaqla təsərrüfatı birgə idarə edir və ailə həyatından irəli gələn hüquq və vəzifələr əldə edirlər. Məsələyə bu konteksdən yanaşıldıqda aydın olur ki, hazırki mülki mübahisənin predmeti baxımından İddiaçı cavabdeh X1 arvadı olmaqla 2001-ci il tarixdən hazırki vaxta kimi onunla birgə təsərrüfatı idarə etməklə yaşamışdır. Göründüyü kimi, İddiaçı cavabdehlə birlikdə, başqa qeyd-şərt göstərilmədən mübahisəli yaşayış sahəsinə köçmüş və həmin yaşayış sahəsində yaşamışdır. Sadalanan qanunvericilik aktı normalarını analogiya üzrə hazırki mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, İddiaçı 2001-ci ildən mübahisə predmeti olan evə köçdüyünə, həmin evdə yaşamaqla 2023-cü ilin dekabr ayına kimi ümumi təsərrüfatın aparılmasında iştirak etdiyinə və ayzaşlı uşaqları ilə birlikdə Astara rayon Suparibağ kəndində olan mübahisəli evə köçürülməsini qanuni və əsaslı hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)». Məhkəmə hesab edir ki, iddianı təmin etməklə eyni zamanda İddiaçı yanında yaşayan uşağın qanunla və «Uşaq hüquqları haqqında» Beynəlxalq Konvensiyalarla müdafiə olunan hüquqlarını da təmin etmişdir. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. «Uşaq hüquqları haqqında» Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşağın mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. Qeyd olunan Konvensiyanın və yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, İddiaçı bir azyaşlı uşağı ilə birlikdə mübahisəli evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə mülki prosessual qanunvericiliyin qeyd olunan normasını əsas götürərək hesab edir ki, iddia cavabdehlər tərəfindən də qəbul edildiyi üçün iddianın təmin olunmasına dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə köçürülmə» tələbi barədə iddiası təmin edilsin. 2.İddiaçı 15 mart 2009-cu il təvəllüdlü X4 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan Astara rayonun Suparibağ kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zamin İbrahimov