Məhkəmə qərarları › İş №2(018)-349/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-349/2025

14.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-349/2025 14.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qonşu torpaq sahəsinin mülkiyyətçisinin özbaşına hərəkətlərinə son qoyulması və orada tikilən tövlənin sökülməsi” tələbinə dair mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “qonşu torpaq sahəsinin mülkiyyətçisinin özbaşına hərəkətlərinə son qoyulması və orada tikilən tövlənin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh özbaşınalıq hərəkətlərinə son qoyulması, icazəsiz tikilən tövlənin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailə üzvlərilə birlikdə Astara rayonu Seləkəran kəndində yaşayır. Yaşadığı torpaq sahəsi və üzərində yerləşən fərdi ev Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli Çıxarış əsasında öz mülkiyyətindədir. Cavabdeh qonşuluqda yaşayır. O, mütəmadi olaraq qonşuluq hüququnu pozmaqla yaşadığı evdən 10 metr aralı iri buynuzlu mal-qara tövləsindən əmələ gələn çirkab üfunətli suları yaşadığı evin istiqamətində axıdır. Bununla da, cavabdeh onun hüquqularını pozur. Bu hərəkətlərinə son qoyulmasını tələb etsə də, buna əhəmiyyət verməmiş, öz əməllərini davam etdirmişdir. Məcbur qalıb Astara rayon İcra Hakimiyyətinə müraciət etmiş, Astara şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin əməkdaşları tərəfindən yerində araşdırma aparılmış və qeyd etdikləri öz təsdiqini tapmışdır. Cavabdehlə profilaktik söhbətlər aparılsa da məsələ həllini tapmamışdır. Hətta cavabdehin hərəkətləri barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etmiş, araşdırma aparılmış və cavabdehin mal-qara tövləsindən çirkab sularının həyətinə axıdılması faktı aşkar edilmiş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, tərəfindən anbar qazılaraq boru vasitəsilə çirkab suların anbara axıdılacağını öhdəsinə götürdüyünü bildirmiş, tövlənin sökülməsi hissəsində iddia tələbini qəbul etməmişdir. Məhkəmə iddiaçını, cavabdehi dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialında olan Astara şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 1731 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və **********94-10301 reyestr nömrəli çıxarış sənədinin surətindən görünür ki, Astara rayonu, Seləkəran kəndi ərazisində yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 720 nömrəli Astara rayon İcra Hakimiyyəti tərəfindən verilmiş məktubdan görünür ki, Astara şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin əməkdaşları tərəfindən yerində araşdırma aparılmış qonşu Cavabdeh tərəfindən çirkab suların həyətə axıdılması müşahidə edilmişdir. Mübahisə mülki xarakter daşıdığından məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, araşdırma nəticəsində İddiaçı çəpər qonşusu tərəfindən həyətində yaranan çirkab sularının axıdılması faktı aşkar edilmişdir. Mübahisə mülki xarakter daşıdığından məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materialına əlavə edilmiş yerində müayinə aparılması bağlı protokoldan görünür ki, Cavabdeh məxsus torpaq sahəsinin qonşuluqda olan İddiaçı məxsus torpaq sahəsinə bitişik hissəsində cavabdehə məxsus tövlədən çirkab sularının axıdılması müşahidə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Həmin Məcəllənin 171-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Həmin Məcəllənin 172-ci maddəsinə əsasən qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh qonşu torpaq sahələrinin mülkiyyətçiləridir. Cavabdeh öz torpaq sahəsində lakin İddiaçı torpaq sahəsi ilə sərhəddə tövlə tikmiş, həmin tövlədən əmələ gələn çirkab suları məxsus torpaq sahəsinin qonşuluqda olan İddiaçı məxsus torpaq sahəsinə bitişik hissəsində axıtmaqdadır. Çirkab sular axıdılarkən hər hansı novdan, borudan istifadə etmir. Bu isə çirkab sulardan əmələ gələn üfunət qoxunun yayılmasına səbəb olur. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehin qanunsuz hərkətlərinə son qoyulması hissəsində əsaslıdır. Belə ki, öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.Göründüyü kimi hazırki mübahisə torpaq sahəsinin mülkiyyətçisinin öz torpaq sahəsindən istifadəsinə maneə yanması ilə bağlı deyil də, sırf çirkab sular və onun yaratdığı qoxu ilə bağlıdır. Belə ki, çirkab sular cavabdeh tərəfindən öz torpaq sahəsində lakin qonşu ilə torpaq sahəsinin bitişən hissəsində axıdılır. Ona görə də, məhkəmə ilk öncə axıdılan çirkab sulardan əmələ gələn qoxunun təsirinin əhəmiyyətini, torpaq sahəsindən adi istifadə nəticəsində törənib-törənmədiyinə və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısının alına bilib-bilmədiyinə qiymət verməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, çirkab sulardan əmələ gələn qoxunun təsiri əhəmiyyətili olub, torpaq sahəsindən adi istifadə nəticəsində yaransa da, cavabdehin normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısının alına bilindiyi üçün iddiaçı həmin təsirə dözməməlidir. Lakin, iddiaçının tövlənin sökülməsini tələb etməsi hissəsində məhkəmə hesab edir ki, iddia bu hissə də, təmin edilməməlidir. Belə ki, tövlə cavabdehin öz torpaq sahəsində tikilmiş, təyinatına uyğun istifadə edilməkdədir. Həmin tövlənin iddiaçının tələbi ilə sökülməsi mülkiyyətə müdaxilə, mülkiyyətçinin hüquqlarının həddindən artıq məhdudlaşdırılmasına gətirib çıxarar ki, bu da yolverilməzdir. Beləliklə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehin qanunsuz hərəkətlərinə son qoyularaq, çirkab sularının boru xətti vasitəsilə öz torpaq sahəsində tikilən anbara axıdılması təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “qonşu torpaq sahəsinin mülkiyyətçisinin özbaşına hərəkətlərinə son qoyulması və orada tikilən tövlənin sökülməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehin qanunsuz hərəkətlərinə son qoyularaq çirkab sularının boru xətti vasitəsilə öz torpaq sahəsində tikilən anbara axıdılması onun üzərinə vəzifə olaraq qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar