Məhkəmə qərarları › İş №2(018)-565/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-565/2025

12.03.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-565/2025 12.03.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı Zəkiyeva (Paşayeva) Rəisə Niftiəli qızının (eyni zamanda Osmanova (Zəkiyeva) Fatimə Zəki qızının və İddiaçı2 nümayəndəsi) və onun nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh1 və Cavabdeh3ın iştirakları ilə, İddiaçılar Osmanova (Zəkiyeva) Fatimə Zəki qızı, İddiaçı2 və Zəkiyeva (Paşayeva) Rəisə Niftiəli qızının cavabdehlər Cavabdeh1, X13 və Cavabdeh3 qarşı Astara rayonu Şahağacı Bələdiyyəsi maraqlı şəxs qismində cəlb edilməklə “fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə gedən yolun açılması, gediş-gəliş yolunun üstündə yerləşən və gediş-gəlişə maneə olan tikililərin sökülməsi və yol açıldıqdan sonra cavabdehlər tərəfindən həmin yolda maneələrin yaradılmasına qadağa qoyulması” tələbinə dair mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçılar Osmanova (Zəkiyeva) Fatimə Zəki qızı, İddiaçı2 və Zəkiyeva (Paşayeva) Rəisə Niftiəli qızı cavabdehlər Cavabdeh1, X13 və Cavabdeh3 qarşı “fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə gedən yolun açılması və yol açıldıqdan sonra cavabdehlər tərəfindən həmin yolda maneələrin yaradılmasına qadağa qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonunun Şahağacı kəndində yerləşən fərdi yaşayış evinə və 0.06 hektar həyətyanı torpaq sahəsinə gedən yolun açılması və yol açıldıqdan sonra cavabehlər Cavabdeh1, X13 və Cavabdeh3 tərəfindən həmin yolda maneələrin yaradılmasına qadağa qoyulması, 100 (bir yüz) manat 40 (qırx) qəpik dövlət rüsumunun iddiaçılar Osmanova (Zəkiyeva) Fatimə Zəki qızı, İddiaçı2 və Zəkiyeva (Paşayeva) Rəisə Niftəli qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Astara rayonunun Şahağacı kəndində 0.06 hektar torpaq sahəsində yerləşən evləri var. Həmin evi X38 tikmişdir. X38 rəhmətə getdikdən sonra halhazırda ailələri həmin evdə yaşayır və 0.06 hektar torpaq sahəsindən istifadə edirlər. Torpağın mülkiyyətə verilməsinə dair JN-778A, KOD 80112018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə görə Astara rayon Aqrar İstahat Komissiyasının 03 mart 1998-ci tarixli 12 saylı qərarı ilə Astara rayonunun Şahağacı kəndi ərazisində 0.06 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Həmin şəhadətnamədə mülkiyyətilərində olan torpaq sahəsində fərdi yaşayış evi yerləşdiyi göstərilmişdir. Evə və torpaq sahəsinə gedən maşın və piyada yolu Cavabdeh1, X7, Cavabdeh3 yaşadıqları fərdi yaşayış evinin sahəsinin yanından keçir. Hal-hazırda cavabdehlər uzun müddət istifadə edilən yoldan istifadə edilməsinə imkan vermir, maneələr yaradırlar və yolun keçdiyi yerdə Cavabdeh1 Cavabdeh2 üçün fərdi yaşayış evi tikmişdir. Yaşadığı ev tikilən vaxtdan, yəni 1958-ci ildən həmin yerdən evlərinə və torpaq sahəsinə gedən yoldan istifadə edilir. Bunlara əsasən yolun açılması və maneələrin aradan qaldırılması ilə bağlı Astara rayon Məhkəməsinə müraciət edirlər. İddiaçılar Osmanova (Zəkiyeva) Fatimə Zəki qızı, İddiaçı2 və Zəkiyeva (Paşayeva) Rəisə Niftiəli qızı xx.xx.2026-ci il tarixdə iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə gedən yolun açılması və yol açıldıqdan sonra cavabdehlər tərəfindən həmin yolda maneələrin yaradaılmasına qadağa qoyulmasına dair iddia ərizəsi ilə Astara rayon Məhkəməsinə müraciət etmişlər. İddia tələbi üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmiş və mütəxəssis rəyinə görə torpaq sahəsinə gedişgəliş yolunun mövcud olması və kompleks yerquruluşu lahihəsində mövcud olan həmin gediş-gəliş yolunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən tutulması müəyyən olunmuşdur. Kompleks yer quruluşu layihəsində mövcud olan həmin yolun üzərində cavabdehlərə məxsus tövlənin bir hissəsinin (kəndarası yola giriş çıxış sərhədində) və yarımçıq tikilmiş fərdi yaşayış evinin bir hissəsinin (bələdiyyə mülkiyyətinə aid həmin torpaq sahəsinin sərhədində) yerləşməsi müəyyən olunmuşdur. Gediş gəliş yolunun üzərində tikili olmağı mütəxəssis rəyindən sonra onlara məlum olmuş və bunlara əsasən iddianın cavabdehlərə məxsus tövlənin bir hissəsinin və yarımçıq tikilmiş fərdi yaşayış evinin bir hissəsinin sökülməsi tələbini də əlavə edirlər. Yuxarıda qeyd edilənlərə əsasən iddia üzrə qətnamə çıxarılarkən gediş-gəliş yolunun üstündə yerləşən və gediş-gəlişə maneə olan tikililərin sökülməsinin də qət edilməsini xahiş etmişlər. Məhkəmə tərəfindən Astara rayonu Şahağacı Bələdiyyəsi maraqlı şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı Zəkiyeva (Paşayeva) Rəisə Niftiəli qızı (eyni zamanda Osmanova (Zəkiyeva) Fatimə Zəki qızının və İddiaçı2 nümayəndəsi) iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Zəkiyeva (Paşayeva) Rəisə Niftiəli qızının nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçılara məxsus torpaq sahəsi və onların yaşadığı fərdi yaşayış evi onun atasınındır. O, iddaçılara məxsus fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə gedən yolu tutmamış və ya hər hansı bir tikinti işləri aparmamışdır. Arasında bələdiyyə ilə bağlanmış müqavilə vardır. O, bələdiyəyə məxsus torpaq sahəsində tikililər tikmişdir. İddiaçılar onunla prinsip edərək məhz bədiyyə torpağında tikdiyi tikililəri sökdürməyə çalışırlar. Ona görə də, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 Cavabdeh1 ilə eyni məzmunlu ifadə verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 və maraqlı şəxs Astara rayon Şahağac Bələdiyyəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmişdir. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını, iddiaçıların nümayəndəsini, iddiaçının vəkilini və cavabdehləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli Astara rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, X16 22 yanvar 2001-ci ildə ölmüşdür. Ölüm haqqında xx.xx.2001-ci ildə 03 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Astara rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, X38 01 may 2004-cü ildə ölmüşdür. Ölüm haqqında xx.xx.2004-ci il tarixdə 09 saylı akt qeydi ilə tərtib olunmuşdur. İş materiallarında olan JN – 778A, KOD 80112018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 12 saylı qərarı ilə 0.06 hektar həyətyanı torpaq sahəsi X27, X9, İddiaçı2 və X17 ümumi paylı mülkiyyətinə verilmişdir. İş materiallarında olan, 12 avqust 2024-cü il tarixli aktdan görünür ki, şəhadətnamə tərtib olunan zaman texniki səhv nəticəsində X18, X12 qeyd olunmuşdur. Şahağacı kənd üzrə qeydiyyat kitabında X18, X28 adlı şəxs olmamışdır. Qeyd olunan JN – 778A, KOD 80112018 nömrəli Şəhadətnamə qeydiyyatı aparılan ümumi birgə payçılardan olan mərhum X38, İddiaçı3, İddiaçı2 və Osmanova (Zəkiyeva) Fatimə Zəki qızı adına qeydiyyatın aparılması qanuna müvafiq hesab edilmişdir. İş materiallarında olan 09 sentyabr 2024-cü il tarixli, 616 nömrəli Astara rayon İHB-nın Şahağac kənd İƏD üzrə nümayəndəliyin çıxarışından görünür ki, Astara rayon İHB-nın Şahağac kənd İƏD üzrə nümayəndəliyinin 14 nömrəli təsərrüfat başına kitabının 1317-ci səhifəsində Şahağac kəndində 1958-ci ildə X38 tərəfindən inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 48 m2 yaşayış sahəsi olan fərdi yaşayış evi qeydiyyata alınmışdır. Hal-hazırda fərdi yaşayış evi istismara yararlıdır və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsində qeydiyyata alınması məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan 04 oktyabr 2022-ci il tarixli, 751 saylı Astara rayon İHB-nın Şahağac kənd İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, mərhum X4 vəfatından sonra həmin ev və təsərrüfat oğlu X29 adına keçmişdir. Ailə tərkibi- arvadı İddiaçı3 Niftəli qızı kimidir. İş materiallarında olan 30 yanvar 2025-ci il tarixli, 96 nömrəli Astara rayon İHB-nın Şahağac kənd İƏD üzrə nümayəndəliyinin çıxarışından görünür ki, Astara rayon İHB-nın Şahağac kənd İƏD üzrə nümayəndəliyinin 14 nömrəli təsərrüfat başına kitabının 1317-ci səhifəsində Şahağac kəndində 1958-ci ildə X38 tərəfindən inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 48 m2 yaşayış sahəsi 36 kv.m və 0.06 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Hal-hazırda fərdi yaşayış evi istismara yararlıdır. İş materiallarında olan Astara rayon İHB-nın Şahağac kənd İƏD üzrə nümayəndəliyinin 30 yanvar 2025-ci il tarixli, 96 nömrəli arayışından görünür ki, 1998-ci ildə aqrar islahat aparılan zaman İddiaçı3 ailə tərkibi, əri-X39, qızı-İddiaçı2, qızı-X8 olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Şahağac kənd İƏD üzrə nümayəndəliyinin 30 yanvar 2025-ci il tarixli, 95 nömrəli arayışından görünür ki, Zəkiyeva X3 İƏD üzrə nümayəndəliyində qeydiyyatdadır. İş materiallarında olan Astara rayon İHB-nın Şahağac kənd İƏD üzrə nümayəndəliyinin 03 iyul 2024-cü il tarixli, 444 saylı arayışından görünür ki, mərhum X16 vəfatına qədər Astara rayonu Şahağac kəndində yaşamışdır. Onun ölümündən sonra həmin evdə və təsərrüfatda oğlu-X39 yaşamışdır. Çıxıb gedən vərəsələr oğlu- X21, oğlu- X32, qızı- X30, oğlu- Cavabdeh1, oğlu- X37, oğlu- X22, oğlu- X40 olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Şahağac kənd İƏD üzrə nümayəndəliyinin 07 fevral 2025-ci il tarixli, 125 nömrəli arayışından görünür ki, Zəkiyeva X3 icra nümayəndəliyində qeydiyyatdadır və Şahağacı kəndində yaşayır. Ailə tərkibi qızı-İddiaçı2, qızı-X2. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı3 məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 43 saylı arxiv arayışından görünür ki, Astara rayon Şahağacı tərəvəzçilik adına Sovxozunun 28 dekabr 1985-ci il tarixli, 227 nömrəli əmrindən çıxarışla Sovxozun qaytanlanmış kitabının 252-ci səhifəsinə əsasən X23 0.10 ha həyətyanı torpaq sahəsindən oğlu Cavabdeh1 0.06 ha torpaq sahəsi ayrılıb verilmişdir. İş materiallarında olan JN – 078A, KOD 80112018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 12 saylı qərarı ilə 0.06 hektar həyətyanı torpaq sahəsi Cavabdeh1, X1, X10, X7, X5, X11 ümumi paylı mülkiyyətinə verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 03 noyabr 2025-ci il tarixli, 3-21-3-43/2-3787/2025 nömrəli mütəxəssiz rəyindən görünür ki, Astara rayonu, Şahağac kəndi ərazisində yerləşən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı əsasında JN-778A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçılar Osmanova (Zəkiyeva) Fatimə Zəki qızının, İddiaçı2 və Zəkiyeva (Paşayeva) Rəisə Niftəli qızının mülkiyyətlərində olan 0,06 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatları ilə Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı əsasında JN-078A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və qeyrilərinin mülkiyyətlərində olan 0,06 ha həyətyanı torpaq sahəsinin koordinatlarının üst-üstə düşməməsi, qonşu torpaq sahələri olması müəyyən olunmuşdur. Astara rayonu, Şahağac kəndi ərazisində yerləşən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı əsasında JN-778A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə iddiaçılar Osmanova (Zəkiyeva) Fatimə Zəki qızının, İddiaçı2 və Zəkiyeva (Paşayeva) Rəisə Niftəli qızının mülkiyyətlərində olan 0,06 ha həyətyanı torpaq sahəsinin və Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı əsasında JN-078A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və qeyrilərinin mülkiyyətlərində olan 0,06 ha həyətyanı torpaq sahəsinin ayrı-ayrılıqda sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Həmçinin iddiaçıların və cavabdehlərin faktiki istifadələrində olan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və iddiaçıların faktiki istifadələrində olan torpaq sahəsinin ölçüsünün 0.09 ha, cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsinin ölçüsünün isə 0,18 ha olması müəyyən olunmuşdur. Araşdırma zamanı iddiaçıların və cavabdehlərin mülkiyyətlərində olan sözügedən 0,06 ha və 0,06 ha həyətyanı torpaq sahələrinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsi tərəfindən tərtib olunmuş JN JN-778A və JN-078A "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə sənədlərinin koordinatlarının faktiki vəziyyətdə natura ilə tam həcmdə üst-üstə düşməməsi, həmin torpaq sahələrinin "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə sənədlərindəki məkan göstəriciləri ilə faktiki vəziyyətdəki məkan göstəriciləri arasında müəyyən qədər uyğunsuzluqların (sərhəd və konfiqurasiya fərqlərin) mövcud olması müəyyən olunmuşdur. İddiaçıların iddia tələbinə uyğun, torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı məlum olmuşdur ki, torpaq islahatı aparılan zaman iddiaçılar Osmanova (Zəkiyeva) Fatimə Zəki qızının, İddiaçı2 və Zəkiyeva (Paşayeva) Rəisə Niftəli qızının istifadələrində 0,14 ha torpaq sahəsi mövcud olmuş və həmin 0,14 ha torpaq sahəsinin 0.06 ha JN-778A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında Osmanova (Zəkiyeva) Fatimə Zəki qızının, İddiaçı2 və Zəkiyeva (Paşayeva) Rəisə Niftəli qızının mülkiyyətlərinə verilmiş, qalan 0,08 ha isə onların istifadələrində qalmaqla bələdiyyə mülkiyyətində saxlanılmışdır. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı iddiaçılar Osmanova (Zəkiyeva) Fatimə Zəki qızının, İddiaçı2 və Zəkiyeva (Paşayeva) Rəisə Niftəli qızının JN-778A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə mülkiyyətlərində olan 0,06 ha həyətyanı torpaq sahəsinin faktiki vəziyyətdə naturaya uyğun şərti yerləşmə vəziyyətinə görə təxminən (qeyd olunan uyğunsuzluğun mövcud olmasına rəğmən) 0,023) ha hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Həmçinin, torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı iddiaçılar Osmanova (Zəkiyeva) Fatimə Zəki qızının, İddiaçı2 və Zəkiyeva (Paşayeva) Rəisə Niftəli qızının istifadələrində qalan bələdiyyə mülkiyyətinə aid həmin 0,08 ha torpaq sahesinin 0,033 ha hissəsinin də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə edilməsi və həmin 0,033 ha torpaq sahəsi üzərində cavabdehlərə məxsus yarımçıq tikilmiş fərdi yaşayış evinin bir hissəsinin yerləşməsi də müəyyən olunmuşdur. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı JN-778A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçılar Osmanova (Zəkiyeva) Fatimə Zəki qızının, İddiaçı2 və Zəkiyeva (Paşayeva) Rəisə Niftəli qızının mülkiyyətlərində olan 0,06 ha həyətyanı torpaq sahəsinə birbaşa gediş-gəliş yolunun mövcud olmaması müəyyən olunmuşdur. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən iddiaçılar Osmanova (Zəkiyeva) Fatimə Zəki qızının, İddiaçı2 və Zəkiyeva (Paşayeva) Rəisə Niftəli qızının istifadələrində saxlanılan bələdiyyə mülkiyyətinə aid həmin 0,08 ha torpaq sahəsinə gediş-gəliş yolunun mövcud olması və kompleks yerquruluşu layihəsində mövcud olan həmin gediş-gəliş yolunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən tutulması müəyyən olunmuşdur. Kompleks yerquruluşu layihəsində mövcud olan həmin yolun üzərində cavabdehlərə məxsus tövlənin bir hissəsinin (kəndarası yola giriş-çıxış sərhədində) və yarımçıq tikilmiş fərdi yaşayış evinin bir hissəsinin (bələdiyyə mülkiyyətinə aid həmin torpaq sahəsinin sərhədində) yerləşməsi müəyyən olunmuşdur. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Astara rayonu Şahağac bələdiyyəsinin 10 dekabr 2024-cü il tarixli 14 saylı iclas protokolundan Çıxarışdan görünür ki, Cavabdeh3 fərdi yaşayış evinin tikintisi məqsədilə müvafiq olaraq 0.12 ha torpaq sahəsinin ayrılması barədə müraciətinin nəzərə alınması və qanunvericiliyə müvafiq qaydada torpaq sahəsinin ayrılması istiqamətində ilkin sənədləşmə işlərinə başlanılması qərara alınmışdır. İş materiallarında olan Şahağac bələdiyyəsi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin rəisi İmran Əzizova ünvanlanmış 12 dekabr 2024-cü il tarixli 45 nömrəli məktubdan görünür ki, Şahağac bələdiyyəsinin hüdudları daxilində yaşayış məntəqəsinin torpaqlarına aid olan 0.12 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi məqsədilə bilavasitə ayrılmasına rəyin verilməsi, müayinə aktı və torpaq sahəsinin planı sənədinin hazırlanması barədə kğmək göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 16 saylı Astara rayon Şahağac Bələdiyyəsi tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Niftəli qızı ilə Şahğac Bələdiyyəsi arasında Astara rayonu Şahağacı kəndində torpaq sahəsinin verilməsinə dair hər hansı bir müqavilə bağlanmasına dair Şahğac Bələdiyyəsində heç bir yazılı məlumat mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Həmin Məcəllənin 47-ci maddəsinin 3-cü hissəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 47-ci maddəsinin 4-cü hissəsinə əsasən hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, məhkəmə iclasında iddiaçının, onun nümayəndəsinin izahatı, cavabdehlərin izahatı, mütəxəssis rəyi və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı əsasında JN-778A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçılar Osmanova (Zəkiyeva) Fatimə Zəki qızının, İddiaçı2 və Zəkiyeva (Paşayeva) Rəisə Niftəli qızının mülkiyyətlərinə olan 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin birgə mülkiyyətçilərindən biri də, iddiaçılar Osmanova (Zəkiyeva) Fatimə Zəki qızının, İddiaçı2 babası, Zəkiyeva (Paşayeva) Rəisə Niftəli qızının qayınatası, Cavabdeh1 atası, X6 babası və Cavabdeh3 qayınatası olan X38 olmuşdur. X38 2004cü ildə vəfat etmiş və ona məxsus pay vərəsəlik qaydasında vərəsələr tərəfindən qəbul edilməmişdir. Həmçinin, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı əsasında JN-078A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və qeyrilərinin mülkiyyətlərinə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı və cavabdehlərin mülkiyyətinə verilmiş torpaq sahələri qonşu torpaq sahələridir. Mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı JN-778A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçılar Osmanova (Zəkiyeva) Fatimə Zəki qızının, İddiaçı2 və Zəkiyeva (Paşayeva) Rəisə Niftəli qızının mülkiyyətlərində olan 0,06 ha həyətyanı torpaq sahəsinə birbaşa gediş-gəliş yolunun mövcud olmaması müəyyən olunmuşdur. İddiaçıların yol kimi iddia etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid 0,08 ha torpaq sahəsidir və həmin torpaq sahəsinə torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən gediş-gəliş yolunun mövcud olması və həmin gediş-gəliş yolunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən tutulması müəyyən olunmuşdur. Belə ki, bələdiyyə mülkiyyətinə aid həmin 0,08 ha torpaq sahəsinin 0,033 ha hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə edilməsi və həmin 0,033 ha torpaq sahəsi üzərində cavabdehlərə məxsus tövlənin bir hissəsinin (kəndarası yola giriş-çıxış sərhədində) və yarımçıq tikilmiş fərdi yaşayış evinin bir hissəsinin (bələdiyyə mülkiyyətinə aid həmin torpaq sahəsinin sərhədində) yerləşməsi müəyyən olunmuşdur. Bələdiyyə mülkiyyətində olan 0.8 ha torpaq sahəsinin iddiaçıların istifadəsinə verilməsinə dair hər hansı bir müqavilə barədə Şahğac Bələdiyyəsində heç bir yazılı məlumat aşkar edilməmişdir. Cavabdeh3 isə fərdi yaşayış evinin tikintisi məqsədilə istifadəsində olan .12 ha torpaq sahəsinin ayrılmasına dair sənədlər məhkəməyə təqdim edilmişdir. Həmçinin, faktiki vəziyyətdə naturaya uyğun şərti yerləşmə vəziyyətinə görə iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin təxminən 0,023 ha hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin, istifadə hüququ isə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Qanunun mənasına görə mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: əmlakın mülkiyyətçiyə məxsus olması, əmlakın başqa şəxsin sahibliyində olması və sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini (qanuni sahibi) MM-in 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Mütəxəssis rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı mütəxəssis rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmiş, ona görə də, məhkəmə mütəxəssis rəyini daha mötəbər sübut hesab etmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçların mülkiyyətinə verilmiş 0.6 ha torpaq sahəsinə ümumi istifadədə olan gediş-gəliş yolu müəyyən edilmir və müəyyən edilən ümumi istifadədə olan gediş-gəliş yolu isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir və həmin torpaq sahəsinin iddiaçıların istifadəsinə verilməsinə dair hər hansı mötəbər sübut yoxdur iddiaçıların cavabdehlərə qarşı irəli sürdüyü torpaq sahələrinə gedən gedişgəliş yolunun qanunsuz zəbtdən azad edilməsi və üzərində tikilmiş tikililərin sökülməsi tələbi qanunsuz və əsassızdır. Həmçinin, məhkəmə qeyd edir ki, mütəxəssis rəyində müəyyən edilmiş faktiki vəziyyətdə naturaya uyğun şərti yerləşmə vəziyyətinə görə iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin təxminən 0,023 ha hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə edilməsi müəyyən olunsa da, iddiaçılar tərəfindən irəli sürülən iddia tələbi məhz gediş-gəliş yolunun qanunsuz zəbtdən azad olunması olmuş, mütəxəssis rəyi verildikdən sonra isə iddia tələbinin həcmi artırılmış, tikililərin sökülməsi tələbi irəli sürülsə də, mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz zəbtdən azad edilməsi ilə bağlı tələb irəli sürülməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə işə baxılmış, iddi tələbindən kənara çıxılması üçün müstəsna hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1, 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi rədd edildiyi üçün İddiaçı3 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar Osmanova (Zəkiyeva) Fatimə Zəki qızı, İddiaçı2 və Zəkiyeva (Paşayeva) Rəisə Niftiəli qızının cavabdehlər Cavabdeh1, X13 və Cavabdeh3 qarşı Astara rayonu Şahağacı Bələdiyyəsi maraqlı şəxs qismində cəlb edilməklə “fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə gedən yolun açılması, gediş-gəliş yolunun üstündə yerləşən və gediş-gəlişə maneə olan tikililərin sökülməsi və yol açıldıqdan sonra cavabdehlər tərəfindən həmin yolda maneələrin yaradılmasına qadağa qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar