Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-698/2024 29.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «evdən istifadə hüququna xitam verilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Astara şəhəri Nizami küçəsi ev 230a ünvanında yerləşən 2 mərtəbəli, 12 otaqlı fərdi yaşayış evində olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək bildirdi ki, 1988-ci ildən qeyd olunan evin tikintisinə başlamış 2009-cu ilədə tikintini başa çatdırmışdır. Həmin yaşayış sahəsinin onun mülkiyyətində olmasına baxmayaraq, oğlu Cavabdeh hərəkətləri nəticəsində mülkiyyətçi kimi ona məxsus olan hüquqlarından istifadə edə bilmir. Ona görə də iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı iddia ərizisini onunla əsaslandırmışdır ki, Astara şəhəri Nizami küçəsi ev 230a ünvanında mülkiyyətində olan evdə yaşayır. ünvan 1 torpaq sahəsində yerləşən 2 mərtəbəli, 12 otaqlı, 199.1 kv.m yaşayış, 247,6 kv.m köməkçi sahədən ibarət 230a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin ev 19 may 2009-cu il tarixdə qeydiyyata alınmışdır. Oğlu Cavabdeh həmin evdə qeydiyyatda olsada o, 2011-ci il tarixdən hal-hazıra kimi həmin evdə yaşamır. Bu barədə Astara şəhər İcra nümayəndəliyindən verilmiş arayıs məhkəməyə təqdim edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1-ci maddəsində qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq va bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Lakin o, oğlu Cavabdeh hərəkətləri nəticəsində mülkiyyətçi kimi ona məxsus olan hüquqlarından istifadə edə bilmir. Belə ki, Cavabdeh həmin hüquqların həyata keçirilməsinə mane olur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsində qeyd olunur ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Oğlu Cavabdehla ailə münasibətlərinə 2011-ci ildən xitam verilmişdir. Lakin oğlu onun evində qeydiyyatda olduğu üçün ona öz mülkiyyət hüquqlarını həyata keçirməyə imkan vermir. Onunla oğlunun başqa hər hansı bir razılaşması yoxdur. Ona görədə o, oğlunun həmin mənzildən istifadə hüququna xitam verilməsini istəyir. Oğlunun maddi vəziyyəti özünü digər mənzillə təmin etmək və ya kirayədə yaşamağa imkam vardır. Hal hazırda oğlu onunla yaşamır, hardasa ona məlum olmayan yerdə kirayədə yaşayır və ona həmin mənzilin saxlanmasında heç bir köməklik göstərmir. Halbuki qanun belə halı onun vəzifəsi sayır. Cavabdeh onun mülkiyyətində olan Astara şəhəri Nizami küçəsi ev 230a ünvanında yerləşən 2 mərtəbəli, 12 otaqlı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cvabdeh Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, həmin evin tikintisinə o da maddi yardım etmiş və birlikdə həmin evi tikmişlər. Hal-hazırda qeydiyyatda olmasına baxmayaraq İddiaçı onun istifadə hüququnu həyata keçirməyə mane olur. Buna görə də ona qarşı verilmiş iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş edir. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iş materiallarında olan MH seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış sənədinin surətindən görünür ki, Astara şəhəri Nizami küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 12 otaqlı 199,1 kv.m yaşayış, 247,6 kv.m köməkçi sahədən ibarət 230a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1947-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Astara RPŞ-nin xx.xx.2024-cü il tarixli sənədindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Astara rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Astara şəhəri, Nizami küçəsi ev 230A-da yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdehun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Ona yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmanın "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin tələbinə zidd olduğu üçün mümkün olmaması, qanunun tələblərinə uyğun olaraq aidiyyatı üzrə məhkəməyə müraciət etməsinin məqsədə müvafiq olması bildirilmişdir. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 467 nömrəli arayışından görünür ki, Cavabdeh Astara şəhəri, Nizami küçəsi ev 230A ünvanında olan fərdi yaşayış evində qeydiyyatdadır. Cavabdeh 2011-ci il tarixdən hal-hazıradək göstərilən ünvanda yaşamamışdır. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 466 nömrəli arayışından görünür ki, İddiaçı Astara şəhəri, Nizami küçəsi ev 230A ünvanında yaşayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edilməsi üçün 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, mənzilə və ya fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə mübahisələrə hüquqi qiymət verilərkən başlıca olaraq aşağıdakı əsas üç meyar tədqiq edilməlidir: 1) mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusu; 2) İddiaçı Cavabdeh yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbində haqlıdırmı; 3) Cavabdeh mübahisə predmeti olan yaşayış sahəsində istifadə hüququ vardırmı, Məhkəmə yuxarıda göstərilən hallar üzrə gəlinəcək nəticənin anlaşılan olmasının təmin edilməsindən ötrü hesab edir ki, birinci hal üzrə ayrıca hüquqi dəyərləndirmə aparmalı, ikinci və üçüncü hallar bir-biri ilə əlaqəli olduğundan bu hallar üzrə isə iddiaçı və cavabdehin işin halları barədə izahatları, tərəflərin təqdim etdikləri sübutlar birlikdə əlaqəli şəkildə tədqiq edilərək hüquqi dəyərləndirmə aparılmalı və vahid yekun hüquqi nəticəyə gəlinməlidir. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 saylı qərarının 5-ci bəndində qeyd edilir ki, “Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.” Birinci hal (mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusu) üzrə: Məhkəmə iclası zamanı müəyyən edildi ki, mübahisə predmeti olan fərdi yaşayış evi 19 may 2009-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçməklə hazırda tam olaraq onun mülkiyyətindədir. İkinci və üçüncü hallar (İddiaçı Cavabdeh yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbində haqlıdırmı və Cavabdeh mübahisə predmeti olan yaşayış sahəsində istifadə hüququ vardırmı, üzrə; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 152.3-cü maddəsinə görə, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə iddiaçının cavabdehə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri və əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Mülki qanunvericilikdə tərəflər arasında razılaşma olmadan yaşayış binasının tərkib hissəsindən istifadə hüququ yaranmış şəxsin istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən cavabdehə qarşı qoyulmuş tələbdən isə görünür ki, İddiaçı Cavabdeh yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini tələb etsə də, cavabdehə hər-hansı bir məbləğdə kompensasiya ödəməsini göstərməmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş subutların məcmusuna və iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan qanun normalarının tələblərinə uyğun obyektiv və qərəzsiz qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququna xitam verilməsi barədə” iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-698/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-698/2024
29.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver