Məhkəmə qərarları › İş №2(018)-783/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-783/2025

18.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-783/2025 18.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “tikintinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “tikintinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu Kijəbə qəsəbəsi Xıçaso kəndində yerləşən 0.2103 ha torpaq sahəsində olan tikilinin Cavabdeh hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadələrinə qaytarılması, həmçinin iş üzrə ödənilmiş 100 manatın ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında aparılan torpaq islahatı ilə əlaqədar Astara rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 28 nömrəli qərarına əsasən İddiaçı1 və ailə üzvlərinə Astara rayonu Kijəbə qəsəbəsi Xıçaso kəndində yerləşən 0.52 ha pay torpaq sahəsi 3 hissədə olmaqla, 0.1868 ha, 0.2103 ha və 0.1259 ha verilmişdir. Hazırda mübahisəli torpaq sahəsi 0.2103 ha hissədən ibarətdir. 0.2103 ha hissəyə sonradan mülkiyyəti təsdiq edən ********** qeydiyyat nömrəli çıxar verilmişdir. Lakin, iddiaçıların xüsusi mülkiyyətində olan Astara rayonu Kijəbə qəsəbəsi Xıçaso kəndində yerləşən 0.21 ha torpaq sahəsi X2 tərəfindən heç bir hüquqi əsas olmadan özbaşınalıq yolu ilə zəbt edilmişdir. Cavabdeh torpaq sahəsini çəpərə aldırmaqla orada 2 mərtəbəli ev tikmişdir. Cavabdeh ona edilən tələblərə məhəl qoymamış və torpaq sahəsindən çıxmamışdır. Bundan sonra məhkəməyə müraciət edilmişdir. Astara rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(018)-279/2019 saylı qətnaməsi ilə İddiaçı1 cavabdeh X1 qarşı mülkiyyətin və sahibliyin müdafiəsi, mülkiyyətçi tərəfindən özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsinə dair iddiası rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-37/2021 saylı qətnaməsi ilə Astara rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(018)-279/2019 saylı qətnaməsi ləğv edilərək Cavabdeh torpağa mülkiyyət hüququna dair JN- 0061 nömrəli xx.xx.1999-cu il tarixli Dövlət Aktına əsasən İddiaçı1 və onun ailə üzvlərinə məxsus olan Astara rayonu Xıçaso kəndi ərazisində yerləşən torpaq sahəsinin zəbt edilmiş 0.2103 ha hissəsindən çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-37/2021 saylı qətnaməsinin icra mərhələsində torpaq sahəsinin sərhədləri dəqiq müəyyən olunsa da, torpaq sahəsinin ortasında iki mərtəbəli tikilinin mövcud olduğu və tikilinin Cavabdeh tərəfindən tikildiyi müəyyən edilmişdir. Torpaq sahəsinin ortasında iki mərtəbəli tikili mövcud olduğundan və qətnamədə tikilinin sökülməsi nəzərdə tutulmadığından qətnamənin icra olunmasından imtina olunmuş, bu barədə yerində akt tərtib edilmişdir (akt ərizəyə əlavə edilir). Göründüyü kimi, iddiaçılara məxsus Astara rayonu Kijəbə qəsəbəsi Xıçaso kəndində yerləşən 0.2103 ha torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz zəbt edilməklə orada iki mərtəbəli ev tikilmiş və hazırda həmin sahə cavabdehin istifadəsindədir. Bu səbəbdən məhkəməyə müraciət edilərək iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Digər İddiaçı4 məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıları dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Astara rayonu, Ojakəran kəndi ərazisində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı xüsusi mülkiyyətdə olan torpaq sahəsi İddiaçı1, X4, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətindədir. İş materialında olan “Torpaq sahəsinin yerinin müəyyən edilməsinə dair” xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Astara rayon İcra və Probasiya Şöbəsinin əməkdaşı X6, "xxxx"MMC-nin müdtəqil eksperti X3 və tələbkar İddiaçı1 Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-37/2021 saylı icra sənədinin icrası məqsədilə icra yerində olmuşlar. "xxxx"MMC-nin eksperti məhkəmə qətnaməsində qeyd olunan torpaq sahəsinin dəqiq sərhədlərini müəyyən etməklə dəqiq yerlər tələbkara təqdim edilmişdir. Tələbkar torpaq sahəsinin yerinin ona məlum olduğunu bildirmişdir. İcra yerində dəqiq sərhədləri müəyyən edilən məhkəmə qıtnaməsində qeyd olunan ərazidə borclu Cavabdeh tərəfindən iki mərtəbəli evin tikildiyi və həmin evin qeyd olunan torpaq sahəsinin tam ortasında olduğu müəyyən olunmuşdur. İş materialında olan Astara rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(018)-279/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı1 cavabdeh X1 qarşı mülkiyyətin və sahibliyin müdafiəsi, mülkiyyətçi tərəfindən özgəsinin qanunsuz sahibliyindən əmlakının geri tələb edilməsinə dair iddiası rədd edilmişdir. İş materialında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-37/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Astara rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(018)-279/2019 saylı qətnaməsi ləğv edilmiş, İddia təmin edilmiş, Cavabdeh torpağa mülkiyyət hüququna dair JN-0061 nömrəli xx.xx.1999-cu il tarixli Dövlət Aktına əsasən İddiaçı1 və onun ailə üzvlərinə məxsus olan Astara rayonu Xıçaso kəndi ərazisində yerləşən torpaq sahəsinin zəbt edilmiş 0.2103 ha hissəsindən çıxarılması qət edilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 180-ci maddəsinə əsasən tkinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndində məhkəmələrə izah edilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə baxışı iclasında iddiaçıların izahatı və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-37/2021 saylı qətnaməsi ilə Cavabdeh torpağa mülkiyyət hüququna dair JN-0061 nömrəli xx.xx.1999-cu il tarixli Dövlət Aktına əsasən İddiaçı1 və onun ailə üzvlərinə məxsus olan Astara rayonu Xıçaso kəndi ərazisində yerləşən torpaq sahəsinin zəbt edilmiş 0.2103 ha hissəsindən çıxarılması qət edilmişdir. “Torpaq sahəsinin yerinin müəyyən edilməsinə dair” xx.xx.2023-cü il tarixli Akta əsasən yerində icra işləri aparılarkən icra yerində dəqiq sərhədləri müəyyən edilən məhkəmə qətnaməsində qeyd olunan ərazidə borclu Cavabdeh tərəfindən iki mərtəbəli evin tikildiyi və həmin evin qeyd olunan torpaq sahəsinin tam ortasında olduğu müəyyən olunmuşdur. Bu səbəbdən də, məhkəmə qətnaməsi icra edilə bilməmişdir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan, təmin olunmalı, Astara rayonu Kijəbə qəsəbəsi Xıçaso kəndində yerləşən 0.2103 ha torpaq sahəsində olan tikili Cavabdeh hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq iddiaçıların qanuni istifadələrinə qaytarılmalıdır. Belə ki, sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin, istifadə hüququ isə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (MM-in 152.2-ci və 152.3-cü maddələri). Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır (MM, maddə 158.1.2). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (158.2-ci maddə). Qanunun mənasına görə mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: əmlakın mülkiyyətçiyə məxsus olması, əmlakın başqa şəxsin sahibliyində olması və sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini (qanuni sahibi) MM-in 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. İşin mübahisəsiz hallarından da məlum olur ki, hazırda mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin qanuni sahibi iddiaçılardır. Ona görə də, iddiaçılar hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir. Cavabdeh isə həmin torpaq sahəsini zəbt etmiş, həmin torpaq sahəsində tikinti aparmaq, tikili tikmək və ondan istifadə etmək hüququ olmamışdır. Sözügedən torpaq sahəsini qanunsuz zəbt etmiş və onun üzərində özbaşına tikili tikmişdir. Cavabdehin həmin torpaq sahəsinə mülkiyyət hüququ ilə bağlı hər hansı hüquq müəyyənedici sənədi olmamışdır. Bu səbəbdən də, cavabdehin sözügedən torpaq sahəsində tikili tikməsi vicdanlı olmamış və özbaşına tikili tikməklə qanuni sahibin mülkiyyət hüquqlarına qəsd etmişdir. İddiaçılar torpaq sahəsinin qanuni sahibi kimi öz əmlakına sahib olmaq, öz əmlakından maneəsiz şəkildə istifadə etmək hüququna malik olduqlarından, cavabdehin isə torpaq sahəsinə və onun üzərindəki tikiliyə hər hansı hüququ mövcud olmadığından, cavabdeh özbaşına tikiliyə vicdansız sahiblik etdiyindən mübahisəli torpaq sahəsində yerləşən cavabdeh tərəfindən tikilmiş tikili cavabdehin öz hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq qanuni sahiblərinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İddiaçı tərəfindən dövlət rüsumu olaraq 100 manat ödənildiyindən və cavabdehdən tələb edilmədiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 100 manat onun özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən zəbt edilmiş Astara rayonu Kijəbə qəsəbəsi Xıçaso kəndində yerləşən 0.2103 ha torpaq sahəsində olan və Cavabdeh tərəfindən tikilmiş özbaşına tikili Cavabdeh hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq qanuni sahibləri olan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar