Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-792/2025 04.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızı, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası DİN BDYPİ-nin Lənkəran şəhər 5 saylı RQİ və TBŞ maraqlı şəxs kimi cəlb edilməklə “mirasın qəbul edilməsi faktının və miras əmlaka mülkiyyət hüququnun müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası DİN BDYPİ-nin Lənkəran şəhər 5 saylı RQİ və TBŞ maraqlı şəxs kimi cəlb edilməklə “mirasın qəbul edilməsi faktının və miras əmlaka mülkiyyət hüququnun müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək oğulları X1 miras qalmış 2005-ci il buraxılışlı, ağ rəngli Vaz-21074 markalı, **-BG- *** saylı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tərəflərindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, habelə mülkiyyət hüququ əsasında Ərizəçi1 adına qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrində nəzərdə tutulmuş forma və məzmuna riayət olunmadan verildiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizədə ərizəçilərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN) qeyd olunmamış, həmçinin ərizəçinin Astara rayon Notariat Kontoruna müraciət etməsi və ondan imtina ilə bağlı heç bir sənəd ərizəyə əlavə edilməmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 10-cu bəndində müəyyən edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmçinin həmin məcəllənin 307.2.9-cu maddəsinə görə, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən ərizənin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, ərizə geri qaytarılmalıdır. Ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alındığından, Ərizəçi1 ödədiyi 100 manat məbləğində dövlət rüsumu da onların özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 306.1, 149, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası DİN BDYPİ-nin Lənkəran şəhər 5 saylı RQİ və TBŞ maraqlı şəxs kimi cəlb edilməklə “mirasın qəbul edilməsi faktının və miras əmlaka mülkiyyət hüququnun müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi1 tərəfindən xx.xx.2024-cü il tarixində Astara Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizəçilərə qərardadın təsviri hissəsində göstərilən çatışmazlıq aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə (elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-792/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-792/2025
04.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver