Məhkəmə qərarları › İş №2(018)-80/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-80/2023

13.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-80/2023 13.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı, İddiaçı vəkili X2 və Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «Fərdi yaşayış evinə köçürülməyi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Fərdi yaşayış evinə köçürülməyi tələbinə dair” iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, onu-yəni İddiaçı Astara rayonu, Şəmətük kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul olunmasını xahiş emişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 2010-cu ildə faktiki nikah münasibətlərinə daxil olub evlənmişlər. Nikahlarını isə 06 aprel 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Bu münasibətlərindən 14 yanvar 2011-ci il təvəllüdlü Aygül və 21 avqust 2015-ci il təvəllüdlü Royal adlı uşaqları doğulmuşdur. Birgə nikah dövründə cavabdehlə birgə ailə təsərrüfatı apararaq bir müddət atası Yaqub Ağayeva məxsus mənzildə yaşadıqdan sonra, atası tərəfindən inşa edilən Astara rayonu, Şəmətük kəndinin yaxınlığındakı meşə torpaqlarında iki mərtəbəli, iki otaqlı, eyvanlı, mətbəxli fərdi yaşayış evinə köçmüşlər. Sonradan cavabdehlə aralarındaki münasibətlər pozulduğundan ayrılmışlar və məhkəmə qətnaməsi ilə cavabdeh onun atası tərəfindən inşa edilmiş fərdi yaşayış evinə köçmüşdür. Həmin tarixdən etibarən o, qeyd edilən yaşayış sahəsindən istifadə etmək hüququndan məhrum olunmuşdur. Belə ki, cavabdeh həmin evə köçdükdən sonra onun istifadə hüquqlarına maneçilik törətmişdir. Qeyd etdi ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüquqi ilə heç kimə məxsus olmamış və heç kimin adına qeydiyyata alınmamışdır. Bununla əlaqədar cavabdehin həmin fərdi yaşayış evi üzərində sərəncam vermək, o, cümlədən onu həmin evdə yaşamaq hüququndan məhrum etmək kimi bir hüququnun olmadığını bildirmişdir. Ona görə də, o, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili X2 İddiaçı ilə eyni məzmunlu izahat verərək İddiaçı göstərdiyi xüsusatları bir daha da təsdiq etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, cavabdehin Astara rayon Məhkəməsinin qətnaməsi ilə azyaşlı uşaqları ilə birlikdə evə köçürülməsi qət edilmişdir. Hazırda mübahisələndirilən evin həqiqətən də, iddiaçının atasına məxsus olması barədə, həmçinin mübahisələndirilən evin cavabdehin köçürüldüyü ev ilə əlaqəli olduğu barədə iddiaçı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Mülki işə əlavə edilmiş Astara rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2(018)- 470/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı olan iddia tələbi qismən təmin olunmuş və iddiaçı Cavabdeh iki uşağı ilə birlikdə Astara rayonu, Şəmətük kəndində yerləşən iki otaqlı yaşayış evinə köçürülməsi qət edilmişdir. Mülki işə əlavə edilmiş Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli, 2(106)-2723/2019 nömrəli qətnaməsindən görünür ki, Astara rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2(018)-470/2019 nömrəli qətnaməsi cavabdeh İddiaçı (apelyasiya şikayətinə) münasibətdə dəyişdirilməməsi qət edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2020-ci il tarixli, 2(102)-1046/2020 nömrəli qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət bedcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Ağayev X5 rayonu, Şəmətük kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul olunmasını xahiş emişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı birgə nikah dövründə cavabdehlə birgə ailə təsərrüfatı apararaq bir müddət atası Yaqub Ağayeva məxsus mənzildə yaşadıqdan sonra, atası tərəfindən inşa edilən Astara rayonu, Şəmətük kəndində iki mərtəbəli, iki otaqlı, eyvanlı, mətbəxli fərdi yaşayış evinə köçmüşlər. Sonradan cavabdehlə aralarındaki münasibətlər pozulduğundan ayrılmışlar və məhkəmə qətnaməsi ilə cavabdeh onun atası tərəfindən inşa edilmiş fərdi yaşayış evinə köçmüşdür. Həmin tarixdən etibarən o, qeyd edilən yaşayış sahəsindən istifadə etmək hüququndan məhrum olunmuşdur. Lakin, hazırda iddiaçı tərəfindən mübahisələndirilən evin Astara rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2(018)-470/2019 nömrəli qətnaməsi ilə Cavabdeh iki azyaşlı uşağı ilə köçürüldüyü ev olduğu, o, cümlədən həqiqətən də, hazırkı mübahisələndirilən evin iddiaçının atasına məxsus olması faktı iş materiallarında öz təsdiqini tapmamışdır. Belə ki, həmin fərdi yaşayış evinə dair hər hansı ilkin və hüquqmüəyyənedici sənəd iş materiallarına əlavə edilməmişdir. Məhkəmədə həmçinin o da aydın oldu ki, mübahisələndirilən ev meşə torpaqlarında tikilmişdir. Məhkəmə iddia tələbini rədd edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 1.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

3. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.

4. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

5. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

6. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna və iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan qanun normalarının tələblərinə uyğun obyektiv və qərəzsiz qiymət verib belə nəticəyə gəlir ki, İddiaçının mənzilə köçürülməsi ilə bağlı iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddiaçının Cavabdeh qarşı «Fərdi yaşayış evinə köçürülməyi tələbinə dair» iddiası əsassız olmasına görə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar