Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-874/2024 21.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Zamin Vəliyəddin oğlu İbrahimovun sədrliyi və məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi idarəsinə qarşı «ünvan 1 ünvanda yerləşən evə və 0,10 hektar həyətyanı torpaq sahəsinə mülkiyyət üzrə sahiblik hüququnun tanınması barədə» iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evə və 0,10 hektar həyətyanı torpaq sahəsinə mülkiyyət üzrə sahiblik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, ərizənin yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməli, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ünvan 1 ünvanda yerləşən evə və 0,10 hektar həyətyanı torpaq sahəsinə mülkiyyət üzrə sahiblik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cu maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin qeyd olunan norması daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının qeydiyyatının aparılmasını ümumilikdə tənzimləsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu, habelə “Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaєdırılması, dövlət ekspertizası aparılması və təsdiq olunması Qaydaları və Şəhərsalma fəaliyyətinə, o cümlədən şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 158 saylı qərarı həmin hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Təqdim olunmuş iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı mərhum ataları X1 qalan miras əmlak dövlət qeydiyyatına alınmadığı üçün vərəsəlik hüquqlarını həyata keçirə bilmirlər. Hazırda həmin evin qeydiyyat vəsiqəsi yoxdur və torpaq sahəsinin də hüquqmüəyyənedici sənədləri, yəni torpağın mülkiyyətə verilməsinə dair çıxarış, qeydiyyat vəsiqəsi və sair yoxdur. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının təsdiq olunması zamanı ən əsas hallardan biri daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının müəyyən edilməsidir. Yəni, əgər daşınmaz əmlak qeydiyyata alınmayıbsa, həmin əmlakla bağlı sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı təsdiq oluna bilməz. Məhkəmə hesab edir ki, mülkiyyət hüquqlarının tanınması Astara Rayon Məhkəməsinin səlahiyyətlərinə aid olmadığı və ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığı əsası ilə icraata qəbul edilməkdən imtina olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 2.1-ci maddəsində göstərilir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsində göstərilmişdir: İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr tərəfindən baxılır. Hazırki vəziyyətdə İddiaçı izah edilsin ki, mərhum atası X1 miras kimi qalmış hesab etdiyi ünvan 1 ünvanda yerləşən evə və 0,10 hektar həyətyanı torpaq sahəsinə dair çıxarışın verilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestri xidmətinin aidiyyəti qurumuna müraciət etməli, onlardan imtina cavabı aldıqda isə, aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 153.2.1, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi idarəsinə qarşı «ünvan 1 ünvanda yerləşən evə və 0,10 hektar həyətyanı torpaq sahəsinə mülkiyyət üzrə sahiblik hüququnun tanınması barədə» iddia ərizəsinə Astara Rayon Məhkəməsində baxılmalı olmadığından, ərizənin qəbulundan imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №2(018)-874/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-874/2024
21.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver