Məhkəmə qərarları › İş №2(018)-902/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-902/2025

23.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-902/2025 23.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X14 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və cavabdeh Astara şəhər Ş. Qasımov adına 4 saylı tam orta məktəbinin nümayəndəsi X1, üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehə, üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Lənkəran-Astara regional şöbəsini qarşı «işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və sair» tələblərə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehə, üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran- Astara Regional Təhsil İdarəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Lənkəran-Astara regional şöbəsini qarşı «işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və sair» tələblərə dair iddia ərizəsi ilə müraciət edərək İddiaçı cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbinə və digər cavabdehlərə qarşı irəli sürdüyü iddia ərizəsinin təmin edilməsi; cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəb tərəfindən İddiaçı işdən azad olunması ilə bağlı xx.xx.2025-ci il tarixli, 17 saylı “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinin ləğv edilməsi; İddiaçı həmin məktəbdə psixoloq vəzifəsinə – əvvəlki işinə bərpa edilməsi; İddiaçı işdən azad olunmasına dair yuxarıda göstərilən əmr ləğv edilməklə, onunla yeni əmək müqaviləsi bağlanmadan, 12 may 2020-ci il tarixli əvvəlki əmək müqaviləsinin şərtləri əsasında əvvəlki vəzifəsinə bərpa edilməsi; İddiaçı qanunsuz işdən çıxarılma tarixindən işə bərpa ediləcəyi günədək işləmədiyi müddət üçün əmək haqqı və digər məcburi ödənişlərin ödənilməsi; Mediasiya prosesinə dair İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbdən tutulmaqla iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək iddiasının tam tamin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəfindən Astara rayon Təhsil Şöbəsinə, Astara şəhəri Ş. Qasımov adına 4 saylı tam orta məktəbə və digər aidiyyəti şəxslərə qarşı işə bərpa, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üzrə əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə Astara rayon məhkəməsinə müraciət edilmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, əvvəllər də eyni tərəflər arasında Astara rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(018)-770/2021 saylı qətnaməsi ilə onun xx.xx.2021-ci il tarixli, 29 saylı əmr əsasında işdən azad edilməsinə dair əmrin ləğv edilməsi, psixoloq vəzifəsinə işə bərpa olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi barədə iddia qismən təmin edilmiş, həmin qətnamə apellyasiya qaydasında dəyişdirilmədən qüvvədə saxlanılmış və icraya yönəldilmişdir. Sözügedən qətnamənin əsaslandırıcı hissəsində məhkəmə qeyd etmişdir ki, İddiaçı ilə bağlanmış 3 aylıq sınaq müddətli əmək müqaviləsi qanunsuz olaraq bir neçə dəfə uzadılmış, bu isə Əmək Məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə zidd olmuşdur. Həmin qətnaməyə əsasən, iddiaçı ilə sınaq müddətinin bitməsindən sonra müddətsiz əmək müqaviləsi bağlanmalı olduğu qeyd edilmişdir. Qətnamənin icrasından sonra tərəflər arasında xx.xx.2023-cü il tarixdə yeni əmək müqaviləsi bağlanmış və iddiaçı psixoloq vəzifəsinə təyin edilmişdir. Həmin müqavilədə sınaq müddəti göstərilmədiyi halda, cavabdeh məktəb direktoru tərəfindən xx.xx.2023-cü il tarixli, 106 nömrəli əmr ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən xitam verilmişdir. İddiaçı bu əmrin də qanunsuz olduğunu bildirərək Astara rayon məhkəməsinə yenidən müraciət etmiş və xx.xx.2024-cü il tarixli, 2(018)-957/2024 saylı qətnamə ilə həmin əmr ləğv olunmuş, iddiaçı əvvəlki–xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin şərtləri əsasında işə bərpa olunmuş və ona əmək haqqı ödənilməsi qərara alınmışdır. Qeyd olunan qətnamə də qanuni qüvvəyə minmiş və icra edilmişdir. Həmin proses çərçivəsində iddiaçının xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin hüquqi qüvvədə olduğu təsbit edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəb tərəfindən xx.xx.2025-ci il tarixli, 17 saylı əmr ilə iddiaçının əmək müqaviləsinə guya müddətin başa çatması ilə əlaqədar – Əmək Məcəlləsinin 68.2(b) maddəsinə əsasən xitam verilmişdir. İddiaçı bu əmrin də əvvəlki məhkəmə qətnamələrinin hüquqi mövqeyinə zidd olduğunu, həmin qətnamələrin preyudisial əhəmiyyət daşıdığını, bağlanmış əmək münasibətlərinin müddətsiz xarakter daşıdığını əsas gətirərək, xx.xx.2025-ci il tarixdə mediasiya prosesinə başlamış, lakin mediasiya nəticəsiz qaldığına görə xx.xx.2025-ci il tarixli arayışa əsasən məhkəməyə müraciət etmək hüququ qazanmış və 60 manat məbləğində mediasiya rüsumu ödəmişdir. Cavabdeh müəssisənin xx.xx.2025-ci il tarixli, 17 saylı “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmri əsassız və qanunsuz olmuş, əmək qanunvericiliyinin tələbləri pozulmaqla tərtib edilmişdir. Buna görə də həmin əmrin ləğv olunması və onun əvvəlki şərtlərlə işinə bərpa olunması zəruridir. Odur ki, İddiaçı cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbinə və digər cavabdehlərə qarşı irəli sürdüyü iddia ərizəsinin təmin edilməsi; Cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəb tərəfindən İddiaçı işdən azad olunması ilə bağlı xx.xx.2025-ci il tarixli, 17 saylı “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinin ləğv edilməsi;İddiaçı həmin məktəbdə psixoloq vəzifəsinə – əvvəlki işinə bərpa edilməsi; İddiaçı işdən azad olunmasına dair yuxarıda göstərilən əmr ləğv edilməklə, onunla yeni əmək müqaviləsi bağlanmadan, 12 may 2020-ci il tarixli əvvəlki əmək müqaviləsinin şərtləri əsasında əvvəlki vəzifəsinə bərpa edilməsi; İddiaçı qanunsuz işdən çıxarılma tarixindən işə bərpa ediləcəyi günədək işləmədiyi müddət üçün əmək haqqı və digər məcburi ödənişlərin ödənilməsi; Mediasiya prosesinə dair İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbdən tutulmaqla iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh Astara şəhər Ş. Qasımov adına 4 saylı tam orta məktəbin direktoru X4 iddia tələbəni qəbul etməyərək bildirdi ki, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(018)-902/2025 nömrəli bildirişi və ona əlavə edilmiş İddiaçı iddia ərizəsi ilə tanış olmuşdur. İddia ərizəsini hüquqi baxımdan əsassız hesab edirik. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci bəndinə əsasən, Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən minimum normaları müəyyən edir. İddiaçı iddia ərizəsində keçmiş əmək münasibətlərini sadalayaraq, məhkəmə prosesi hallarını təkrarlamış, Ali Məhkəmənin Plenum qərarlarına istinad etməklə iddiasına əsas göstərməyə çalışmış, lakin bu halda real vəziyyəti yayındırmışdır. Qeyd edilən məhkəmə qərarına əsasən, İddiaçı Astara şəhər Ş.Qasımov adına 4 saylı tam orta ümumtəhsil məktəbində psixoloq vəzifəsinə müddətli əmək müqaviləsi ilə işə bərpa edilmiş, onun müddətli müqaviləsinin müddətsiz əmək müqaviləsi ilə əvəz olunması barədə tələbi isə məhkəmə tərəfindən rədd edilmişdir. Həmin qətnamə məktəb rəhbərliyi tərəfindən icra olunaraq, İddiaçı xx.xx.2024-cü il tarixli, 64 nömrəli əmrlə 3 ay müddətinə psixoloq vəzifəsinə işə bərpa olunmuş, buraxılmış iş günləri üçün əməkhaqqını da almışdır. Əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra işə gəlmədiyi üçün ona dərhal bildiriş verilməsi mümkün olmamış, lakin vəziyyəti nəzərə alınaraq əlavə 3 ay müddətinə müqaviləsi yenidən uzadılmışdır. Bu müddətdə də İddiaçı əmək vəzifələrinə laqeyd münasibət göstərmiş, xx.xx.2024–xx.xx.2024 və xx.xx.2025–xx.xx.2025 tarixləri aralığında heç bir əsaslı sübuta söykənmədən, məktəbdə istilik sisteminin işləməməsi və antisanitar vəziyyət bəhanəsi ilə “tətil” elan edərək üzürsüz iş buraxmalara yol vermişdir. Halbuki həmin dövrlərdə məktəb istilik sistemi ilə təmin edilmiş, bu barədə məktəb tərəfindən aktlar tərtib olunmuş, kollektiv iclas protokolları hazırlanmış və İddiaçı bu barədə rəsmi məktubla məlumat verilmişdir. Eyni zamanda, həmin dövrlərdə nə məktəb kollektivi, nə valideynlər, nə də digər işçilər tərəfindən hər hansı şikayət və ya narazılıq qeydə alınmamışdır. İddiaçı belə davranışı pedaqoji kollektiv arasında haqlı narahatlıq yaratmış, məktəbin nüfuzuna zərbə vurmuş, psixoloji mühitə mənfi təsir etmişdir. Məhz bu səbəbdən onun əmək fəaliyyətinin davam etdirilməsi məqsədəuyğun hesab edilməmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olaraq, müddətli əmək müqaviləsinin başa çatması ilə əlaqədar Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən müqaviləyə xitam verilmişdir. Hər bir tərəf iddialarını sübutlarla əsaslandırmalıdır. Lakin İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Konstitusiyası və Əmək Məcəlləsinin iddia predmetinə aid olmayan normalarına istinad etmiş, üzürsüz iş buraxma dövründə məktəbin fəaliyyətində problem olduğunu sübut edən hər hansı bir əsaslı sübut təqdim etməmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinin pozulmasıdır. Bütün qeyd olunanları nəzərə alaraq, iddianın əsassız olduğu qənaətindədir və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmədə üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X8 iddianı qəbul etməyərək iddianın tələbinin rədd edilməsini xahiş etdi. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Lənkəran- Astara regional şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı, cavabdeh Astara şəhər Ş. Qasımov adına 4 saylı tam orta məktəbinin direktoru X2, üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X5 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 17№-li əmrdən görünür ki, "Astara şəhər 4 saylı tam orta məktəb" bölməsində "Psixoloq” vəzifəsində işləyən İddiaçı İbad oğlu ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə "AR ƏM-nin 68.2."b"-əmək müqaviləsinin müddətinin qurtarması" maddəsinə əsasən xx.xx.2025 tarixindən xitam verilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞL-00348 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı və Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbin direktoru X4 mediasiya sessiyasında iştirak etmişlər. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. İş materialına əlavə edilmiş xx.xx.2025-ci il tarixli etibarnamə sənədindən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı rayonu üzrə təhsil sektorunun müdiri X6 etibarnamədə göstərilən səlahiyyətlərin həyata keçirilməsi həvalə edilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 64№-li əmrdən görünür ki, 1. Astara şəhər Ş.Qasımov adına 4 nömrəli tam orta məktəbin 31 mart 2021-ci il tarixli 29 nömrəli "Müddətliəməkmüqaviləsinəxitamverilməsibarədə”əmri ləğv edilmişdir. Əliyev X11 şəhər Ş.Qasımov adına 4 nömrəli tam orta məktəbin psixoloqu vəzifəsinə məcburi iş buraxma müddətinə görə əməkhaqqı ödənilməklə bərpa edilmişdir. Məcburi işburaxma müddətində əməkhaqqının ödənilməsi Lənkəran -Astara Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektoruna (Ehtiram Muxtarov) həvalə edilmişdir. Əsas: Astara rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(018)- 770/2021,27 fevral 2024-cü il tarixli 8 (018)-20/2024 nömrəli və Şirvan Apellyasiya Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2 (106) 3103/2021,17 aprel 2024-cü il tarixli 8 (106)-22/2024-nömrəli qətnamələri. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 83 №-li əmrdən görünür ki, İddiaçı işdən çıxarılması ilı bağlı "Sınaq müddətinə işə qəbul edilmiş işçinin müddətli əmək müqaviləsinə xitam verilməsi barədə "Astara şəhər Ş.Qasımov adına 4 nömrəli tam orta məktəbin 15 dekabr 2023-cü il tarixli 106 nömrəli əmri ləğv edilmişdir. İşçinin əmək kitabçasında lazımi qeydlər aparılmışdır. Əsas: Astara rayon məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli 2(018)-957/2024 nömrəli qətnaməsi. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 98 №-li əmrdən görünür ki, "Astara şəhər 4 saylı tam orta məktəb" bölməsində “psixoloq " vəzifəsində işləyən İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsində dəyişiklik edilərək müddəti xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək 3(üç) ay uzadılmışdır. Əsas: AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f”-tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılığlı razılığı ilə” bəndi. Məhkəmədə müəyyən edilmişdi ki, “əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli, 17№-li əmr ilə "Astara şəhər 4 saylı tam orta məktəb" bölməsində "Psixoloq” vəzifəsində işləyən İddiaçı İbad oğlu ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə "AR ƏM-nin 68.2."b"-əmək müqaviləsinin müddətinin qurtarması" maddəsinə əsasən xx.xx.2025 tarixindən xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək işəgötürənin əsas hüquqlarındandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə görə, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 51-ci maddəsinin əsasən, Bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 52-ci maddəsində göstərilir ki, Əmək müqaviləsi bağlanılarkən sınaq müddəti-yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə, iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə,tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir. Həmin Məcəllənin 53-cü maddəsinin əsasən, əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84.1-ci maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: - müəssisənin, adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; - işçinin adı, atasının adı və soyadı; - əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; - əmək müqaviləsinin ləğv edilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi: - əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; - əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəlləsinin 84.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə qeyd edilənləri yekunlaşdıraraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı işdən çıxarılması ilə bağlı Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbin direktor müavini X7 "əmək müqaviləsinə xitam verilməsi barədə" 30 yanvar 2025-ci il tarixli, 17 nömrəli əmri ləğv edilməlidir. İddiaçı Əliyev X11 şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbində psixoloq vəzifəsinə işə bərpa edilməlidir. İddiaçı qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək əmək haqqlarının və bununla bağlı digər məcburi ödənişlərin- məcburi iş buraxma müddəti üzrə əmək haqqı ödənilməlidir. Mediasiya prosesinin tətbiqi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat dövlət rüsumu, cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbindən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı işdən çıxarılması ilə bağlı Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbin direktor müavini X7 "əmək müqaviləsinə xitam verilməsi barədə" 30 yanvar 2025-ci il tarixli, 17 nömrəli əmri ləğv edilsin. İddiaçı Əliyev X11 şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbində psixoloq vəzifəsinə işə bərpa edilsin İddiaçı qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək əmək haqqlarının və bununla bağlı digər məcburi ödənişlərin- məcburi iş buraxma müddəti üzrə əmək haqqı ödənilsin. Mediasiya prosesinin tətbiqi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat dövlət rüsumu, cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbindən tutularaq iddiaçının xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar