Məhkəmə qərarları › İş №2(019)-1009/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1009/2021

03.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1009/2021 03.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Balakən rayon Mahamalar kəndində yerləşən, ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə baxışı iclasında ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Balakən rayon Mahamalar kəndində yerləşən, ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bacısı Cavabdeh öz uşaqları ilə özünə məxsus Balakən rayon Mahamalar kənd Qazbinə ərazisində fərdi mənzillərində yaşayırlar. Uşaqları Rusiya vətəndaşları olmasına baxmayaraq gah Azərbaycanda, gah da Rusiyada olurlar. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı Çıxarışına əsasən mülkiyyətində olan mənzilində onun razılığı olmadan bacısının qeydiyyata düşməsi halını araşdıranda məlum olmuşdur ki, Mahamalar kənd inzibati ərazi dairəsi təfəfindən onun razılığı alınmadan kiçik bacısı onun mülkiyyətində pasport qeydiyyatına alınmışdır. Bacısı onun təsərrüfatında olduğuna görə özündən savayı öz uşaqlarını da gətirib onun mülkiyyətində qalırlar. Cavabdeh onun mülkiyyətçi kimi hüquqlarının sərbəst surətdə həyata keçirilməsinə süni maneələr törədir. Hesab edir ki, Cavabdeh Balakən rayonu Mahamalar kəndində yerləşən mülkiyyətinə qeyri-qanuni pasport qeydiyyatına düşməklə onun qanunla qorunan hüquqlarını pozmuşdur İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi, Cavabdeh Balakən rayon Mahamalar kəndində yerləşən, ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı etiraf etməyərək göstərdi ki, İddiaçı onun doğma bacısıdır. Hazırda Ayşənin mülkiyyətində olan ev onların ata evi olmuşdur. 1998ci ilə kimi o həmin evdə yaşamışdır. 1998-ci ildə o,ailə quraraq həmin evdən köçüb Rusiya Federasiyasına getmişdir. 2009-cu ilə kimi Rusiyada yaşamışdır. 2009-cu ildə o, həmin evə gəlmiş və 2010-cu ildə atasının razılığı ilə həmin evə qeydiyyata düşmüşdür. Bundan sonra atası və bacısı İddiaçı onu evdən qovmuşlar. O, 10 ildən çoxdur ki, kirayədə yaşayır. O, həmin evə gedib-gəlmir, orada heç bir əmlakı yoxdur. O, Balakən rayonu Qazbinə kəndində özünə ev tikdirmişdir. Lakin ev təmir olunmamışdır. Ona görə də hələ ki ora köçüb yaşaya bilmir. Gələn ilin yayına kimi evini təmir etdirib ora köçəcəkdir. Onun qeydiyyata düşməyə başqa yeri olmadığı, qeydiyyatda olmadığı halda sənədlər düzəldə bilməyəcəyi üçün o, mübahisəli evdən qeydiyyatdan çıxmır. Yayda öz evinə köçdükdən sonra qeydiyyatdan çıxacaqdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 19.08.2011-ci il tarixdə verilmiş MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.25 ha həyətyanı sahəsi olan ümumi sahəsi 88.3 kv/m-dən ibarət fərdi yaşayış evi 19.08.2011-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22.09.2011-ci il tarixdə verilmiş inventar nömrəsi 1182 olan fərdi yaşayış evinin Texniki pasportundan görünür ki, Balakən rayon Mahamalar kəndində yerləşən fərdi yaşayış evi İddiaçı adınadır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, iddiaçı X3 ilə Cavabdeh doğma bacıdırlar.Balakən rayonunun Mahamalar kəndində yerləşən, hazırda iddiaçının mülkiyyətində olan ev tərəflərin valideynlərinə məxsus olmuşdur. Cavabdeh 1998-ci ildə ailə quraraq daimi olaraq həmin evdən köçüb getmişdir. O,2009-cu ildə gəlib bir müddət həmin evdə yaşamış, 12 fevral 2010-cu ildə o, həmin evə qeydiyyata düşmüş,bir müddət sonra isə evin mülkiyyətçisi onu həmin evdən çıxartmışdır. O, vaxtdan da Cavabdeh həmin evdə yaşamır. Sözügedən yaşayış evi 19.08.2011-ci il tarixdə tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində iddiaçı X5 qızının adına qeydə alınmışdır. Cavabdeh həmin evdə yaşamasa da halhazıra kimi adıçəkilən evdə qeydiyyatdadır. Bu hal iddiaçının hüquqlarını pozduğundan o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, icarədar və ya onun ailə üzvləri başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müəyyən etdiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş) 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edimədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə əsasən də kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Eyni zamanda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Sözügedən qərarda Konstitusiya Məhkəməsinin Plenumu qərar almışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəsli isə qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsini, baba və nənənin nəvələrini saxlamaq vəzifəsini, nəvələrin baba və nənəni saxlamaq vəzifəsini, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsini, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsini müəyyən edir. Həmin fəsildə bacının yetkinlik yaşına çatmış bacını saxlamaq vəzifəsi müəyyən edilməmişdir. Məhkəmə işin hallarını, cavabdehin mübahisəli evdən 1998-ci ildə daimi olaraq köçüb getməsini, sonradan onun həmin evə istifadə hüququnun yaranmamasını, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 88.3 kv/m olan fərdi yaşayış evinin 19.08. 2011-ci ildən iddiaçının mülkiyyətində olmasını, Cavabdeh 2010-cu ildən həmin evdə yaşamamasını, iddiaçının onu saxlamaq vəzifəsinin olmamasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən rayonu Mahamalar kəndində 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 88.3 kv/m olan fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 88.3 kv/m olan fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar