Məhkəmə qərarları › İş №2(019)-1094/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-1094/2021

06.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-1094/2021 06.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı məhkəməyə daxil olmuş ərizəsini nəzərdən keçirərək, müəyyən etdim : İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, övladının aliment alması üçün və yanmış evini bərpa edib yaşaması üçün yararlı hala salınması üçün məhkəmə qərarının çıxarılmasına köməklik edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları və poçt ünvanları, həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, yenə də həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında iddia ərizəsinə əlavə edilməlidir. Lakin hazırki ərizədə cavabdehin adı və poçt ünvanı, iddiaçının cavabdehə irəli sürdüyü tələb və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməmiş, həmçinin dövlət rüsumunun ödənilməsi haqqında iddia ərizəsinə əlavə edilməmişdir. Bununla da iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Qeyd olunanlar da hazırki iddia ərizəsinin qaytarılması üçün əsasdır. Bundan başqa ərizənin məzmunundan görünür ki, İddiaçı tələbindən biri də X4 ilə ərarvad münasibətlərindən doğulmuş X1 üçün alimentin tutulması tələbi təşkil edir. Bu iddia tələbi ailə münasibətlərindən irəli gələn mübahisə olmasına baxmayaraq tərəflər “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmə işin hallarını, iddia tələbinin ailə münasibətlərindən irəli gələn mübahisə olmasına baxmayaraq tərəflərin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etməmələrini nəzərə alaraq həmçinin hesab edir ki, İddiaçı ərizəsi bu əsasla da geri qaytarılmalıdır. X2 izah olunmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etdikdən sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə və Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də hesab edirəm ki, İddiaçı ərizəsi geri qaytarılmalı, İddiaçı ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ, həmçinin aliment tələbi ilə bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etdikdən sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı ərizəsi geri qaytarılsın; İddiaçı ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək və aliment tələbi ilə bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etdikdən sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar