Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1165/2021 16.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Balakən rayon Qazma 1 saylı kənd tam orta məktəbinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Balakən rayon Qazma 1 saylı kənd tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 30 sentyabr 2021-ci il tarixdə xitam verilməsi barədə Qazma 1 saylı kənd tam orta məktəbi tərəfindən qəbul edilmiş 30 sentyabr 2021 -ci il tarixli 172 nömrəli əmrin ləğv edilməsi, İddiaçı Qazma 1 saylı kənd tam orta məktəbinə tarix müəllimi kimi işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 14 sentyabr 2013-cü il tarixli əmrə əsasən 16 sentyabr 2013-cü il tarixdən Balakən rayon Qazma 1 saylı kənd tam orta məktəbinə (bundan sonra cavabdeh) ixtisası üzrə tarix və coğrafiya müəllimi vəzifəsinə təyin edilmiş, tərəflər arasında 14 sentyabr 2013-cü il tarixdə müddətli, yəni 14 iyun 2016cı il tarixədək əmək müqaviləsi rəsmiləşdirilmişdir. Bundan sonra, tərəflər arasında 16 sentyabr 2013-cü il tarixli əmək müqaviləsi imzalanmış, həmin müqavilə isə müddətsiz olaraq müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə müddətsiz olaraq qeydiyyata alınmış, bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş 14 yanvar 2020-ci il tarixli 208 nömrəli əmrə əsasən, iddiaçı 14 yanvar 2020-ci il tarixdən 14 yanvar 2023-cü il tarixə qədər qismən ödənişli məzuniyyətə buraxılmış, işçinin işə başlama tarixi əmrdə 14 yanvar 2023-cü il tarix kimi müəyyən edilmişdir. Daha sonra, cavabdeh tərəfindən qəbul edilmiş 30 sentyabr 2021-ci il tarixli 172 nömrəli əmrə əsasən, məktəbin tarix müəllimi olan iddiaçının müddətli əmək müqaviləsinin vaxtının bitməsi əsası ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 73-cü maddəsinə əsasən 30 sentyabr 2021 -ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. O, mübahisənin məhkəmədən kənar həll edilməsi üçün ilk öncə mediatora müraciət etmiş, lakin tərəflər arasında barışığın əldə edilməsi, iddiaçının təkrar işə bərpa olunması mümkün olmamışdır. Bu səbəbdən mediator tərəfindən “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 07 oktyabr 2021-ci il tarixli arayış təqdim edilmişdir. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət_etmək məcburiyyətində qalmışdır. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış, kağız daşıyıcıda rəsmiləşdirilmiş sonuncu əmək müqaviləsi, habelə tərəflər arasında hüquq münasibəti davam edərkən elektron informasiya sistemində qeydiyyata alınmış əmək müqaviləsi müddətsiz olaraq müəyyən edilmiş, müddətsiz olmaqla elektron informasiya sisteminə daxil edilmişdir. Bununla yanaşı, tərəflər arasında bağlanmış müqavilənin müddətli olması güman edilsə belə, müqavilə münasibətləri fasiləsiz olaraq 5 gündən artıq müddətə davam etdiyindən həmin müqavilə müddətsiz əmək müqaviləsi hesab edilir. Buna baxmayaraq, cavabdeh 30 sentyabr 2021-ci il tarixdə qəbul etdiyi 172 nömrəli əmrdə iddiaçının müddətli əmək müqaviləsinin vaxtının bitməsi əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş, əmək müqaviləsinin elektron informasiya sisteminə müddətsiz olaraq daxil edilməsi nəzərə alınmamışdır. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında kağız daşıyıcıda rəsmiləşdirilmiş ilkin müqavilə müddətli, yəni, 14 iyun 2016-cı il tarixədək rəsmiləşdirilmiş, sonrakı müqavilə ilə isə tərəflər müqaviləni müddətsiz olaraq müəyyən etmişlər. İlkin müqavilənin qüvvədə olması hesab edilsə belə, əmək müqaviləsinə xitam verildiyi vaxtda işçi, yəni iddiaçı 14 yanvar 2023-cü il tarixədək qismən ödənişli məzuniyyətdə olmuşdur ki, işçinin məzuniyyətdə olduğu müddət ərzində müddətli əmək müqaviləsinə müddətin qurtarması ilə bağlı xitam verilməsi qanunvericiliklə yolverilməzdir. İşin faktiki halları ilə müəyyən olunduğu kimi, iddiaçı işdən azad olunarkən və onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən onun 12 oktyabr 2019-cu il tarixdə anadan olmuş qızı Nilayın 3 yaşı tamam olmamış, faktiki olaraq həmin vaxtı qismən ödənişli məzuniyyətdə olmuşdur. Beləliklə, cavabdeh tərəfindən mübahisə predmeti olan əmr qəbul edilərkən Əmək Məcəlləsinin yuxarıda sadalanan normalarının tələbləri kobud şəkildə pozulmuş, hüquqi əsas olmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən əmr ləğv edilməli, iddiaçı işə bərpa olunmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə2 iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Balakən rayon Qazma 1 saylı kənd tam orta məktəbi məhkəmə hazırlıq və məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmiş, həmçinin iddiaya hər hansı etirazını bildirməmiş və iddiaya hər hansı etirazla bağlı əsaslandırdığı hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və mübahisənin həlli üzrə məhkəmə qətnaməsinin çıxarılmasını mümkün və əsaslı hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən əmək müqaviləsinin surətindən görünür ki, Balakən rayon Qazma 1 saylı kənd tam orta məktəbi ilə Saxrayeva (Qurbanova) Aysel Maqsud qızı arasında bağlanmış həmin əmək müqaviləsi ilə Saxrayeva (Qurbanova) Aysel Maqsud qızı 14.09.2013-cü il tarixdən 14.06.2016-cı il tarixədək Balakən rayon Qazma 1 saylı kənd tam orta məktəbinə tarix və coğrafiya müəllimi vəzifəsinə qəbul edilmiş, həmin əmək müqaviləsində müqavilənin müddətli bağlanması və işçinin 14.09.2013-cü il tarixdə işə başlaması göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən əmək müqaviləsinin surətindən görünür ki, Balakən rayon Qazma 1 saylı kənd tam orta məktəbi ilə Saxrayeva (Qurbanova) Aysel Maqsud qızı arasında bağlanmış həmin əmək müqaviləsi ilə Saxrayeva (Qurbanova) Aysel Maqsud qızı 14.09.2013-cü il tarixdən Balakən rayon Qazma 1 saylı kənd tam orta məktəbinə tarix və coğrafiya müəllimi vəzifəsinə qəbul edilmiş, həmin əmək müqaviləsində müqavilənin müddətsiz bağlanması və işçinin işə 14.09.2013-cü il tarixdə işə başlaması göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən sistemə daxil edilməsi 27.09.2014-cü il tarix göstərilən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində həmin müqavilənin işə götürən məktəb direktoru X1 ilə işçi Saxrayeva (Qurbanova) Aysel Maqsud qızı arasında 14.09.2013-cü il tarixdən bağlandığı və müddətsiz olduğu, Saxrayeva (Qurbanova) Aysel Maqsud qızının məktəbə tarix müəllimi kimi işə götürüldüyü göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən sistemə daxil edilməsi 07.05.2019-ci il tarix göstərilən əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində həmin müqavilənin işə götürən məktəb direktoru X1 ilə işçi İddiaçı arasında 14.09.2013-cü il tarixdən bağlandığı və müddətsiz olduğu, Saxrayeva (Qurbanova) Aysel Maqsud qızının məktəbə tarix müəllimi kimi işə götürüldüyü göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qazma 1 saylı kənd tam orta məktəbi üzrə 14 yanvar 2020-ci il tarixdə verilmiş müəllimin qismən ödənişli məzuniyyətinə çıxması haqqında 38 №-li əmrdən çıxarışda məktəbin tarix müəlliməsi İddiaçı ərizəsi nəzərə alınaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən övladının 3 (üc) yaşı tamam olana qədər 14 yanvar 2020-ci il tarixindən 14 yanvar 2023-ci il tarixə qədər qismən ödənilən məzuniyyətə buraxılması və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 138-ci maddəsinə əsasən 14 yanvar 2023-ci il tarixində tarix müəllimi vəzifəsində işinə başlaması göstərilmişdir. Əsas: Məmmədovanın ərizəsi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qazma 1 saylı kənd tam orta məktəbi üzrə 30.09.2021-ci il tarixdə verilmiş məktəbin 172 №-li əmrdən çıxarışda göstərilir ki, İddiaçı-məktəbin tarix müəllimi müddətli əmək müqaviləsinin vaxtı bitdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73 maddəsinə əsasən 30.09.2021- ci il tarixində xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Qurbanova (Saxrayeva) Aysel Maqsud qızının ******* №-li əmək kitabçasından çıxarışdan görünür ki, Qazma 1 saylı kənd tam orta məktəbinin 14.09.2013-cü il tarixli əmri ilə X2 14.09.2013-cü il tarixdən məktəbdə ixtisasına uyğun işə qəbul edilmiş, Qazma 1 saylı kənd tam orta məktəbinin 30.09.2021-ci il tarixli əmrinə əsasən Qurbanova (Saxrayeva) Aysel Maqsud qızı- məktəbin tarix müəllimi kimi onunla bağlanmış müddətli əmək müqaviləsinin vaxtı bitdiyi üçün Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 01.11.2019-ci il tarixdə verilmiş AZ-İV seriyalı 367771 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 12 oktyabr 2019-cu il tarixdə anadan olmuş, atası X4, anası İddiaçı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 07.10.2021-ci il tarixli, Nİ0024 saylı arayışdan görünür ki, bu arayış İddiaçı və Balakən r.Cavabdeh direktor əvəzi Nümayəndə1 qızının («Tərəflər») 07.10.2021-ci il tarixində, saat 15:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı və Qazma 1 saylı kənd məktəbinin direktor əvəzi Nümayəndə1 qızı ilkin mediasiya sessiyasının keçirilməsində iştirak etdi. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) AZN məbləğində mediasiyaya dair xərci İddiaçı təktərəfli qaydada ödədi. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının nümaynədəsinin izahatı, eləcə də işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı 14 sentyabr 2013-cü il tarixdə Balakən rayon Qazma 1 saylı kənd tam orta məktəbi ilə müddətsiz əmək müqaviləsi bağlayaraq, ixtisası üzrə məktəbə tarix müəllimi təyin edilmişdir. 27.09.2014cü il tarixdə müvafiq elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş Əmək müqaviləsi bildirişinin məzmunundan məlum olur ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin 14.09.2013-cü il tarixdən bağlandığı və müddətsiz olduğu göstərilmişdir. Lakin bütün bunlara baxmayaraq, iş üzrə cavabdeh Balakən rayon Qazma 1 saylı kənd tam orta məktəbinin 30.09.2021-ci il tarixli, 172 nömrəli əmri ilə məktəbin tarix müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli hesab edilməklə müqavilənin bitməsi əsası ilə Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən həmin əmək müqaviləsinə xitam verilmişdir. Tərəflər-İddiaçı və Balakən r.Cavabdeh direktor əvəzi Nümayəndə1 qızı 07.10.2021-ci il tarixində, saat 15:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmiş, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) AZN məbləğində mediasiyaya dair xərci İddiaçı təktərəfli qaydada ödəmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələrindən və prinsiplərindən bəhs edən həmin Məcəllənin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2 və 2-1-ci bəndlərinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar Azərbaycan Respublikası Əmək Məcəlləsinin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edən 70-ci maddəsinə görə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək, o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam vreilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olaraq başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda, bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq, əmək müqaviləsinin ləğv edilməsi işə götürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: -müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; -əmək müqaviləsinin ləğv edilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; -əmək müqaviləsi ləğv edilən gün, ay və il; -əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı,qərarı) yalnız bu maddənin birinci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativhüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı ilə müddətsiz əmək müqavilə bağlanmasına və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün qanunda göstərilən əsasların olmamasına baxmayaraq, əsassız olaraq onunla bağlanmış əmək müqaviləsi müddətli hesab edilmiş və qanunsuz olaraq Əmək Məcəlləsinin 73-cü maddəsinə istinad edilməklə 30.09.2021-ci il tarixli, 172 saylı əmrlə bu müqaviləyə xitam verilmişdir. Hətta həmin əmrdə əsas kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə belə istinad edilməmişdir. İş materiallarına əsasən cavabdeh məktəblə iddiaçı arasında müxtəlif tarixli bir-birinə zidd olan bir neçə əmək müqaviləsi mövcud olduğu təqdirdə məktəb rəhbərliyi üçün hansı əmək müqaviləsinə istinad edilməsi, bəlli olur ki, çətinlik yaratmışdır. Qanunun tələbinə görə isə (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2 və 2-1-ci bəndləri) əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığından, bu xüsusda sistemə daxil edilməsi 27.09.2014-cü il tarix göstərilən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində və 07.05.2019-ci il tarix göstərilən əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlandığından həmin bildirişlər nəzərə alınmaqla iddiaçı ilə məktəb arasında müddətsiz əmək müqaviləsinin bağlanması əsas götürülməli və müddəsiz əmək müqaviləsi ilə bağlı hüquqi təminat və prosedurlar nəzərə alınmalı idi. Lakin qeyd olunan əmrdən görünür ki, orada əmək müqaviləsinin ləğv edilməsinin əsasları qanunvericiliyə uyğun olmamış, hüquq norması düzgün tətbiq edilməmiş, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmiş, iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmasına baxmayaraq, onunla bağlanmış əmək müqaviləsinə qanunda nəzərdə tutulmuş əsaslar olmadan xitam verilməklə iddiaçının əmək hüquqları kobud şəkildə pozulmuşdur. Hətta iddiaçı ilə müddətli əmək müqaviləsi balandığı ehtimal olunsa belə (hərçənd ki, bu belə deyildir), burada da əmək qanunvericiliyinin tələbləri pozulmuş; qanunun tələbinə (Əmək Məcəlləsinin 45-ci maddəsi) müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilməsinə və müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsinin əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunmasına baxmayaraq, həmçinin iddiaçı övladının 3 yaşı tamam olana qədər 14 yanvar 2023-cü il tarixə kimi qismən ödənişli məzuniyyətə buraxılmasına və həmin vaxt bu məzuniyyətdə olmasına və qanunun belə halda işçi ilə əmək müqaviləsinə xitam verilməsinə qadağa qoymasına baxmayaraq, iddiaçı ilə tam qanunsuz olaraq əmək müqasiləsinə xitam verilmişdir. Bu da sözügedən əmrin yuxarıda göstərilən qanun normalarının tələblərinə uyğun olmadığını və heç bir faktoloji və hüquqi əsasa söykənmədiyini göstərir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə müddətli deyil, müddətsiz əmək müqaviləsi bağlanmasına baxmayaraq, qanunsuz olaraq 30.09.2021-ci il tarixli, 172 saylı əmrlə Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyindən və həmin əmr yuxarıda göstərilən əsaslara görə qanunvericiliyin tələblərinə uyğun olmadığından, Balakən rayon Qazma 1 saylı kənd tam orta məktəbinin 30.09.2021-ci il tarixli, 172 №-li əmri ləğv olunmalı, İddiaçı Balakən rayonu Qazma 1 saylı kənd tam orta məktəbində əvvəlki tarix müəllimi vəzifəsinə bərpa edilməli və həmin vəzifəyə bərpa edilən dövrə qədər ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə onu da qeyd edir ki, hətta iddia ərizəsində tələb kimi göstərilməməsinə baxmayaraq, qanun normasının tələbinə görə (Əmək Məcəlləsinin 300-cü maddəsi) məhkəmə işçini vəzifəsinə bərpa edərkən imperativ qaydada ona məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi məsələsini də həll etməlidir. Bu iddia tələbindən kənara çıxma üçün qanunda göstərilən müstəsna haldır və beə müstəsna halda məhkəmə iddia tələbindən kənara çıxmaq hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Balakən rayon Qazma 1 saylı kənd tam orta məktəbinin 30 sentyabr 2021-ci il tarixli, 172 nömrəli əmri ləğv edilməli, İddiaçı Balakən rayon Qazma 1 saylı kənd tam orta məktəbinin tarix müəllimi vəzifəsinə bərpa edilməli və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Həmçinin İddiaçı hazırki iddianın qaldırılması üçün dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün ödədiyi 50 manat mediasiyaya dair xərc cavabdeh Balakən rayon Qazma 1 saylı kənd tam orta məktəbindən alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin; İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Balakən rayon Qazma 1 saylı kənd tam orta məktəbinin 30 sentyabr 2021-ci il tarixli, 172 nömrəli əmri ləğv edilsin; İddiaçı Balakən rayon Qazma 1 saylı kənd tam orta məktəbinin tarix müəllimi vəzifəsinə bərpa edilsin; İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin; İddiaçı ödədiyi 50 manat mediasiyaya dair xərc cavabdeh Balakən rayon Qazma 1 saylı kənd tam orta məktəbindən alınaraq, İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-1165/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1165/2021
16.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver