Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-133/2021 18.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, onların vəkili Zaqatala rayon Vəkil Bürosunun vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Balakən rayonunun Mahamalar kəndində yerləşən yaşayış evinə giriş-çıxış yolunun verilməsi və köçürülmələri tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Mahamalar kəndində yerləşən yaşayış evinə giriş-çıxış yolunun cavabdehlərdən tələbi və həmin evə onların köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə baxışı iclasında iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə verərək Balakən rayonu Mahamalar kəndində yerləşən, sonradan tikilmiş üç otaqlı evə köçürülmələri və həmin evə giriş-çıxış yolunun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, onların Balakən rayonunun Mahamalar kəndində 0.07 hektar həyətyanı torpaq sahəsi və orada tikilmiş bir mərtəbəli üç otaqlı fərdi yaşayış evləri vardır. Cavabdehlər isə eyni ünvanda olmaqla həyətdə yerləşən digər evdə yaşayırlar.Beş il olar ki, cavabdehlər- oğlu və gəlini onları həmin öz evlərində yaşamağa qoymurlar. Cavabdehlər onları evə girməyə qoymurlar. Cavabdehlər onları öz evlərinə qoymadıqlarına görə onlar hal-hazırda qardaşı Ramazanın keçmiş arvadı Abdullayeva Şəmsiyyətin evində Mahamalar kəndində yaşayırlar. Gəlini onları evdən qovmaqla hədələyir. Onların öz evlərinə gedib-gəlməyə həyətdən yolları da yoxdur. Ona görə istəyirlər ki, mülkiyyətlərində olan üç otaqlı evə köçürülsünlər və onlara həyətyanı torpaq sahəsindən ayrıca yol verilsin. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək və digər İddiaçı1 izahatına uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən etiraf edərək göstərdi ki, İddiaçı1 anası, digər İddiaçı2 isə bacısıdır.Digər Cavabdeh2 isə arvadıdır. Onlar iddiaçılar ilə eyni həyətdə, lakin ayrı-ayrı evlərdə yaşayırlar. Evlərin yerləşdiyi 0,07 hektar həyətyanı torpaq sahəsi anası İddiaçı1, bacıları X1 və İddiaçı2 mülkiyyətindədir. İddiaçıların köçüb yaşamaq istədikləri üç otaqlı ev sonradan inşa edilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Özlərinin yaşadıqları ev isə köhnə ata evidir. İddiaçıların öz evlərində yaşamağına heç kim maneçilik törətmir. Onlar iddiaçıların həmin evə köçürülmələrinə etiraz etmirlər. İddiaçıların evlərinə gedib-gəlmələrinə də heç kim maneçilik törətmir. İddiaçıların yaşadıqları evə gedibgəlmələri üçün də yolları vardır. Sadəcə anası evi satmaq istəyir.O, isə buna razı deyildir. Qeyd edilənləri nəzərə alıb iddianın qismən-evə köçürülməyə aid hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-627 A KOD 40108018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Balakən rayon X4 xx xxxx 1998-ci il tarixli 08 nömrəli qərarı ilə İddiaçı1, X2 və İddiaçı2 Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.07 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-1057 A KOD 40108018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon X4 xx xxxx 1998ci il tarixli 08 nömrəli qərarı ilə İddiaçı1, Cavabdeh2 Seyfəddin qızına və İddiaçı2 Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.41 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdlir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş MN seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində mülkiyyətində olan 0.07 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı ,16 kv.m yaşayış, 11.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı1 Cavabdeh1 anası, digər İddiaçı2 isə onun bacısıdır. Cavabdeh Quliyeva Patimat Şaban qızı isə Cavabdeh1 arvadıdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinin və Cavabdeh2 Seyfəddin qızının ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Mahamalar kəndində yerləşən 0,07 hektar həyətyanı torpaq sahəsində inşa olunmuş, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış üç otaqlı evdə yaşayırlar. Cavabdehlər isə həmin həyətdə olan köhnə, bir otaqlı evdə yaşayırlar. İddiaçılar cavabdehlərin onların öz evlərində yaşamalarına, həyətyanı torpaq sahəsindən evə gedib gəlmələrinə imkan vermədiklərini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iddia tələbinin evə köçürülməyə aid hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X8 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsi mülkiyyətçi olmasa da, əmlaka sahiblik hüquqlarını mülkiyyət hüquqları kimi qeyd edir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, “hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.” Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. X9 Avropa Məhkəməsinin Önəryıldız Türkiyəyə qarşı iş üzrə xx xxxxxx 2004-cü il tarixli qərarına əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələbləri əhatə edir. Məhkəmə işin hallarını, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçıların ümumi birgə mülkiyyətində olmasını, yaşadıqları üç otaqlı evin onlara məxsus olmasını, onların həmin evlə bağlı “qanuni gözləntiləri”nin olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi evə köçürülməyə aid hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbi evə giriş -çıxış yolunun verilməsinə aid hissədə isə təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 213.1-213.2 –ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 222.1-222.2-ci maddələrinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Mülki Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 238.1-238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Məhkəmə tərəflərin istifadəsində olan 0.07 hektar torpaq sahəsinin iddiaçıların ümumi birgə mülkiyyətində olmasını, cavabdehlərin həmin torpaq sahəsinə heç bir hüquqlarının olmamasını, iddiaçıların sözügedən torpaq sahəsindən qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə sərbəst surətdə istədikləri kimi istifadə etmək hüquqlarının olmasını, buna baxmayaraq onların həyətyanı torpaq sahəsinin bir hissəsinin onlara yol kimi verilməsini tələb etmələrini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 Balakən rayonunun Mahamalar kəndində yerləşən, İddiaçı1, İddiaçı2 və X1 ümumi birgə mülkiyyətində olan 0,07 hektar həyətyanı torpaq sahəsində yerləşən üç otaqlı fərdi yaşayış evinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Balakən rayonunun Mahamalar kəndində yerləşən, İddiaçı1, İddiaçı2 və Cavabdeh2 Seyfəddin qızının ümumi birgə mülkiyyətində olan 0,07 hektar həyətyanı torpaq sahəsində yerləşən üç otaqlı fərdi yaşayış evinə köçürülsünlər. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-133/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-133/2021
18.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver