Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-296/2024 26.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı ərizəsində göstərdiyi şəxslərin mənzildən qeydiyyatdan çıxarılması barədə məhkəməyə daxil olmuş ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərdiyi şəxslərin- Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Ərizəyə baxaraq, hesab edirəm ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə hazırki ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdəmüvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 sentyabr 2020ci il tarixli qərarında göstərilir ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir: 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; 3. yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qanun normalarının tələbinə əsasən İddiaçı, ərizəsində göstərdiyi şəxslərin- Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ona məxsus mənzildən qeydiyyatdan çıxarılması üçün Balakən Rayon Polis Şöbəsinə müraciət etməlidir. Göstərilən şəxslərin mənzildən qeydiyyatdan çıxarılmasından həmin inzibati orqan tərəfindən imtina edildikdə, ərizəçi bu şəxslərin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin həmin orqanın-Balakən Rayon Polis Şöbəsinin üzərinə qoyulması üçün Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. Göründüyü kimi, qanun normalarının tələbinə əsasən bu ərizəyə Balakən Rayon Məhkəməsində- mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İşin hallarını və mülki-prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, hesab edirəm ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı əsası ilə iddianın yolverilməzliyinə görə İddiaçı ərizəsində göstərdiyi şəxslərin mənzildən qeydiyyatdan çıxarılmasına dair ərizəsinin qəbul edilməsindən imtina edilməli, İddiaçı ərizəsində göstərdiyi şəxslərin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Balakən Rayon Polis Şöbəsinə müraciət etmək, həmin şəxslərin mənzildən qeydiyyatdan çıxarılmasından həmin inzibati orqan tərəfindən imtina edildikdə, bu şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin həmin orqanın-Balakən Rayon Polis Şöbəsinin üzərinə qoyulması üçün Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: Ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə İddiaçı ərizəsində göstərdiyi şəxslərin mənzildən qeydiyyatdan çıxarılmasına dair ərizəsinin qəbul edilməsindən imtina edilsin; İddiaçı ərizəsində göstərdiyi şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı Balakən Rayon Polis Şöbəsinə müraciət etmək, həmin şəxslərin mənzildən qeydiyyatdan çıxarılmasından həmin inzibati orqan tərəfindən imtina edildikdə, bu şəxslərin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin həmin orqanın-Balakən Rayon Polis Şöbəsinin üzərinə qoyulması üçün Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-296/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-296/2024
26.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver