Məhkəmə qərarları › İş №2(019)-475/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-475/2020

15.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-475/2020 15.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı atası tərəfindən onun üçün tikilmiş evə yaşayış və istifadə hüququnun tanınmaqla həmin evə köçürülməsi və cavabdehin həmin evdən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası tərəfindən Balakən rayonu Tülü kəndində onun üçün tikilmiş yarımçıq 2 otaqlı evdən cavabdehin çıxarılması və onun 2 azyaşlı övladı ilə birlikdə həmin evə yaşamaq və istifadə hüququnun tanınmaqla köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan nikah Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə ləğv edilmiş və bu barədə Balakən rayon VVAQ şöbəsi tərəfindən 325864 saylı nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Birgə nikahlarından onların xx xxxxxx 2009-cu ildə X14 və xx xxxxxxxx 2010-cu ildə X19 adlı uşaqları doğulmuşdur. Uşaqlar onun himayəsində saxlanmışdır. Onun qızı X14 “Nevropatiya” diaqnozu ilə ağır yataq xəstəsidir. Cavabdeh ailəsinə baxmadığı üçün aralarında dəfələrlə mübahisələr olmuşdur. Hər dəfə cavabdeh nahaqdan evdə dava-dalaş salmışdır. O, dəfələrlə cavabdeh ilə birgə yaşamaqdan imtina edib, valideynlərinin evinə getmişdir. X21 kömək etmək məqsədilə Balakən rayonu Tülü kəndində 05 sot sənədsiz torpaq sahəsində onun üçün iki otaqlı ev tikdirmişdir. Həmin torpağın heç bir sənədi yox idi. Onun qızı “Nevropatiya” diaqnozu ilə ağır yataq xəstəsi olduğu üçün Tülü Bələdiyyəsi və Tülü kənd İcra Nümayəndəliyindən atasına şifahi icazə vermişlər. Gələcəkdə həmin tikilini Hüquqi qeydiyyatdan keçirib qanuni sənədlərini almalarını bildirmişlər. Həmin evi atası tikəndən sonra o, iki uşağı ilə həmin evə köçmüşdür. Daha sonra valideynləri onun ailəsini bərpa etrmək məqsədilə danışıqlar apararaq ,cavabdeh ilə onu barışdırmışlar. Bir müddətdən sonra cavabdeh onu 2 uşağı ilə atasının tikdiyi evdən qovmuş, özü həmin evdə məskunlaşmışdır. Ev daxma kimi tikilmiş 2 otaqlıdır. Həmin evin 2 otaqdan biri nisbətən istifadə etmək mümkündür. Digər otağı isə yararsızdır. Həmin evə köçməmişdən əvvəl cavabdeh ilə ailəli olduğu vaxtlarda onun valideynlərinin evində və daha sonra kirayələrdə yaşamışlar. O, hazırda 2 azyaşlı uşağı ilə Balakən şəhərində məcburi kirayədə qalır. Kirayə haqqı kommunal xərclər daxil olmaqla ümumilikdə 250-300 manat ödəyir. Qızı xəstə olduğu üçün kirayə haqqı ödəməyə onun maddi imkanı yoxdur. O, dəfələrlə cavabdehlə atasının onun üçün tikdiyi evi boşaltması barədə danışmışıdır. Lakin cavabdeh ilə heç bir razılıq əldə edə bilməmişdir. Onun cavabdeh ilə həmin özbaşına tikilidə yaşaması mümkün deyildir. Buna görə ədə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, İddiaçı ilə aralarında olan nikah Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə ləğv edilmiş və bu barədə Balakən rayon VVAQ şöbəsi tərəfindən 325864 saylı nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Birgə nikahlarından onların xx xxxxxx 2009-cu ildə X14 və xx xxxxxxxx 2010-cu ildə X19 adlı uşaqları doğulmuşdur. Mübahisə predmetini təşkil edən fərdi yaşayış evi atası X11 məxsus torpaq sahəsində, atasının maddi yardımı ilə tikilmişdir. Həmin evin qeydiyyat çıxarışı yoxdur. Turanənin, Rəşidin və Xədicənin həmin evə köçürülməsinə razı deyildir. Sözügedən ev yaşayış üçün yararlıdır, ora işıq çəkilmişdir və orada digər kommunal şərait vardır. Özü həmin evdə yaşayır. Turanə də 5 il ərzində həmin evdə yaşamış, İddiaçı ilə birlikdə həmin evdə ümumi təsərrüfat aparmışlar. Qeyd edilənləri nəzərə alıb, iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X15 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxx 2019-cu il tarixdə 57 № ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2010-cu il tarixdə verilmiş AZ-İİ 533782 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 xx xxxxxx 2009-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə X15 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2010-cu il tarixdə verilmiş AZ-İİ 533780 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki,X19 xx xxxxxxxx 2010-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə X15 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 2 (019)-203/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən çıxarışdan görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X15 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixdə Balakən rayon İH-in Tülü kənd İƏD üzrə nümayəndəliyində 24 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahdan olan uşaqları-xx xxxxxx 2009-cu ildə anadan olmuş X14 və xx xxxxxxxx 2010-cu ildə anadan olmuş X12 anası X3 yanında saxlanması, xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2009-cu ildə anadan olmuş X14 və xx xxxxxxxx 2010-cu ildə anadan olmuş X12 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutulub, iddiaçı X4 verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Reabilitasiya Xəstəxanası xəstəlik tarixindən çıxarışdan görünür ki, X5 irsi sensor-motor nevropatiya, bütün ətrafların hərəki hissi pozğunluqları diaqnozu qoyulmuşdur. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilən JN-11xx xxx 40114018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon X8 1997-ci il 07 dekabr tarixli, 37 saylı qərarı ilə Balakən rayonu Tülü kəndi ərazisindən X17, X6, X18, Cavabdeh və X16 1.02 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilən Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayon X8 1997-ci il 07 dekabr tarixli, 37 saylı qərarı ilə Balakən rayonu Tülü kəndi ərazisindən X11 700 kvm həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçıların və cavabdehin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, Balakən Rayon Məhkəməsinin 2 (019)-203/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı X15 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixdə Balakən rayon İH-in Tülü kənd İƏD üzrə nümayəndəliyində 24 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahdan olan uşaqları-xx xxxxxx 2009-cu ildə anadan olmuş X14 və xx xxxxxxxx 2010-cu ildə anadan olmuş X12 anaları X3 yanında saxlanması, xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2009-cu ildə anadan olmuş X14 və xx xxxxxxxx 2010-cu ildə anadan olmuş X12 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd ) manat sabit pul məbləğində alimentin tutulub, iddiaçı X4 verilməsi qət edilmişdir. İddiaçı Cavabdeh ərə gedərkən onun valideynlərinin Balakən rayon Tülü kəndində yerləşən evinə gəlin köçmüş, orada yaşamış, uşaqları həmin evdə doğulmuşdur. İddiaçı ilə Cavabdeh arasında ailə münasibətləri zəminində mübahisələr olduğuna görə İddiaçı dəfələrlə cavabdeh ilə birgə yaşamaqdan imtina edib valideynlərinin evinə getmişdir. Sonradan iddiaçının qaynatası X11 məxsus torpaq sahəsində iki otaqlı ev tikilmiş, həmin evə kiminsə mülkiyyət hüquqları qeydə alınmamış, İddiaçı 2 azyaşlı uşağı ilə 5 il ərzində həmin yeni tikilmiş mübahisəli evdə yaşamış, sonra cavabdeh onu 2 uşağı ilə həmin evdən qovmuş, özü həmin evdə məskunlaşmışdır. Cavabdeh iddiaçını evə buraxmadığından, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı uşaqları: xx xxxxxx 2009-cu ildə anadan olmuş X14 və xx xxxxxxxx 2010-cu ildə anadan olmuş X12 yaşayış yeri Balakən rayonu Tülü kəndində yerləşən cavabdehə məxsus sözügedən fərdi yaşayış evidir. İddiaçı və onun uşaqları iradələrindən asılı olmayaraq, həmin evdən istifadə edə bilmirlər, cavabdeh tərəfindən onların həmin evə köçürülməsinə və həmin evdən istifadə etməsinə maneələr yaradılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehin ailə üzvü olduğundan və cavabdehlə birlikdə iddia predmetini təşkil edən evdə yaşayıb ümumi təsərrüfat apardığından, iddiaçı mübahisəli evə dair cavabdehlə birlikdə faktiki sahiblik və istifadəni həyata keçirdiyindən, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları; X14 və X19 həmin evdə yaşadığından və onların daimi yaşayış yeri həmin ev sayıldığından, bununla da İddiaçı və yetkinlik yaşına çatmayan Xədicə Dabaxovanın və Rəşid Dabaxovun daimi yaşayış yeri Balakən rayonu Tülü kəndində yerləşən cavabdehə məxsus sözügedən fərdi yaşayış evi olduğundan, İddiaçı və yetkinlik yaşına çatmayan uşaqları; X14 və X19 iddia predmetini təşkil edən həmin evə köçürülməlidir. Ona görə də iddia iddiaçının uşaqları ilə birlikdə evə köçürmə hissəsində təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərinin tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanun analogiyası). Məhkəmə işin faktiki hallarına və yuxarıda göstərilən qanun normalarına istinadən bu nəticəyə gəlir ki, iddia predmetini təşkil edən fərdi yaşayış evinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmadığından, Mülki Məcəllənin 228.2 və 228.5-ci maddələri və 2009-cu ilin oktyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi mülkiyyət hüquqları qeydə alınmış yaşayış sahələri ilə bağlı münasibətləri tənzimlədiyindən hazırki mübahisənin həlli üçün xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin normalarının tətbiq edilməsi zəruridir. Belə ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan SSR Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmli fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 27.2 və 27.3-cü maddələrinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır; Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddiaçının və onun uşaqlarının daimi yaşadığı ünvan mübahisəli ev olduğundan İddiaçı, X14 və X19 həmin evdə yaşamaq hüququ əldə etmişlər. Məhkəmə iddiaçının və onun uşaqlarının iradəsinin ziddinə olaraq mübahisəli evdə yaşaması hüquqlarına maneələrin yaradılmasını onların Azərbaycan Respublikası Konstitusiyasının 43 və İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsi ilə təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirir. Belə ki, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqlarının və X13 X9 müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası İnsan Hüquqlarının və X13 X1 iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Məhkəmə yuxarıda qeyd olunanlarla əlaqədar X24 Məhkəməsinin aşağıdakı qərarlarına istinad etməyi zəruri hesab edir. Belə ki, X24 Məhkəməsinin Strunjaq və başqaları Xorvatiyaya qarşı iş üzrə ərizənin qəbul edilənliyi barədə qərarında (ərizə №46943/99, X24 Məhkəməsinin 2000-X) qeyd edilmişdir ki, Konvensiyanın 8-ci maddəsi yalnız şəxsin hazırkı mənzilinin toxunulmazlığına hörmət hüququnu qoruyur. X24 Məhkəməsinin O.ROUK Birləşmiş Krallığa qarşı işində ərizənin qəbul edilənliyi barədə qərarında (ərizə №46934/99, X24 Məhkəməsinin 2000-X) və X2rşı iş üzrə xx xxxxxx 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddəsində nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. X24 Məhkəməsi yuxarıda adı çəkilən Gillounun işinə dair qərarında xatırlatmışdır ki, Gillounun işində ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/3 saylı ərizənin qəbul edilənliyinə dair X24 Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)». Məhkəmə X24 Məhkəməsinin yuxarıda göstərilən qərarlarına əsasən hesab edir ki, həmin evin İddiaçı və onun uşaqları X14 və X12 daimi yaşayış yeri olması, onların başqa yaşayış yerinə malik olmaması və evlə daimi əlaqəsinin olmasına görə həmin evi Avropa Konvensiyasının 8-ci maddəsinin mənası baxımından iddiaçının və onun uşaqlarının mənzili adlandırmaq olar. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının və onun uşaqlarının cavabdehlə bərabər surətdə həmin evdən istifadə hüququna malik olduğundan, onların həmin evdən istifadə etməsinə məhdudiyyətlərin yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və Avropa Konvensiyasının 8-ci maddəsinin tələbləri baxımından həmin şəxslərin mənzil hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0-cı maddəsinə görə mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.2.1 və 9.2.2-ci maddələrinə əsasən o cümlədən mənzil hüquqlarının müdafiəsi müvafiq olaraq mənzil hüquqlarının tanınması; mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulları ilə həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə-Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonratələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə hesab edir ki, iddiaçının və onun yetkinlik yaşına çatmayan uşaqlarının mübahisəli evə köçürülməsi ilə bağlı iş üzrə mötəbər sübutlar əsasında müəyyən olunmuş faktoloji və hüquqi əsaslar iddianın evə köçürmə hissəsində tam qanuni və əsaslı olması nəticəsinə gəlməyə zəmin yaradır və məhkəmə də bu faktoloji halları yuxarıda dəyərləndirmiş və iddianın iddiaçının və onun uşaqlarının iddia predmetini təşkil edən evə köçürmə hissəsində təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilmə olan hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia atası tərəfindən Tülü kəndində onun üçün tikilmiş yarımçıq 2 otaqlı evdən cavabdehin çıxarılması və onun 2 azyaşlı övladı ilə birlikdə evə yaşamaq və istifadə hüquqlarının tanınması hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçim qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Göründüyü kimi, istənilən daşınmaz əmlak üzərində olan hüquqlar, o cümlədən mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Yalnız daşınmaz əmlak üzərində olan hüquqlar dövlət qeydiyyatına alındıqdan sonra həmin daşınmaz əmlak üzərində sərəncam vermək olar. İş materiallarından görünür ki, iddia predmetini təşkil edən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Ona görə də həmin ev X7 xüsusi mülkiyyətində deyildir. Belə olan halda İddiaçı həmin ev üzərində sərəncam vermək, o cümlədən həmin evdən cavabdehin çıxarılmasını tələb etmək hüququna malik deyildir. Yəni onun cavabdehi sözügedən evdən çıxarmaq barədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. İddiaçı sözügedən evin onun xüsusi mülkiyyətində olmasını və onun ev üzərində sərəncam vermək, o cümlədən cavabdehin evdən çıxarılması barədə tələb irəli sürmək üçün subyektiv hüququnun olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, cavabdehin evdən çıxarılması hissəsində iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Ona görə də cavabdehin evdən çıxarılması hissəsində iddia tələbi əsassızdır və təmin edilməməlidir. Digər tərəfdən, iddiaçının və onun uşaqlarının sözügedən evə mülkiyyət hüquqları qeydiyyata alınmadığı və ev İddiaçı və uşaqların xüsusi mülkiyyətində olmadığı üçün onun və azyaşlı uşaqlarının evdən istifadə hüququ yaranmamışdır. Belə ki, istifadə hüququ mülkiyyət hüququndan yaranmaqla onun üç hüquqi elementindən biridir. İddiaçının və uşaqların isə evə mülkiyyət hüququ olmadığından, istifadə hüququ da mövcud deyildir. Digər tərəfdən ümumiyyətlə iddiaçının və uşaqlarının evə heç bir digər hüququ, o cümlədən istifadə hüququ dövlət qeydiyyatına alınmamışdır. Qanun normasının tələbinə görə daşınmaz əmlaka hüquqlar, o cümlədən istifadə hüququ da dövlət qeydiyyatına alınmalıdır. Ona görə də evdən istifadə hüquqlarının tanınması hissəsində iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Eyni zamanda qanunvericilikdə evdə yaşamaq hüququ institutu mövcud deyildir. hər bir daşınmaz əmlakla bağlı mülkiyyət hüququ həmin əmlaka sahiblik etmək, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını özündə ehtiva edir. Artıq məhkəmə tərəfindən iddiaçının uşaqları ilə sözügedən evə köçürmək barədə hüquqi nəticəyə gəlinmişdir. Evə köçürmək isə evə faktiki sahibliyi həyata keçirməyi və evdən və yardımçı tikililərdən istifadə etməyi nəzərdə tutur. Ayrıca evdə yaşamaq hüququnun tanınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də belə bir tələb absurd, heç bir faktoloji və hüquqi əsaslara söykənməyən bir tələbdir. Ümumiyyətlə nəzərə çatdırılmalıdır ki, yaşamaq hüququ şəxsin bu dünyada fiziki yaşam hüququdur. Yaşamaq hüququ hər bir fərdin təbii ayrılmaz hüququdur və Allah tərəfindən verilir. Bu hüquq Azərbaycan Respublikası Konstiustyasının 27-ci maddəsində, Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq müqavilələrdə, o cümlədən İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 2-ci maddəsində öz əksini tapmışdır. Yaşamaq hüququnun məhkəmə tərəfindən və ya hər hansı dövlət orqanı tərəfindən tanınması qanunda nəzərdə tutulmamışdır. Ona görə də belə bir tələb əsassız tələbdir və təmin edilə bilməz. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı uşaqları; xx xxxxxx 2009-cu ildə doğulmuş X14 və xx xxxxxxxx 2010-cu ildə doğulmuş X19 ilə birlikdə Balakən rayonu Tülü kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülməli, iddia qalan hissədə təmin olunmamalıdır. Həmçinin iddia təmin olunduğu üçün Cavabdeh 10 manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.21-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı uşaqları; xx xxxxxx 2009-cu ildə doğulmuş X14 və xx xxxxxxxx 2010-cu ildə doğulmuş X19 ilə birlikdə Balakən rayonu Tülü kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülsün; iddia qalan hissədə təmin olunmasın. Cavabdeh 10 manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar