Məhkəmə qərarları › İş №2(019)-494/2020

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-494/2020

10.08.2020 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-494/2020 10.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 Şarabiddin qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Şarabiddin qızına, Xurtunova İ̇lhamə İbrahim qızına və Cavabdeh3 İ̇brahı̇m qızına qarşı 0.20 ha pay torpaq sahəsinə əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 Şarabiddin qızına, Xurtunova İ̇lhamə İbrahim qızına və Cavabdeh3 İ̇brahı̇m qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Balakən rayonu Mahamalar kənd sakinləri X2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 JN-10xx xxx 40108018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətinə verilmiş 0.37 ha pay torpaq sahəsindən onun ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan həyətyanı torpaq sahəsinə bitişik olan 0.20 ha pay torpaq sahəsinə dair onlarla aralarında bağlanmış xx xxxxxxxx 1999-cu il tarixli əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki,o, Balakən rayonu Mahamalar kəndində yaşayır.xx xxxxxxxx 1999-cü il tarixdə həmkəndlisi olan X1 0.20 ha pay torpaq sahəsini 500 ABŞ dollarına almışdır. Bu barədə həmin tarixdə, yəni xx xxxxxxxx 1999-ci il tarixdə X2 və onun həyat yoldaşı Cavabdeh1 Şərabiddin qızından 0.20 ha torpaq sahəsinin alınmasına dair sadə yazılı formada alqı-satqı aktı tərtib etdirmişdir. Aktı Cavabdeh1, o və 6 nəfər kənd sakinimiz imzalamışlar. Akt Mahamalar kənd İcra Nümayəndəliyinin möhürü ilə təsdiqlənmişdir. Aktı etibarnamə əsasında əri İbrahim Xurtunovun əvəzinə də şəxsən Cavabdeh1 imzalamışdır. Aktın sonunda 500 ABŞ dollar məbləğində pulun onun Nailə Uluxanovaya verməsi və onun pulu alması barədə qeyd olunub və hər ikisi imzalamışlar. O, torpaq sahəsini İbrahim Xurtunov və Cavabdeh1 aldığı vaxt İbrahim Xurtunov müəyyən səbəblərdən Balakən rayonuna gələ bilmirdi. Buna görə də alqı-satqının Notariat Kontorunda rəsmiləşdirilməsi qeyri-mümkün olmuşdur. Sonralar da dəfələrlə iddiaçı Cavabdeh1 və əri İbrahim Xurtunovdan 0.20 ha torpaq sahəsinin alqı-satqısını Notariat Kontorunda rəsmiləşdirməyi təklif etsə də, onlar müxtəlif bəhanələr etməklə Notariusa gəlməmiş və müqavilənin bağlanılmasına heç bir ehtiyac olmadığını, gələcəkdə satdıqları torpaqla bağlı aralarında heç bir mübahisə olmayacağını bildirmişlər. İddiaçı Cavabdeh1 və əri İbrahim Xurtunov 0.20 ha pay torpaq sahəsini satarkən Cavabdeh1 əlavə olaraq izahat yazmış və imzalamışdır.İzahatın məzmunu belə olmuşdur “İddiaçı 500 ABŞ dolları pulu almışdır və bu alqı-satqının sona çatdırılmasına hər hansı bir şəxs tərəfindən maneə törədilərsə, o, buna görə özü məsuliyyət daşıyır və bunun qarşısını alacaqdır”. 21 ilə yaxın müddətdir ki, həmin torpaq sahəsindən ailə üzvləri birlikdə istifadə edirlər, torpağın vergisini hər il o, ödəmişdir. xx.xx.2018-ci il tarixdə İbrahim Xurtunov qəflətən vəfat etmişdir. Onun ölümündən 1 ay sonra Cavabdeh1 həyat yoldaşı Çobanova (Osmanova) Mədinə İbrahim qızının 0.41 ha torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İbrahim Xurtunov vəfatına qədər ondan heç vaxt torpağı geri tələb etməmişdir. Cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş pay torpaq sahəsindən 0.20 ha hissəni sadə formada tərtib edilmiş alqı-satqı aktı əsasında qiymətini ödəməklə almışdır. Cavabdehlərdən alqı-satqını notariusda rəsmiləşdirməyi təklif etsə də, onlar müxtəlif bəhanələr edərək, notariusa gəlməmişlər.Artıq 21 ilə yaxındır ki, torpaq sahəsi onun istifadəsindədir. Hər il torpağın vergisini ödəyir. Bundan başqa torpağın keyfiyyətini yaxşılaşdırmaq üçün ona aqrotexniki qulluq göstərir. Həmin torpaq sahəsi onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinə bitişikdir. Cavabdehlər satdıqları torpaq sahəsini geri tələb etdiyindən və mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi ona dair hüquqmüəyyən edici sənəd əldə etməli olduğundan, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Cavabdeh1 Şarabiddin qızı iddianı qəbul etməyərək, hazırki iddia tələbi ilə bağlı eyni tərəflər arasında və eyni əsaslarla Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-668/2020 saylı qətnaməsi olduğundan və qətnamə qanuni qüvvəyə mindiyindən işin icraatına xitam verilməsini xahiş etmişdir. Cavabdehlər Xurtunova İ̇lhamə İbrahim qızı və Cavabdeh3 İ̇brahı̇m qızı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli, 2 (019)-668/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı 0,20 ha pay torpaq sahəsinə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2 (107)-2721/2019 saylə qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-u il tarixli, 2 (019)-668/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-668/2020 saylı qətnaməsi vardır. Həmin məhkəmə qətnaməsi ilə də İddiaçı cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı 0,20 ha pay torpaq sahəsinə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş və həmin qətnamə apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış, bu iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi də kassasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Hazırki mülki iş üzrə tərəflər qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-668/2020 saylı qətnaməsinin qəbul edildiyi mülki işin tərəfləri ilə eynidir, həmin iddiaların predmetləri və əsasları da eynilik təşkil edir. Belə ki, əvvəlki iddia üzrə 0,20 ha pay torpaq sahəsinə alqı-satqı müqaviləsinin bağlanmış sayılması tələbi həmin 0,20 ha torpaq sahəsinə alqı-satqı müqaviləsinin etibarlı sayılması tələbini özünə ehtiva edir, məzmun və mənasına, predmet və əsaslarına görə eynidir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki,İddiaçı cavabdehlər Cavabdeh1 Şarabiddin qızına, Xurtunova İ̇lhamə İbrahim qızına və Cavabdeh3 İ̇brahı̇m qızına qarşı 0.20 ha pay torpaq sahəsinə xx xxxxxxxx 1999-cu il tarixli əqdin etibarlı hesab edilməsi tələbinə dair №2(019)-494/2020 saylı mülki iş üzrə icraata, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan xitam verilməli, tərəflərə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi izah edilməli və İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261, 262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 Şarabiddin qızına, Xurtunova İ̇lhamə İbrahim qızına və Cavabdeh3 İ̇brahı̇m qızına qarşı 0.20 ha pay torpaq sahəsinə xx xxxxxxxx 1999-cu il tarixli əqdin etibarlı hesab edilməsi tələbinə dair №2(019)-494/2020 saylı mülki iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsasına görə xitam verilsin; tərəflərə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi izah edilsin; İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar