Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-519/2021 27.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X34 qızının katibliyi, İddiaçı vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1,Balakən rayon Dövlət Notariat Ofisinə,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı 01 fevral 2006-cı il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Balakən rayonu Qullar kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün ayrılmış torpaq sahəsindən cavabdehin çıxarılması, ümumi paylı mülkiyyət hüququ ilə onlara məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Balakən rayon Dövlət Notariat Ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Dövlət Notariat Kontorunda 01 fevral 2006-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 0.50 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılması, ümumi paylı mülkiyyət hüququ ilə ona və ailə üzvlərinə məxsus olan həmin torpaq sahəsinə sahib olması , ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərə və qəsdlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əsildar oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, ki,Balakən rayonu Qullar kəndində yaşayır. Kənd təsərrüfatı ilə məşğul olur. Balakən rayonu Qullar kəndində aparılan torpaq islahatı nəticəsində Balakən rayonu Aqrar İslahat komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə ailə üzvləri olmuş X5, X9, İddiaçı, X21 və X14 0.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN 439 KOD 40107018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Həmin torpaq sahəsinin 0.50 ha hissəsi nənəsi X12 məxsus olmuş fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin arxasında yerləşir. 13 yanvar 2006-cı ildə nənəsi X12 məxsus olmuş 0.15 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evini anası X1 rayon Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlamaqla Cavabdeh1 satmışdır. Həmin torpaq sahəsinə bitişik olan 0.50 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini isə cavabdeh onlardan müvəqqəti istifadə etmək üçün xahiş etmiş, imkanı olanda alacağını bildirmişdir. Onun məlumatı olmadan JN 439 KOD 40107018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0.59 ha torpaq sahəsindən 0.50 ha hissəsini valideynləri Cavabdeh1 satmışlar. Sonradan notariat orqanı tərəfindən müqavilənin surəti ona verilərkən məlum olmuşdur ki, bağlandığı tarixi məlum olmayan torpaq alqı-satqı müqaviləsi X7, X15 və İddiaçı ilə X28 arasında 0.50 ha torpaq sahəsinə dair bağlanılmışdır. Həmin müqavilə ilə guya Etibar Alqayev ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinə görə 4000 manat pul ödəmişdir. Bağlandığı tarix bəlli olmayan alqı-satqı müqaviləsinə o, imza etməmiş,notariat kontorunda hər hansı müqaviləyə imza etməmiş və onun bundan məlumatı olmamışdır. Həmin müqavilədəki imza onun adından saxtalaşdırılmışdır.Həmin alqı-satqı müqaviləsi həm qanunvericiliyin tələblərinə zidd bağlanmış, həm də hazırki iş üzrə həm onun, həm də digər mülkiyyətçilərin mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, JN 439 KOD 40107018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə X7, X15, İddiaçı, X25ma və X14 0.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Balakən rayon Notariat Ofisi öz səlahiyyətlərindən sui-istifadə edərək ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsini iddiaçıların məlumatı və razılığı olmadan öz mülahizəsinə əsasən X7, X15 və İddiaçı arasında hər birinə 0.17 ha torpaq payı ayırmaqla 0.50 ha hissəsini Cavabdeh1 satmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir.Məhkəmə iddiaçının vəkilini, məhkəmə iclasına gəlmiş cavabdehi dinləyib, işdə olan sənədlərə baxaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə edərək onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərdi ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi 01 fevral 2006-cı il tarixdə X15, X7 və İddiaçı tərəfindən rəsmi olaraq notarial qaydada alqı-satqı müqaviləsi ilə ona satılmışdır. Həmin vaxt İddiaçı yetkinlik yaşına çatmadığından onun əvəzindən müqaviləyə anası X7 imza etmişdir. O, torpaq sahəsinə görə iddiaçı Pirdas Saramanovanın qardaşına 4000 manat pul ödəmişdir. Alqı-satqı müqaviləsindən sonra iddiaçılar həmin torpaq sahəsinin Dövlət Aktını ona vermişlər və həmin torpağa dair JN 439 KOD 40107018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ondadır. Göstərilən torpaq sahəsinin alınması ilə bağlı alqı-satqı müqaviləsi notarial qaydada rəsmiləşdirilmişdir. Bir neçə ildir ki, iddiaçı və ailə üzvüləri ona qarşı sözügedən torpaq sahəsi ilə bağlı məhkəmədə iddialar qaldırırlar. Onların iddia tələblərinin təmin edilməməsi barədə məhkəmə qətnamələri vardır. İddiaçının bu iddiasını da əsassız hesab edir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Balakən rayon Dövlət Notariat Ofisinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Onlar məhkəməyə yazılı müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qullar kənd soveti tərəfindən 15 aprel 1988-i ildə verilmiş Xİİİ-JQ seriyalı 272604 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 1988-ci ildə anadan olmuş , atası X15, anası X23 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-439 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə Balakən rayonu Qullar kəndi ərazisindən X15, X5, İddiaçı, X21 və X14 0.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş notarial qaydada təsdiq olunmuş 01 fevral 2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsindən görünür ki, X15, X7 və İddiaçı Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə JN-439 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərinə verilmiş, Balakən rayonu Qullar kəndində yerləşən, ümumi sahəsi 0.50 ha olan torpaq sahəsini 4000 manata Cavabdeh1 satmışlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 13 yanvar 2006-cı il tarixli müqavilədən görünür ki, X6, X7 və X2 rayon DNK-nin 28.12.2005-ci il tarixli 2V-231 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi və Balakən TİB-nin 12.01.2006-cı il tarixli arayışına əsasən onlara məxsus olan Balakən rayonu Qullar kəndində yerləşən 1936-cı ildə tikilən, divar çaydaşı, üstü keramit, yaşayış sahəsi 45 kv.m, ümumi sahəsi 45 kv.m-dən ibarət yaşayış evini 9000 ABŞ dolları, yəni 8000 manata Cavabdeh1 satmışlar. İşdə olan Balakən Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(019)-79/2019 saylı qətnaməsindən görünür ki, iddiaçılar X3 və X8 Cavabdeh1 qarşı Balakən rayonu Qullar kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddiaları, mübahisəli torpaq sahəsinin iddiaçılar tərəfindən notariat qaydasında təsdiq edilmiş 01 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında cavabdehə satılması,həmin andan cavabdehin o torpaq sahəsinə sahiblik və istifadə hüququnun yaranması əsası ilə təmin edilməmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 avqust 2019-cu il tarixli, 2(107)-2555/2019 saylı qətnaməsindən görünür ki, iddiaçılar X7 və X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Balakən Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(019)-79/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(019)-588/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızı və Qurbanova (Saramanova) Adilə Əsildar qızının cavabdehlər Cavabdeh1 və Balakən rayon Notariat Ofisinə qarşı Balakən rayon Notariat Kontorunda bağlanmış JN 439 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə mülkiyyətlərinə verilmiş Balakən rayonu Qullar kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-711/2021 nömrəli, 08.04.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızının, Qurbanova (Saramanova) Adilə Əsildar qızının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətləri təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli,2(019)-588/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə iddiaçının, onun vəkilinin və məhkəmə iclasına gəlmiş cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki,sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayonu Qullar kəndində yerləşən mübahisəli 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli qərarı ilə X8, X3, İddiaçı, X16 və X13 ümumi birgə mülkiyyətinə verilmişdir. 01 fevral 2006-cı il tarixdə həmin torpaq sahəsinin 0,50 hektarı X15, X7 və İddiaçı tərəfindən notarial qaydada alqı-satqı müqaviləsi bağlanmaqla 4000 manata Cavabdeh1 satılmışdır. Həmin vaxt İddiaçı yetkinlik yaşına çatmadığından onun adından müqaviləni anası X7 imzalamışdır. 2019-cu ildə İddiaçı valideynləri X7 və X15 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN 439 KOD 40107018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə mülkiyyətlərinə verilmiş, Balakən rayonu Qullar kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 çıxarılması, onların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sözügedən işə baxılarkən iddiaçılar X7 və X15 01 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsindəki onlara aid imzaların özləri tərəfindən icra edilmədiyini bildirdiklərindən məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və məhkəməxətşünaslıq ekspertizasının 02 may 2019-cu il tarixli, 8623 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, həmin müqavilədəki imzalar X17 və X5 məxsusdur. Ona görə də Balakən Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(019)-79/2019 saylı qətnaməsi ilə iddiaçılar X3 və X8 Cavabdeh1 qarşı Balakən rayonu Qullar kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir.Bundan sonra İddiaçı bacıları İsayeva (Saramanova) Afət Əsildar qızı və Qurbanova (Saramanova) Adilə Əsildar qızı cavabdehlər Cavabdeh1 və Balakən rayon Notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişlər. Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(019)-588/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızının,Qurbanova (Saramanova) Adilə Əsildar qızının nümayəndəsi və vəkili Vəkil qətnamədən apellyasiya şikayətləri vermişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-711/2021 nömrəli, 08.04.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızının,Qurbanova (Saramanova) Adilə Əsildar qızının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətləri təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(019)-588/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.Bundan sonra İddiaçı Əsildar oğlu hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarından göründüyü kimi mübahisə predmeti olan 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8, X4, İddiaçı, X16 və X13 ümumi birgə mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsi 01 fevral 2006-cı ildə notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi ilə cavabdehə satılmışdır. Həmin vaxt İddiaçı 17 yaşı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Həmin Məcəllənin 55.7-ci maddəsinə əsasən valideynlərin və uşaqların birgə mülkiyyət hüququ yarandıqda əmlak üzərində sahiblik, sərəncam və ondan istifadə hüququ mülki qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansını bağlanmasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Mülki Məcəllənin 222.3-cü maddəsinə əsasən, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. X15, X7 və İddiaçı 01 fevral 2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsini bağlayaraq ümumi birgə mülkiyyətdə olan 0.50 ha torpaq sahəsini Cavabdeh1 satarkən onların birgə mülkiyyətdə olan bu torpaq sahəsinə dair sərəncamçılığı bütün mülkiyyətçilərin, o cümlədən iddiaçının razılığı ilə həyata keçirilmişdir. Əqd bağlanarkən X15 və X7 həm də İddiaçı qanuni nümayəndələri qismində çıxış etmiş və qanuni nümayəndələrə dair hüquqlarından istifadə etmişlər. İddiaçının mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllədə əqdlərin etibarsızlığı üçün əsaslar nəzərdə tutulmuşdur ki, həmin əsaslar mövcud olduğu və müvafiq müddətlər daxilində iddia verildiyi halda bağlanmış əqd etibarsız sayıla bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Mülki Məcəllənin 340-cı maddəsində uydurma və yalan əqdlərin etibarsızlığı, Mülki Məcəllənin 341-ci maddəsində qeyri-ciddi əqdin etibarsızlığı, Mülki Məcəllənin 342-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 343-cü maddəsində fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 344-cü maddəsində on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 345-ci maddəsində on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 346-cı maddəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 347-ci maddəsində vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və Mülki Məcəllənin 349-cu maddəsində hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığının əsasları və şərtləri nəzərdə tutulmuşdur. İş üzrə iddiaçılar mübahisələndirdikləri 01 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanun normalarında nəzərdə tutulan əsas və şərtlərin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişlər. Digər tərəfdən, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal (əqdin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması) istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, qanunvericilik əqdin etibarsızlığını mübahisələndirmək üçün kəsici müddət müəyyən etmişdir; maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə ...” 12.03.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə müddətin keçməsi ilə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. İş materiallarından göründüyü kimi iddiaçı 2006-cı ildən alqı-satqı müqaviləsinin bağlanmasını, torpaq sahəsinin cavabdehin sahibliyinə və istifadəsinə verildiyini bilmişdir. Bundan başqa iki ildən artıq müddətdir ki,sözügedən torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələri davam edir. İddiaçı 1 il ərzində həmin müqavilənin etibarsızlığını mübahisələndirə bilərdi. Həmin müddət ötürüldüyündən iddiaçı əslində hazırkı iddianı qaldırmaq hüququnu çoxdan itirmiş və onun artıq mövcud olmayan hüquqları müdafiə oluna bilməz. İddia tələbinin Balakən rayonu Qullar kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, ümumi paylı mülkiyyət hüququ ilə onlara məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə mübahisəli torpaq sahəsinin iddiaçı və ailə üzvüləri tərəfindən Cavabdeh1 satılmasını, həmin alqı-satqı müqaviləsinin qüvvədə olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır, ona görə də təmin edilə bilməz. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Balakən rayon Dövlət Notariat Ofisinə,Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı 01 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Balakən rayonu Qullar kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün ayrılmış torpaq sahəsindən cavabdehin çıxarılması, ümumi paylı mülkiyyət hüququ ilə onlara məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddiaçı cavabdehlər Cavabdeh1, Balakən rayon Dövlət Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı 01 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Balakən rayonu Qullar kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün ayrılmış torpaq sahəsindən cavabdehin çıxarılması, ümumi paylı mülkiyyət hüququ ilə onlara məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-519/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-519/2021
27.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver