Məhkəmə qərarları › İş №2(019)-520/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-520/2021

06.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-520/2021 06.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadulla Şamil oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh1 Hüseynbala oğlunun və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Hüseynbala oğluna və Cavabdeh2 qarşı torpaq sahəsindən, yaşayış evindən və tövlədən istifadə etməsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 Hüseynbala oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Hüseynbala oğlu və Cavabdeh2 tərəfindən fərdi yaşayış evindən, torpaq sahəsindən, mal-qara üçün nəzərdə tutulan tövlədən istifadə etməsinə olan maneələrin aradan qaldırılması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Meşəşambul kəndində yaşayır. Mülkiyyətində olan torpaq sahəsinə dair Azərbaycan Respublikası DƏDRX-nin 18 saylı ərazi idarəsi tərəfindən hüquqları qeydə alınmış, ona 17.09.2020-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə çıxarış verilmişdir. İş üzrə cavabdehlər onun oğlu və gəlinidir. Oğlu ailəsi ilə birlikdə tam mülkiyyət hüququ üzrə ona məxsus olan fərdi yaşayış evində yaşayır. Cavabdeh öz hərəkətləri ilə mülkiyyət hüququ üzrə ona məxsus olan evdən və paylı mülkiyyət hüququ üzrə məxsus olan torpaq sahəsindən istifadə etməsinə əsassız maneələr törədir. Dəfələrlə cavabdeh oğlu Cavabdeh1 Hüseynbala oğlunun onu döyməsi, işgəncə verməsi barədə Balakən Rayon Polis Şöbəsinə şikayət etsə də, heç bir nəticə verməmişdir. Cavabdehlə tərbiyəvi xarakterli söhbət aparılmış, lakin cavabdeh və ailəsi qanunsuz əməllərindən əl çəkməmişlər. Qanuni mülkiyyətində olan fərdi yaşayış evindən, torpaq sahəsindən, mal-qara üçün nəzərdə tutulan tövlədən istifadə etmələrinə imkan vermirlər. Cavabdehin heyvanlarını qəsdən döyməsi nəticəsində heyvanlarından biri tələf olmuşdur. Digər heyvanlarını isə tövləyə salmağa qoymur. Qanuni mülkiyyətində əmlakları olsa da, cavabdehin hərəkətləri nəticəsində öz mülkiyyəti üzərində istifadə və sahiblik edə bilmir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclaslarında Cavabdeh1 Hüseynbala oğlu iddianı qəbul etməyərək, izahatında göstərdi ki, o ailə üzvləri-iki övladı və həyat yoldaşı olan Cavabdeh2 ilə birlikdə Balakən rayonunun Meşəşambul kəndində yaşayırlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsindən 0.17 ha həyətyanı torpaq sahəsinə reyestr nömrəsi **********39 olan Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 18 dekabr 2018-ci ildə 0.17 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam, torpaq sahəsinin 16/48 hissəsi İddiaçı, torpaq sahəsinin 3/48 hissəsi X2, torpaq sahəsinin 12/48 hissəsi Cavabdeh1 Hüseynbala oğlunun, torpaq sahəsinin 4/48 hissəsi X11, torpaq sahəsinin 4/48 hissəsi X12, torpaq sahəsinin 9/48 hissəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. O, 1999-cu ilin iyun ayının 18-də Pitimat Tinavasova ilə ailə qurmuşdur. Onunla nikahlarını 25 yanvar 2005-ci ildə 3 nömrə ilə Balakən rayon Meşəşambul kənd İnzibati Ərazi Dairəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından 24 aprel 2001-ci ildə X7, 05 avqust 2004-cü ildə isə X15 adında iki uşaqları olmuşdur. O ailə üzvləri ilə birlikdə 0.17 ha torpaq sahəsində yerləşən 1981-ci ildə tikilmiş ümumi sahəsi 102 kvm olan, 1 mərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evinin bir otağında yaşayırlar. Cavabdeh olan anası İddiaçı evin digər üç otağından ona və ailə üzvlərinə istifadə etmələrinə imkan vermir. X1 20 yaşında, oğlu X15 isə 17 yaşındadır. Onlar doğulduqlarından hal-hazıradək onlarla birlikdə 18.4 kvm-dən ibarət bir otaqda yaşayırlar. Anası isə evin digər üç otağından və koridordan, torpaq sahəsindən, mal-qara üçün nəzərdə tutulan tövlədən istifadə etməyə icazə vermir. Uşaqlar böyüdüyündən 18.4 kvm-dən ibarət bir otaqda qalmaları da mümkünsüzdür. İddiaçının iddia tələbi tam əsassız və qanunsuzdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş, lakin heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən 17.09.2020-ci il tarixdə verilmiş reyestr nömrəsi **********39-10301 olan Çıxarışın surətindən görünür ki, Balakən rayonu Meşəşambul kəndində 0.17 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına tam, torpaq sahəsinin 33/48 hissəsi İddiaçı, torpaq sahəsinin 3/48 hissəsi X2, torpaq sahəsinin 12/48 hissəsi Cavabdeh1 Hüseynbala oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Zaur Xəlilovun 13 may 2020-ci il tarixli HK-1-245 saylı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı onunla birlikdə yaşayan oğlu Cavabdeh1 Hüseynbala oğlu ilə gəlini X4 tərəfindən mütəmadi olaraq hədələndiyi, hal-hazırda mülkiyyətində olan mal tövləsindən istifadə edə bilmədiyi, mal tövləsindən istifadə edəcəyi təqdirdə oğlu ilə gəlininin onu bıçaqla öldürəcəkləri ilə hədələyib onun üstünə hücum etdikləri, oğlu Cavabdeh1 ilə gəlini Pitimat Tinavasova barəsində qanuni tədbir görülməsi barədə şikayəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Zaur Xəlilovun 02 oktyabr 2020-ci il tarixli HK-1-674 saylı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı oğlu Cavabdeh1 Hüseynbala oğlunun ona qarşı qərəzli hərəkətlər etməsi, 21.09.2020-ci il tarixdə ona məxsus olan bir baş malını ağacla döyməsi nəticəsində heyvanın ölməsi, oğlu Cavabdeh1 barəsində qanuni tədbir görülməsi barədə şikayəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə Balakən rayonu Meşəşambul kəndində 0.17 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən İddiaçı tam mülkiyyət hüququ üzrə adına qeydə alınmış fərdi yaşayış evinə, torpaq sahəsinə və orada tikilən mal-qara üçün tövləyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, fərdi yaşayış evi 1981-ci ildə tikilmiş ümumi sahəsi 102 kvm olan, 1 mərtəbəli 4 otaqdan və bir koridordan ibarətdir. Evin iki ayrı-ayrı giriş-çıxışı vardır. Cavabdehlər uşaqları ilə birlikdə 18.4 kvm-dən ibarət bir otaqda yaşayır. Fərdi yaşayış evinin üç otağı isə İddiaçı istifadəsindədir. Evin tualeti evdən kənarda-həyətyanı sahədə yerləşir. Həmçinin evin İddiaçı yaşayan otaqlarına ayrıca girişçıxış qapısı vardır. Torpaq sahəsi ümumi istifadədədir. Orada yerləşən mal-tövləsindən isə iddiaçının istifadə etdiyi, tövlədə ona məxsus mal-qara və ot presləri olduğu müəyyən edildi. İş materiallarından həmçinin görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hazırkı işlə bağlı tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan Hüquqlarının və X6 X5 dair 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Məhkəmə iclasında tərəflərin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayonu Meşəşambul kəndində 0.17 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına tam mülkiyyət hüququ, torpaq sahəsinin 33/48 hissəsi İddiaçı, torpaq sahəsinin 3/48 hissəsi X2, torpaq sahəsinin 12/48 hissəsi Cavabdeh1 Hüseynbala oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Balakən rayonu Meşəşambul kəndində 0.17 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi 1981-ci ildə tikilmiş ümumi sahəsi 102 kvm olan, 1 mərtəbəli 4 otaqdan və bir koridordan ibarətdir. Evin iki ayrı-ayrı giriş-çıxışı vardır. Cavabdehlər uşaqları ilə birlikdə 18.4 kvm-dən ibarət bir otaqda yaşayır. Fərdi yaşayış evinin üç otağı isə iddiaçının istifadəsindədir və həmin otaqlara giriş-çıxış ayrıdır.Torpaq sahəsi ümumi istifadədədir. Orada yerləşən mal-tövləsindən isə iddiaçının istifadə etdiyi, tövlədə ona məxsus mal-qara və ot presləri olduğu müəyyən edilmişdir. Lakin iddiaçı iddia edir ki, cavabdehlər iddiaçının qanuni mülkiyyətində olan fərdi yaşayış evindən, torpaq sahəsindən və mal-qara üçün nəzərdə tutulan tövlədən istifadə etməsinə imkan vermirlər. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X10 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla);daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasada, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyun 2011-ci il tarixli qərarında göstərilir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericilyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». Göründüyü kimi, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. İddiaçı fərdi yaşayış evindən, torpaq sahəsindən və mal-qara üçün nəzərdə tutulan tövlədən istifadə etməsinə olan cavabdehlər Cavabdeh1 Hüseynbala oğlu və Cavabdeh2 tərəfindən maneələr yaradılmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəis) bu vəzifə iddiaçının üzərinə düşür. İşdəki sübutlardan isə əksinə görünür ki, İddiaçı iddia predmetini təşkil edən Balakən rayonu Meşəşambul kəndində 0.17 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən, həyətyanı torpaq sahəsindən və mal tövləsindən istifadə edir. Belə ki, 1981-ci ildə tikilmiş ümumi sahəsi 102 kvm olan, 1 mərtəbəli 4 otaqdan və bir koridordan ibarət evin üç otağı iddiaçının istifadəsindədir və iddiaçının həmin otaqlara giriş-çıxışı ayrıdır. İddiaçı həmçinin ümumi istifadədə olan torpaq sahəsindən və mal-qara tövləsindən də istifadə edir. İş üzrə cavabdehlər tərəfindən İddiaçı sözügedən evdən, torpaq sahəsindən və tövlədən istifadəsinə hər hansı maneçiliklər yaradılması sübut olunmur və iddiaçı da belə bir sübuu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia heç bir faktoloji və hüquqi əsaslara malik deyildir və tam əsassızdır. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericilikdən göründüyü kimi, şəxslər məhkəmə müdafiəsindən istifadə etmək hüququna bu şərtlə malikdirlər ki, onların hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması qanunla nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, iddianın təmin edilməsi üçün faktiki və hüquqi əsasların olmadığını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Hüseynbala oğluna və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 Hüseynbala oğlu və Cavabdeh2 tərəfindən fərdi yaşayış evindən, torpaq sahəsindən, mal-qara üçün nəzərdə tutulan tövlədən istifadə etməsinə olan maneələrin aradan qaldırılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin77.1-ci maddəsinə görə hər bir tərəf öz və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyaaraşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan,həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Hüseynbala oğluna və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 Hüseynbala oğlu və Cavabdeh2 tərəfindən fərdi yaşayış evindən, torpaq sahəsindən, mal-qara üçün nəzərdə tutulan tövlədən istifadə etməsinə olan maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar